Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Üç günə keçirilən ‘bircə günlük’ seçki


Kamçatkada erkən səsvermə başlanıb
Kamçatkada erkən səsvermə başlanıb

Ötən il 18 qubernator yerindən 7-də “hakimiyyətin namizədi səslərin 80 faizindən çoxunu”, 6-da isə 70 faizdən çox səs qazanmışdı

Zarafatla deyirlər ki, Sovet İttifaqında dünyanın ən böyük mikrosxemləri və ən sürətli qol saatları istehsal olunurdu. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Maykl Skollon yazır ki, indi Rusiya da “bircə günlük seçki”ni üç günə keçirmək hüququna iddia edə bilər.

Son illər Rusiyada yerli, regional, parlament seçkiləri bəzən birləşdirilib. Ötən il region parlamentləri və 18 qubernatorun seçilməsi sentyabrın ikinci bazar gününə salındı. Bu ilsə Dövlət Dumasına, bəzi qubernator və mer postlarına seçkilər sentyabrın üçüncü bazar gününə keçirilib. Bu il seçkilər sentyabrın 17-si, 18-i və 19-da baş tutacaq.

Pamfilovanın təklifi

Üçgünlük səsvermənin qərarlaşdırılmasından isə, tənqidçilərin fikrincə, hakim Vahid Rusiya partiyası qazanacaq.

Ötən ilki referendumda Prezident Vladimir Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açan konstitusiya dəyişiklikləri qəbul olundu. O zaman səsvermə iyunun 25-dən iyulun 1-dək keçirildi.

Bundan sonra Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova sentyabr seçkisi üçün iki əlavə gün istədi.

“Bu bizim şıltaqlığımız deyil, zamanın tələbidir”, – deyən Pamfilova bununla seçki məntəqələrinin çox qələbəlik olmayacağını, COVID-19-un yayılmasının önlənəcəyini vurğulayırdı.

Hakimiyyət namizədlərinin qalib gəldiyi seçki

Üç günə keçirilən seçkidən sonra müstəqil media məsələni “qazımağa” başladı.

“Hamı qalib gəlib! Rusiyanın yeni üçgünlük səsvermə sxemi vəzifədə olan qubernatorlara böyük qələbə qazandırıb”, – Meduza yazırdı. Bundan cəmi yeddi ay sonra isə bu onlayn xəbər portal “xarici agent” qrupuna salındı.

18 qubernator yerindən 7-də “hakimiyyətin namizədi səslərin 80 faizindən çoxunu”, 6-da isə 70 faizdən çox səs qazanmışdı.

“Başqa sözlə, Rusiya rəsmilərinin seçkini üç günə uzatmaq qərarından hakimiyyətin namizədləri qazandı”, – portal yazırdı.

Sentyabrın 17-də başlanacaq Dövlət Duması, qubernator və mer seçkiləri də oxşar narahatlığa səbəb olub.

ATƏT nə deyir

ATƏT-in ehtiyacların dəyərləndirilməsi missiyası pandemiya vaxtı adamları bir yerə yığmağın çətinliklərini etiraf edir. Missiyanın bəzi üzvləri seçki müddətini uzatmağı seçki məntəqələrinə insan axınını azaltmaq şansı kimi görürdü.

Digərlər isə bir neçə günlük seçki zamanı seçki materialının gecələr təhlükəsiz saxlanmasından narahatlıq bildirib, bunun prosesin bütövlüyü və şəffaflığına təsir göstərə biləcəyini vurğulayıb.

ATƏT seçkiyə 80 uzunmüddətli, 420 qısamüddətli müşahidəçi göndərmək istəsə də Rusiya hakimiyyəti koronavirusdan dolayı onlardan yalnız 60-nı qəbul etməyə razılıq verdi. Bundan sonra ATƏT seçkini izləməmək qərarı verdi.

Qurumun sözçüsü Katya Andrusz bu həftə AzadlıqRadiosu-na bildirib ki, pandemiyaya bağlı heç bir məhdudiyyət ATƏT-in tam seçki müşahidə missiyasının yerləşdirilməsinə önləyə bilməzdi.

Üç gün və ATƏT-siz keçiriləcək seçki hazırda populyarlığı xeyli aşağı olan Vahid Rusiyanın mövqeyini gücləndirə bilər, bəzi müşahidəçilər belə düşünürlər.

Üçgünlük səsvermə “vicdanlı seçkiyə böyük təhdiddir”, çünki onsuz da məhdud sayda olan müşahidəçilərin prosesi izləməsi üç qat çətinləşir, bunu isə seçicilərin hüquqlarını müdafiə təşkilatı Golos-un lideri Stanislav Andreyçuk yazır.

XS
SM
MD
LG