Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

Rubl və lirənin ucuzlaşması davam edir


Rusiya rublunun dünyanın aparıcı valyutalarına nisbətdə məzənnəsi 10 gündür ki, düşməkdə davam edir.

Bugünlərdə 1 avro 86 rubl həddinə yüksəlib, 1 dollar isə 73 rubldan bir qədər baha olub.

İyulun 31-də Moskva birjasında dolların kursu daha 86 qəpik qalxıb.

Bu, mayın 14-dən bəri ən yüksək göstəricidir. Avronun kursu isə mart ayından bəri ilk dəfə olaraq 87,67 rubla bərabər olub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, rublun dəyərsizləşməsi dividendlər mövsümünün başa çatması fonunda müşahidə edilir.

Beləki, xarici investorlar Rusiya şirkətlərinin dividendlərinin konvertasiya olunması üçün valyuta alırlar.

İyulun son günlərində investorların dividendlərini Gazprom, Lukoil və Surgutneftegaz kimi nəhənglər ödəyirlər.

İnvestorlar Rusiya bazarından çəkilir

Finanz.ru yazır ki, daha normal vaxtlarda pulları Rusiya bazarında təkrar investisiya məqsədilə rublda saxlamaq olardı, amma indi investorlar riskə girmək istəmirlər.

Koronavirus epidemiyasının ikinci dalğasından və yeni sanksiya zərbələrindən narahat investorlar Rusiya bazarından çəkilməkdədirlər.

Ekspertlər deyirlər ki, rublun dəyərsizləşməsi belə çəkilmələrin nəticəsi kimi də qiymətləndirilə bilər.

Üstəlik ABŞ, Hindistan, Avstraliya, Braziliya və Avropada koronavirusa yoluxanların sayı artmaqdadır.

RIA Novosti agentliyinin ekspertləri bildirirlər ki, rublun zəifləməsinin əsas səbəbi ABŞ-ın yeni sanksiyalarının gözləntisidir.

Məqsəd büdcəni “yamamaqdır”

Kommersant qəzeti ekspertlərinin fikrincə, Mərkəzi Bankın əsas uçot dərəcəsini azaltması rublun cəlbediciliyini azaldır.

Rusiya banklarının verdiyi kreditlər bir qayda olaraq əsas uçot dərəcəsindən asılı olur.

Bu rəqəmin azaldılması banklar üçün rublu ucuzlaşdırır, lakin iqtisadiyyatın sürətini artırır.

Buna baxmayaraq ekspertlərin fikrincə, Rusiya Mərkəzi bankı uçot dərəcəsinin azaldılmasında getdikcə ən aşağı mümkün həddə yaxınlaşıb.

Meduza qəzeti bildirir ki, rublun ucuzlaşdırılması Mərkəzi Bankın düşünülmüş siyasətidir.

Ekspertlər bunu da bildirirlər ki, rublun devalvasiyasına yönələn addımları ilə hökumət, 2020-ci ilin nəticələrinə görə kəsirinin 4-5 trilyon rubl olması gözlənilən büdcəni “yamamağa” çalışır.

Onlar deyirlər ki, dolların ucuzlaşması büdcəyə əlavə gəlir gətirir.

Hökumət üçün rublun ideal kursu dollara nisbətdə 80-82 rubl, avroya nisbətdə isə 95-100 rubldur.

Türkiyə lirəsi də ucuzlaşır

Bu arada ekspertlər Türkiyə lirəsinin də ucuzlaşmaqda davam edəcəyini gözləyirlər.

Buna baxmayaraq, onların firkincə, 2018-ci ilin böhranı təkrar olunmayacaq.

FXStreet-in məlumatına görə Türkiyədə lirənin məzənnəsi hökumət inflayasiya ilə bağlı stabilləşdirici tədbirlər görənədək düşməkdə davam edəcək.

Ekspertlər bildirirlər ki, hazırda 2018-ci illə müqayisədə lirə ilə alış-verişə nəzarət var. Bununla belə ekspertlərin fikrincə lirənin ümumi dəyərsizləşməsi dayanmayacaq.

İyulun 30-da 1 dolların qiyməti 7 lirəyə yüksəlib. Bu, may ayından bəri lirənin ən ucuz qiymətidir.

Bu həftənin əvvəllərində Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsinin inflyasiyanın yavaşıdılması üçün kifayət edəcəyini bildirib.

Ekspertlər deyirlər ki, lirənin məzənnəsindəki təlatümlər hökumətin əhali üçün ucuz kreditlərin saxlanmasına yönəlik siyasətidir.

Bu isə o deməkdir ki, lirənin qiymətini şərtləndirən həm də siyasi faktorlardır.

XS
SM
MD
LG