Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Ukraynanın yeni strategiyası: Səngər qazın, dözün, ABŞ silahlarına ümid bəsləyin...


"1-ci Da Vinçi Qurdları" mexanikləşdirilmiş batalyonunun yeni əsgəri hərbi təlimdə
"1-ci Da Vinçi Qurdları" mexanikləşdirilmiş batalyonunun yeni əsgəri hərbi təlimdə

Sənaye şəhəri Avdeyevkanı ələ keçirmələri Rusiya qoşunlarının son bir ildəki ən böyük uğuru idi. AzadlıqRadiosunun müxbiri Mayk Ekelin məqaləsində deyilir ki, həmin hadisədən həftələr keçsə də, ruslar irəliləyir. Bəzi yerlərdə yavaşca, bəzi yerlərdəsə nisbətən sürətlə.

"Durum çox ağır olaraq qalır"

Ukraynalı komandirlərsə səngər, bunker, tank əleyhinə "kirpi" səddi və mina sahələrindən ibarət müdafiə xətləri qurmağa tələsirlər. Bəzi ekspertlər belə işlərin aylar öncə görülməli olduğunu deyir. Hərbi komissarlıq və logistika zabitləri isə tükənmiş və gücdən düşmüş hərbi birlikləri möhkəmləndirməkdən ötrü yeni insanlar cəlb etməkdə çətinlik çəkir.

Ekspertlər deyirlər ki, döyüş meydanında Ukrayna üçün acınacaqlı durum var. ABŞ-dan silah və təchizat göndərilməsində yaranan fasilə durumu daha da ağırlaşdırır. Hərbi analitiklərin fikrincə, Rusiyanın əlinə fürsət düşüb və bunun yaxın gələcəkdə dəyişəcəyi ehtimalı yoxdur.

"Durum Ukrayna ordusundan ötrü çox ağır olaraq qalır. Bu, səfərbərliyin ləngiməsindən, istehkamların yarıtmaz qurulmasından, ötən il aparılan əməliyyatlardakı yanlışlardan, tərəfdaşların vəd etdikləri silah-sursatı çatdırmaması kimi bir çox amillərdən qaynaqlanır", - Ukrayna ordusuna bağlı kəşfiyyat qurumuna cavabdeh keçmiş zabit belə deyir. İstefada olan zabitin hərbi qadağalara görə ictimai açıqlamalar vermək yetkisi olmadığından kimliyi açıqlanmır.

"Əslində bu, çox pisdir. Düşünürəm ki, ukraynalılar rusların irəliləyişini ciddi şəkildə zəiflətmək iqtidarında deyillər. Ruslar yavaş-yavaş, ancaq vaxtaşırı yeni kənd və qəsəbələri tutacaqlar. Bunun blitskriq (ildırım sürətli savaş) olmayacağı dəqiqdir. Ancaq məncə, hazırda ukraynalıların 2022-ci ilin ortalarından bəri ən zəif durumda olduğunu desək, haqlı olarıq", - Polşada yaşayan, ötən həftə Ukraynada cəbhə xətti yaxınlığındakı bir neçə məntəqəyə baş çəkən hərbi analitik Konrad Muzıkanın sözləridir.

Yalnız Qara dənizdə uğur var

Di gəl, Rusiyanın hücumu ilə bağlı bir məsələdə - Qara dənizdə Ukrayna qeyri-adi uğur qazanıb. Döyüş meydanındasa durum fərqlidir.

Döyüş meydanında Ukraynanın ən uğurlu dövrü 2022-ci ilin son aylarında olub. Həmin dövrdə şimal-şərq cəbhəsində Xarkov bölgəsi işğaldan qurtarılıb, cənub cəbhəsində də Dnepr çayının qərb sahilindəki Xerson bölgəsi geri alınıb.

Qərbin müşavir, təlimçi və kəşfiyyatçılarının yol göstərdiyi ukraynalı komandirlər ötən ilin əksər hissəsini Rusiya qoşunlarına qarşı əkshücuma başlamaq üçün yeni ordu strukturları formalaşdırmaqla keçirib və buna üstünlük veriblər. Təlim verilən doqquz yeni briqada NATO silahları ilə təchiz edilib. Bundan başqa, ukraynalı komandirlərin təşkil etdiyi daha beş-səkkiz briqadaya da Qərb silahları verilib.

İyun ayında ozamankı Baş komandan general Valeri Zalujnının əmri ilə Ukrayna ordusu 1200 kilometrlik cəbhə xəttinin üç istiqamətində hücuma başladı. Ancaq hücum gözlənildiyi kimi getmədi.

Rusların general Surovikinin əmri ilə inşa edildiyi üçün "Surovikin xətti" adı verilən istehkamları Ukrayna ordusunun gözlədiyindən daha sərt və mürəkkəb çıxdı. Ukrayna ordu birlikləri qısa məsafələrdə irəliləyərək bir neçə kəndi tutduqdan sonra Orexov şəhərinin cənubundakı Rabotino kimi yaşayış məntəqələrində ilişib qaldı.

