Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

'Qarabağdakı Rusiya hərbçiləri istəsəydilər, onu oradan çıxarardılar'


Ruben Vardanyan
Ruben Vardanyan

Sentyabrın 27-də tanınmayan "Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri" Ruben Vardanyan Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, o, artıq terrorçuluğu maliyyələşdirmə və başqa bir sıra ağır cinayətlərdə şübhəli sayılaraq həbs edilib.

İttihama, hələlik, onun və yaxınlarının münasibəti bəlli deyil. Amma sentyabrın 27-də saxlanarkən onun həyat yoldaşı Veronika Zonabend bunları demişdi: "Ərim, xeyriyyəçi, işadamı və Artsaxın (Qarabağ) keçmiş dövlət naziri Ruben Vardanyan bu səhər Azərbaycan hakimiyyəti tərəfindən sərhəddə həbs olunaraq əsir götürülüb. O, Azərbaycan işğalından qaçan minlərlə digər erməni ilə birlikdə Artsaxı tərk etməyə çalışırdı...".

Ruben Vardanyan haqqında...

Milyarder R.Vardanyan Moskvadan Qarabağa 2022-ci ilin noyabrında gəlib. O, Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşlığını alıb. Özü Qarabağa köçməsini yerli əhaliyə yardım edəcəyi ilə əlaqələndirib. R.Vardanyanın bu addımını sanksiyalardan boyun qaçırmaq niyyəti ilə əlaqələndirənlər də olub. Amma bəzi təhlilçilər də onun Ermənistan Baş naziri Nikol Paşinyanın yerini tutmaq üçün Rusiya hökuməti tərəfindən göndərildiyini iddia etmişdilər.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebeli qəbul edərkən də R.Vardanyandan söz açmışdı: "Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

R.Vardanyan isə, öz növbəsində, Azərbaycan prezidentinin səsləndirdiyi həmin bəyanata cavab verərək demişdi ki, Əliyevin Artsaxla (Qarabağ) birbaşa dialoqa başlamaq istəyini alqışlayır.

Vardanyan məmnun olduğunu bildirib ki, onun Qarabağa gəlişi Bakıya böyük təsir göstərib. Onun sözlərinə görə, Azərbaycanın başa düşməsi mühümdür ki, Qarabağ tək deyil, Qarabağın yanında nüfuz, əlaqə və təcrübəyə malik insanlar var.

R.Vardanyanın həbsindən sonra onun taleyi və həmin həbsinin nəticələri ilə bağlı müzakirələr gedir. Bəziləri düşünür ki, Rusiya onu azad etməyə çalışacaq. Bir qisim insanlar isə düşünür ki, Rusiyanin razılığı olmadan o, həbs edilə bilməzdi.

E.Nəsirov
E.Nəsirov

"Onun Rusiyaya təhvil verilməsi…"

Milli Məclisin deputatı Elman Nəsirov "Turan"a bildirib ki, R.Vardanyan son zamanlar Qarabağda vəziyyətin gərginləşdirilməsində xüsusi rol oynayıb.

Deputat xatırladıb ki, R.Vardanyan Rusiya vətəndaşlığından imtina edib: "Belə olan vəziyyətdə onun Rusiyaya təhvil verilməsi ilə bağlı məsələnin qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. Ona qarşı istintaq hərəkətləri başlanılacaq və indiyə qədər onun Qarabağdakı hərəkətlərinə qiymət veriləcək. Hesab edirəm ki, o, hüquqi müstəvidə ən sərt cəzaya layiq görüləcək".

E.Nəsirovun fikrincə, R.Vardanyanın həbsi hazırda Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni icması arasında gedən dialoqa mənfi təsir göstərməyəcək: "Çünki biz dialoqu separatçılarla aparmırıq. Biz dialoqu Qarabağda olan erməni icmasının o nümayəndələri ilə aparırıq ki, onların heç bir halda separatizmlə əlaqəsi olmasın və Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətini ortaya qoyublar".

Ə.Oruclu
Ə.Oruclu

"Dialoq davam edəcək"

Siyasi şərhçi Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, R.Vardanyanın həbsi erməni icması ilə gedən danışıqlara təsir etməyəcək: "Çünki Vardanyan əslində kölgə fiqur idi və indiki qondarma rejimdə heç bir rəsmi şəxs deyildi. Ona görə dialoq davam edəcək. Danışıqların taleyi isə ondan asılı olacaq ki, bölgəni nəzarət edən Rusiya hərbçiləri və Rusiya hökuməti qondarma rejimin nümayəndələrinə hansı tapşırıqlar və təlimatlar verəcək".

R.Vardanyanın Rusiyaya təhvil verilməsinə gəlincə, ekspert hesab edir ki, bu, tamamilə mümkündür: "Qarabağdakı Rusiya hərbçiləri istəsəydilər, onu oradan çıxarardılar. Görünür ki, burada da hansısa plan var. Üstəlik də, Rusiya Vardanyandan qəhrəman düzəldərək çalışacaq ki, onu separatçı qurumun başına gətirsin".

Son baş verənlər

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri" başladaraq Ermənistan silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Sentyabrın 28-də Qarabağ separatçılarının lideri Samvel Şahramanyan tanınmamış "Dağlıq Qarabağ (Artsax) Respublikası"nın buraxılması barədə sərəncam imzalayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG