Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:43

Rusiyada delta ştammının yeni variantı aşkarlanıb


Rusiyada koronavirus xəstələri
Rusiyada koronavirus xəstələri

Avropanın Dərman Agentliyi (EMA) ilin sonunadək Rusiyanın koronavirusa qarşı Sputnik V vaksinini təsdiqləyə bilməyəcək

Rusiyada koronavirusun delta ştammının yeni variantına yoluxmalar aşkarlanıb. Bu haqda “Rospotrebnadzor” rəsmisi Kamil Hafizov məlumat verib.

Ekspertin sözlərinə görə, hazırda bu mutasiyanın yoluxmaya görə digərlərindən nə dərəcədə fərqləndiyi öyrənilir. O, yeni variantın Rusiyada və dünyada yayılma ehtimalının böyük olduğunu, onun qarşısını yalnız vaksinasiya ilə almağın mümkünlüyünü vurğulayıb.

10 faiz daha çox yoluxucu

Hafizov Rusiya vaksinlərinin AY.4.2.-yə qarşı yetərincə effekt göstərdiyini qeyd edib.

Böyük Britaniyanın Səhiyyə Naziri Sacid Cavid də delta ştammının yeni variantının yayıldığını, ölkə üzrə yoluxmaların 10 faizə yaxınının bu variantla bağlı olduğunu deyib. Ancaq alimlər bu variantın daha yoluxucu olduğunu düşünmürlər.

“Nisbətən yoluxucu ştamm ola bilər Amma onu alfa, yaxud delta ştammları ilə müqayisə etmək belə mümkün deyil. Onlar 50-60 faiz daha yoluxucu idilər. Bu variant maksimum 10 faiz daha çox yoluxucu ola bilər”, – London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballu deyib.

Rusiyada sentyabrın ortasından yoluxmalar sürətlə artır. Oktyabrın 30-dan noyabrın 7-dək ölkədə qeyri-iş günləri elan olunub.

Sputnik V nə zaman təsdiqlənəcək

Avropanın Dərman Agentliyi (EMA) ilin sonunadək Rusiyanın koronavirusa qarşı Sputnik V vaksinini təsdiqləyə bilməyəcək. Bu haqda “Reuters” mənbəyə istinadla yazır. Mənbə deyib ki, Rusiya preparatının təsdiqlənməsi üçün bəzi vacib məlumatlar çatışmır.

Rusiya datanı noyabrın sonunadək təqdim eləsə, agentlik gələn ilin birinci rübündə qərar qəbul edə bilər, mənbə deyib.

Dünya Səhiyyə Təşkilatı da sentyabrda Sputnik V-nin təcili istifadəyə təsdiqlənmə prosesinin dayandırıldığını bildirmişdi. Ancaq qurum oktyabrın 20-dən prosesi bərpa edib.

Ukrayna

Ukraynada COVID-19-a yoluxma və ölüm hallarında rekord yaşanır. Oktyabrın 21-də son 24 saat ərzində 22 min 415 yoluxma, 546 ölüm aşkarlandığı açıqlanıb.

41 milyon əhalisi olan Ukraynada pandemiya indiyədək 62 min nəfərin həyatına son qoyub.

Ukrayna hakimiyyəti COVID-ə qarşı qadağaları sərtləşdirməyə başlayıb, son günlər “adaptiv karantin” sistemindən danışırlar.

ABŞ

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) isə COVID-19-a Moderna və Johnson & Johnson (J&J) vaksinlərinin buster dozalarının vurulmasına icazə verib. Qurum bildirib ki, buster kimi ilkin dozalardan fərqli vaksin seçilə bilər.

Oktyabrın 20-də açıqlanmış qərar milyonlarla amerikalının koronavirusa qarşı əlavə qoruma əldə etməsinə yol açır. Çünki araşdırmalar vaksinin effektinin zamanla azaldığını göstərir.

FDA daha öncə yaşı 65 və yuxarı, risk qrupunda olanlara vaksinasiyadan azı altı ay sonra Pfizer/BioNTech vaksininin gücləndirici dozasını vurmağa icazə verib.

Səhiyyə orqanları 65 milyon amerikalının hələ də peyvənd vurdurmadığını deyirlər.

Xoş xəbərlər

Dünyanın bəzi yerlərindən koronavirusla bağlı xoş xəbərlər də gəlir. Melburn sakinləri oktyabrın 21-də uzunmüddətli lokdaundan çıxırlar. Avstraliyanın Viktoriya vilayətinin artıq vaksinasiya hədəfinə çatdığı deyilir. 5 milyon əhalisi olan şəhər 262 gün, doqquz aya yaxın evdən çıxmamaq göstərişinin qüvvədə olan rejimdə yaşayıb. Bundan əvvəlki rekord Buenos Ayresə məxsusdur, 234 gün lokdaunda qalmışdı.

Hindistan isə oktyabrın 21-də 1 milyardıncı dozanın vurulduğunu açıqlayıb. Nyu Dehli bu uğuru qeyd edir.

Hökumət bu il 944 milyon yetkin yaşlının peyvənd olunmasını istəyir. İndiyədək 75 faizə azı bir doza, 31 faizə hər iki doza vurulub.

XS
SM
MD
LG