İlin sonuna, qışın əvvəlinə doğru Ukrayna qoşunları, Zalujnının "The Economist" jurnalında dərc olunan məşhur müsahibəsində ifadə etdiyi kimi, durğunluq vəziyyətində idi.

Fevralın 17-də Ukrayna ordusu Avdeyevka şəhərinin itirildiyini açıqlayaraq qoşunlarını şəhərdən çıxardı.

Qərb mediasının bəzi xəbərlərində ukraynalıların şəhəri tərk etməsinin xaotik və dağınıq olduğu, hətta çox sayda Ukrayna əsgərinin əsir götürüldüyü bildirilirdi.

Sual doğur: Ötən il niyə müdafiə istehkamları qurulmayıb?

Avdeyevka alınandan bəri Rusiya qoşunları qərbə doğru irəliləyib. Onların irəliləyişi ilk günlərdə sürətli olsa da, son günlərdə yavaşıyıb.

Bəzi ekspertlər Ukraynanın öz müdafiəsini sahmana saldığına, Rusiya ordusununsa Avdeyevkanın tutulması zamanı çox sayda texnika itirməsi üzündən, əsasən, piyada hücumlarından asılı olmasına diqqət çəkir. Bəzi hesablamalara görə, Rusiya döyüşlərdə 600-dən çox ağır texnika - tank, zirehli piyada maşını və s., eləcə də minlərlə əsgər itirib.

Martın 12-də açıq mənbələrdən əldə edilən bilgilər rusların Avdeyevkanın şimal-qərbindəki Orlovka məntəqəsini də ələ keçirdiyini göstərib.

Rusiya ordusu Zaporojye bölgəsində Rabotino yaxınlığındakı, Xarkov bölgəsinin şərq sərhədində Kupyansk yaxınlığındakı, habelə Donetsk bölgəsində Baxmutdan qərbə doğru da Ukrayna mövqelərinə hücum edir.

Avdeyevkanın çöküşündən bir həftə öncə prezident Volodimir Zelenskinin general Zalujnını vəzifəsindən azad etməsi ordu rəhbərliyini qəzəbləndirmişdi. Zalujnının yerinə Ukrayna quru qoşunlarının komandanı general-polkovnik Oleksandr Sırski təyin edildi. Sırski son nəticədə qoşunlara geri çəkilmək əmri verdi.

Sırskinin yerinə quru qoşunlarının komandanı təyin edilən general-leytenant Oleksandr Pavlyuk ötən həftə Ukrayna ordusunun bu il ərzində daha bir hücum gerçəkləşdirəcəyini bildirib.

"Bizim vəzifəmiz cəbhə xəttini mümkün qədər sabitləşdirmək, düşməni mümkün qədər çox itkiyə məruz qoymaq, habelə hücum birləşmələri yaratmaq və bu il əkshücumlar həyata keçirmək ...üçün mümkün qədər çox yenidən qruplaşmaqdır", - Pavlyuk dövlət televiziyasına müsahibəsində belə deyib.

"Əjdaha dişləri" kimi tanınan piramida tipli tank əleyhinə maneələr quraşdırılmazdan əvvəl yoxlanılır.
"Əjdaha dişləri" kimi tanınan piramida tipli tank əleyhinə maneələr quraşdırılmazdan əvvəl yoxlanılır.

Əkshücumun baş tutub-tutmayacağı bilinmir

Özəlliklə ordu rəhbərliyi tələm-tələsik müdafiə istehkamları qurmaqla məşğul olacaqsa. Tənqidçilər deyirlər ki, bu müdafiə xətləri aylar öncə tikilməli idi.

"Müdafiə xətləri niyə ötən il tikilməyib?", – deyə Kiyevdə fəaliyyət göstərən beyin mərkəzinin - Ukrayna Gələcək İnstitutunun təhlilçisi İvan Stupak soruşur və özü də cavablayır: "Çünki 2022-ci ildə biz həyəcanlı idik, qələbələrimizdən çox ilhamlanmışdıq… o üzdən səngər qazmağa ehtiyac görmürdük. Bu, yanlış idi, indi iki daşın arasında bunu etməyə məcburuq. Bəzi yerlərdə - cəbhə xətlərində əsgərlərimiz o səngərləri atəş altında qazmalı olur".

"Qoşun və texnikamızın olduğu yerlərdə mühəndis istehkam qurğuları yoxdursa, onda biz kimi aldatmağa çalışırıq?", - Ukrayna ordusunun keçmiş sözçüsü, hərbi şərhçi Vladıslav Seleznyov AzadlıqRadiosunun "Donbas.Realii" xidmətinə müsahibəsində belə deyib.

"Bu iş yarımil öncə başlamalı idi. Ruslar yarımçıq istehkamlara hücum edib, ukraynalıları ağır duruma sala bilərlər. Tikinti işləri gərəyindən çox geridədir", - Muzıkanın sözləridir.

XS
SM
MD
LG