Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Rusiyada müharibəyə getmək istəməyən miqrantların vətəndaşlıqdan məhrum olunması təklif edilib


Aleksandr Bastrıkin
Aleksandr Bastrıkin

Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədikləri halda Rusiya pasportu almış miqrantların vətəndaşlıqdan məhrum edilməsini təklif edib:

"Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”.

Kremlin əməkçi miqrantları müharibəyə göndərməsi bir il bundan əvvəl məlum olub.

Hüquq müdafiəçisi Valentina Çupik 2022-ci ilin oktyabrında bildirmişdi ki, Moskvadakı Saxarovo miqrasiya mərkəzində miqrantlara müharibədə iştirak üçün kontraktlar imzaladırlar.

2023-cü ilin avqustunda isə Rusiyanın bir sıra regionlarında hüquq-mühafizə işçilərinin reydlər keçirərək Rusiya pasportu almış, amma hərbi uçota dayanmamış kişiləri axtardıqları xəbər verilmişdi.

Bildirilirdi ki, polis belələrini aşkar edən kimi onlara çağırış vərəqəsi təqdim edir və hərbi komissarlığa aparır.

Həm də qadın miqrantlar

Daha sonra isə məlum olmuşdu ki, Rusiyada Ukrayna müharibəsinə təkcə kişi miqrantları deyil, həm də qadınları cəlb etməyə çalışırlar.

Söhbət əsasən də Qırğızıstandan və Mərkəzi Asiyanın başqa ölkələrindən olan qadın miqrantlardan gedirdi. Onlara Ukraynanın işğal olunmuş ərazilərində və ya birbaşa cəbhə xəttində aşpaz və ya tibb bacısı maaşları vəd edilirdi.

“Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanunun yeni redaksiyasında hərbi xidmətdən yayınmağa görə vətəndaşlıqdan məhrum edilməsinə dair düzəlişi prezident Vladimir Putin aprel ayında imzalayıb.

Vətəndaşlığın ləğvinə əsas verən başqa müddəalar isə şəxsin kütləvi iğtişaşlarda iştirakını, mitinqlər haqqında qanunu dəfələrlə pozmasını, “xarici agent” qanununu yerinə yetirməməsini, fərarilik etməsini, Rusiya ordusunu gözdən salan saxta məlumatları yaymasını nəzərdə tutur.

Sənəddə bu da qeyd olunur ki, Rusiyada doğulmamış şəxslərin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarları daxili işlər orqanları və ya onların regional idarələri qəbul edir.

Qanuna görə vətəndaşlıqdan məhrum edilmiş şəxslər üç ildən tez olmayaraq vətəndaşlığa qəbul üçün təkrar müraciət edə bilərlər.

Rusiya Federasiyası Konstitusiyasına görə Rusiyada doğulmuş şəxslər vətəndaşlıqdan məhrum edilə bilməzlər.

XS
SM
MD
LG