Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Rusiya Hərbi Dəniz Qüvvələrinin yenidən quru dok problemi var


Sevastopolda Ukraynanın raket hücumu nəticəsində vurulan gəmi təmiri zavodundan tüstü qalxır.
Sevastopolda Ukraynanın raket hücumu nəticəsində vurulan gəmi təmiri zavodundan tüstü qalxır.

Beş il öncə Rusiyanın Şimal Buzlu okean sahilindəki limanı Murmansk yaxınlığında nəhəng üzən quru dok – təmir karxanası qəflətən batdı. Dok batarkən, Rusiya donanmasının flaqmanı "Admiral Kuznetsov" hərbi təyyarədaşıyan gəmisini də, az qala, özü ilə aparacaqdı.

Olay Rusiya donanması üçün ciddi başağırısına çevrildi, axı FD-50 adlı bu quru dok "Admiral Kuznetsov" kimi nəhəng gəmilərə, yaxud "Pyotr Veliki" kimi döyüş kreyserlərinə xidmət etməyə qadir çox az sayda təmir karxanasından biri sayılırdı. Ən yaxın məsafədə olan növbəti quru dok 10 min kilometr şərqdə - Sakit okean sahilindəki Primoryedə idi.

Batan doku sudan çıxarmaq planları dartışılsa da, üzən karxana hələ də Barens dənizində - buxtanın dibində qalmaqdadır.

İndi Rusiyanın daha bir quru dok problemi yaranıb

Bu dəfə Qara dəniz donanmasının ana limanı olan Sevastopolda - işğal edilmiş Krım yarımadasında.

"Sevmorzavod" təmir müəssisəsində iki bitişik dok sentyabrın 13-də vurulub. Xəbərlərdə onların Britaniyadan alınmış kreyser raketləri ilə vurulduğu, təmirdəki, azı, iki gəminin, o sıradan bir sualtı qayığın zədələndiyi bildirilir. Di gəl, hücum nəticəsində gəmilərlə birgə dokların da zərər görüb-görmədiyi bildirilmir. Bu, müharibənin başlamasından bəri Rusiya donanmasına məxsus bazaya ən iri hücumdur

Rusiya hərbi gəmiləri Qara dənizdə təlimlərdə.
Rusiya hərbi gəmiləri Qara dənizdə təlimlərdə.

Ekspertlərin fikrincə, baş verən olay yaxın gələcəkdə Qara dəniz donanmasının imkanlarını ciddi ölçüdə məhdudlaşdıracaq. Qara dənizin başqa heç bir yerində vurulan doklarla müqayisə edilə biləcək, Rusiya hərbi dəniz gəmilərini təmir etməyə qadir müəssisələr yoxdur.

"Bu hücumun Qara dəniz donanmasının əməliyyatlarına təsiri olacaq, ancaq daha böyük təsir kumulyativ xarakter daşıyır. Bütövlükdə isə Rusiyanın Qara dəniz üzərində nəzarəti tədricən itirdiyini görürəm", - Vaşinqtonda fəaliyyət göstərən Hərbi Dəniz Təhlilləri Mərkəzinin (Centre for Naval Analyses) Rusiya ordusu üzrə mütəxəssis, tədqiqatçı alim Dmitri Qorenburq belə deyir.

Doklara az ziyan dəyib?

Norveçli hərbi təhlilçi, Norveç Kral Hərbi Donanmasının keçmiş zabiti Tur Are İversensə deyir ki, doklara az ziyan dəyib:
"Quru doklar çətin hədəflərdir. Onlara ağır zərər vurmaq çətindir. Güman ki, əsas çətinlik dağııntıları təmizləməklə bağlı olacaq".

Ekspertlər dokların dağıntılardan təmizlənməsinin aylarla sürə biləcəyini deyirlər. İndi əsas sual odur ki, Rusiyanın digər gəmiləri, özəlliklə sualtı qayıqlar təmir edilə biləcəkmi?

Ukraynanın Sevastopol doklarına endirdiyi zərbənin nəticələri
Ukraynanın Sevastopol doklarına endirdiyi zərbənin nəticələri

Təmir uzanarsa

"Təmir işləri uzanarsa, sualtı qayıqlar limanda ilişib qala bilər. Bu isə onları əməliyyatlar üçün əlçatmaz edər və Ukraynanın hücumları qarşısında zəif duruma salar", - Iversen AzadlıqRadiosuna belə deyib.

"Ukraynanın gələcək zərbələri texniki xidmət problemlərini daha da artıra bilər. Onlar Sevastopoldakı əsas obyektlərə ziyan vurarsa, durum ağırlaşar. Ruslarınsa bu vəziyyətdən asan çıxış yolu yoxdur. Başqa bir tərsanənin modernləşdirilərək Sevastopolu əvəz etməsinə çalışmaqsa vaxt aparacaq. Qara dəniz donanmasınınsa müharibənin ortasında o qədər vaxtı yoxdur", - yenə onun sözləridir.

Rusiya 2014-cü ildə Krımı işğal edəndən bəri yarımadada qarnizon və havadan müdafiə sistemləri quraraq möhkəmlənməyə çalışıb, Sevastopolun infrastrukturuna güclü investisiya qoyub. Tarixi hərbi dəniz limanı olan Sevastopol əvvəllər həm Rusiya, həm də Ukraynanın Qara dəniz donanmalarının əsas limanı sayılıb.
Rusiya Krımı ilhaq edərkən, Ukraynanın hərbi donanmasına məxsus Sevastopolda olan-qalan bir neçə gəmini də ələ keçirib.

Qara dənizdə dominant olan Rusiya öz hərbi donanmasından Krım və digər yerlərə canlı qüvvə daşımaq üçün yararlanıb. Ən əsası, gəmilərdən Ukraynanın şəhər və hərbi qüvvələrini kreyser raketləri ilə atəşə tutub.

XS
SM
MD
LG