Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:51

Belaruslu prankçı 'xarici düşmənlər'dən qoruyan papaq hazırlatdırmaqla rusiyalı müəllimləri ələ salıb


Voronej vilayətində bir məktəbdə müəllimləri aldadaraq "qoruyucu" folqa papaqlar geyindiriblər.
Voronej vilayətində bir məktəbdə müəllimləri aldadaraq "qoruyucu" folqa papaqlar geyindiriblər.

Belaruslu prankçı (zarafatcıl adam anlamında -red.) Vladislav Boxanın rusiyalı məktəb müəllimləri ilə son məzəli davranışı əks-səda doğurub. O, özünü hakim "Vahid Rusiya" partiyasının deputatı kimi tanıdaraq həmin partiyanın rəsmi blankı üzərində ayrı-ayrı məktəblərə "göstərişlər" ünvanlayıb.

Bu göstərişlərə görə, tədris işçiləri folqa kağızından "Vətən dəbilqələri" düzəltməli idilər. O, folqa kağızından istifadənin səbəbini "məkrli NATO-çuların rus xalqını fiziki və bioloji baxımdan şüalandırmaq istəyinə" dirənişlə izah edib.

İnandırıcılıq üçün Boxan süni intellektdən yararlanaraq "yarışma" tələblərini məmur səsi ilə canlandırıb. Yarışmaya qatılmaqdan imtinanın fəsadlara səbəb olacağını da söyləyən prankçı iştirakçılara papaqların hazırlanma təlimatlarını paylayıb: "Qoy öz əllərinizlə düzəltdiyiniz dəbilqə gözəl ölkəmizin xarici düşmənlərdən qorumaq vasitəsinə çevrilsin",- Boxan videosunda belə deyib.

"Həm həzz alıram, həm də sarsıntı keçirirəm"

Prankçının tələblərini Voronej bölgəsindəki yeddi məktəbin müəllimləri yerinə yetirib. Onlar "NATO peyklərindən qorunmaq üçün" folqadan papaq hazırlanması üçün ustad dərsləri keçiriblər. Bu bir yana, üzərində Rusiya bayrağı əks olunan papaqlarla foto və videolar çəkib sosial şəbəkədə paylaşıblar. Bəziləri "yarışma"nı elə ciddi sayıb ki, qatıldığına görə "təşkilatçı"dan sertifikat və diplom tələb edib. Digərləri bu papaqların kosmosdan "faydalı" vibrasiyanı özünə çəkdiyini, təlaş hissini azaltdığını və həyat enerjisinin sızmasını önlədiyini söyləyiblər.

Bir məktəbin keçmiş şagirdləri müəllimlərin "yarışma"ya qatılmasına birmənalı yanaşmayıblar. Bəziləri onlara bəraət qazandıraraq bu addıma getmələrini "yuxarı"dan gələn mənasız tapşırıqlara öyrəşdikləri, məktəbi yoxlama və qapadılmadan qorumaq istəyi ilə əlaqələndirirlər. Digərləri müəllimələrini lağa qoyaraq "sabah alt paltarlarını başlarına keçirməyi əmr etsələr, bunu da edəcəklər" deməkdən özlərini saxlamayıblar.

Sözügedən məktəblərin bir neçəsi yayılan bilgilərin saxta olduğunu desə də, qalanları "ustad dərsləri"nin keçirildiyini təsdiqləyib.

Vladislav Boxan
Vladislav Boxan

"Yüksək icraçılıq və yaradıcı yanaşma"

"Yarışma"nın ertəsi günü Voronej vilayətinin təhsil qurumu papaq hazırlayan müəllimələri "vətənpərvər" əhval-ruhiyyəyə görə tərifləyib. Bununla belə, müəllimlərin yüksək icra və yaradıcı yanaşma qabiliyyətlərini vurğulayan məmurlar onların gerçək partiya təşəbbüsünü yersiz zarafatdan fərqləndirə bilmədiyindən məyusluq hissi keçiriblər: "Bu, müəllimlərin bölgədəki insanların güvənliyinə göstərdiyi ayrıca diqqətdən qaynaqlanır".

Sosial şəbəkə istifadəçiləri hakim partiyanın yarıciddi, yarıməzəli təşəbbüslərinin adi zarafatdan heç nə ilə fərqlənmədiyini söyləyiblər.

Bu, Boxanın Rusiya məktəblərində gerçəkləşdirdiyi ilk ələsalma aksiyası deyil. Ötən il özünü "xüsusi hərbi əməliyyat" iştirakçısı kimi təqdim edən prankçı Arxangelsk vilayətindəki iki məktəb rəhbərliyini üzərində onun soyadı olan seçkiqabağı təşviqat materiallarını tədris ocaqlarında yerləşdirməyə inandıra bilmişdi.

O, başqa bir zarafatında deputat olduğunu deyərək bir neçə məktəb işçisini rəsmi Kremlin pislədiyi Ukrayna partizanlarının lideri Stepan Banderanın foto və deyimləri əksini tapan doğum günü təbriki mesajları hazırlayıb prezident Vladimir Putinə göndərməyə inandırmışdı.

2022-ci ildə isə Klin şəhərindəki məktəbdə faşist Almaniyasının "əmək insanı azad edir" şuarından yararlanaraq "Vahid Rusiya" partiyası adından təmizlik aksiyası gerçəkləşdirmişdi.

Pranker məktəbləri aldadaraq Putinə ukraynalı millətçinin şəkli olan ad günü təbriki göndərtdirib
Pranker məktəbləri aldadaraq Putinə ukraynalı millətçinin şəkli olan ad günü təbriki göndərtdirib

"Hamı belə yaşayır"

Pedaqoq Sergey Çernışovun fikrincə, sözügedən zarafat Rusiyada "çürümüş, düşünməyə qənim" sistemin mövcudluğunu üzə çıxarır. Onun sözlərinə görə, bu sistemdə insanlar rəhbərliyin hər hansı əmrinə əməl etməyə hazırdırlar, axı ondan qorxurlar və öz mövqeləri yoxdur. "Nazirdən tutmuş, adi müəllimədək hamı belə yaşayır" - məktəblərdə hərbi vətənpərvərlik təbliğatı baxımından müəllimlərin kollektiv məsuliyyətinə dair araşdırmalar aparan pedaqoq və tarixçi alim Çernışovun sözləridir.

Zarafatcıl Boxan deyir, aksiyalarını keçirməkdə məqsədi insanları hansı reallıqda yaşadıqlarını və nə etdiklərini düşünməyə məcbur etməkdir. Məhz müəllimləri seçməsinin səbəbisə onların artıq-əskik sual verməməsidir: "Rusiya və Belarusda təhsil sistemi məhz belə qurulub".

Rusiyada zarafatları gerçəkləşdirməyin daha asan olduğunu deyən Boxan öz qurbanlarına acımır: "Onların özü bu taleyi seçib, totalitar sistemi dəstəkləyir".

Minskdə məktəb müəllimi çalışmış Boxan prezident Aleksandr Lukaşenkoya qarşı etirazları dəstəklədiyi üçün həbs edilmişdi. Ölkəsini tərk etməyə məcbur qalan prankçının Telegram sosial şəbəkəsindəki kanalı Belarusda ekstremist sayılır.

XS
SM
MD
LG