Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Rusiyada məhkumları müharibəyə göndərmək üçün daha dilə tutmayacaqlar, qanunu dəyişirlər


Hazırda Rusiyada 266 min məhbus var
Hazırda Rusiyada 266 min məhbus var

Bir ildən çoxdur ki, Rusiyanın muzdlu silahlı qrupları və ordusu məhkumları azadlıq qarşılığında Ukraynada döyüşmək üçün dilə tutur. Əlbəttə ki, sağ qalsalar. Müharibənin sonu görünmür, dövlət isə məhbusları orduya cəlb etməyi qanuniləşdirməyə çalışır.

Şimali Arxangelsk vilayətindəki IK-29 təcridxanasına Rusiya Müdafiə Nazirliyinin təmsilçiləri gələndə Artyom Bunyatov artıq muzdlu döyüşçü qruplarının təklifini iki dəfə rədd etmişdi. Onu azadlıq əldə etmək qarşılığında Ukraynada ön cəbhəyə yollamaq istəyirdilər.

31-yaşlı Bunyatov narkotik alverində təqsirli bilinib. Anası Larisa ona xəbərdarlıq edibmiş ki, həbsdə qalan üç ilini çəksin, müharibəyə getməsin. Anası telefonda ona xatırladıb ki, heç hərbi təlim də görməyib.

Müdafiə Nazirliyinin təklifi

Ancaq bu dəfə onu dilə tuta biliblər. Larisa danışır ki, Müdafiə Nazirliyi təmsilçiləri oğluna kriminal tarixçəsini təmizləməyi, Ukraynadan qayıdandan sonra iş vəd ediblər. O da döyüşə yazılıb.

Bunyatov kimi məhbusların ələ alınaraq Ukraynada müharibəyə göndərilməsi praktikasına tezliklə son qoyula bilər. Rusiyanın müharibədə yüz minlərlə itki verdiyi bildirilir, yeni bir səfərbərlik 2024-cü ilin mart prezident seçkisi öncəsi Kremlə siyasi risk yaradır. Buna görə də Moskva səngərləri doldurmaq üçün məhbusların döyüşə cəlbini qanuniləşdirmək istəyir.

Rusiya qanunvericiliyi məhkumların səfərbərliyini qadağan edir. Ancaq Müdafiə Nazirliyi ötən ay bu məhdudiyyətin qanundan çıxarılmasına dair təklif verib. Bu isə on minlərlə məhbusun Ukraynaya göndərilməsini mümkün edə bilər.

266 min məhbus

"Onlar birbaşa həbsxanada səfərbərlik apara bilərlər", – məhbusların hüquqlarını müdafiə edən "Rusiya Barmaqlıqlar Arxasında" qrupunun təmsilçisi AzadlıqRadiosuna deyib.

Təhlükəsizliyə görə adının gizli qalmasını istəyən təmsilçinin sözlərinə görə, qanunvericiliyin qəbulundan sonra həbsxanalarda orduya ilk məhbusun cəlbindən ötrü gərəkən infrastrukturun qurulması bir neçə ay çəkə bilər. Ancaq tamamlanandan sonra "onlar məhbusları ağına-bozuna baxmadan hərbi xidmətə göndərə biləcəklər", – o vurğulayıb.

Hazırda Rusiyada 266 min məhbus var, çoxu da kişilərdir. Bunu ədliyyə nazirinin müavini Vsevolod Vukolov oktyabrın 4-də deyib.

Rusiya ötən ilin fevralında Ukraynanı işğal etməyə başlayandan penitensiarın da qapısını döyüb. Ötən ilin sentyabrında isə ölkədə ümumi səfərbərlik nəticəsində 300 min nəfər müharibəyə cəlb olunub. Bu, yüz minlərlə rusiyalının ölkədən axınına səbəb olub.

Bunyatov isə kritik məqamda Rusiya qüvvələrinin sıralarını dolduran on minlərlə məhbusdan biridir. Onları ağır döyüşlər gedən yerlərə atıblar, böyük itkilər veriblər.

Qərbin kəşfiyyat agentlikləri Ukraynanın şərqi Baxmut şəhərinin ələ keçirilməsi zamanı 20 minədək rusiyalı məhbusun öldürüldüyünü hesablayıb.

Məhbus vs. əsgər itkisi

"Reuters"in ötən həftə dərc etdiyi hesabata görə, "Storm-Z" döyüş birlikləri, əsasən, məhkumlardan və intizamsız əsgərlərdən ibarətdir.

Vaşinqtondakı Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya üzrə hərbi təhlilçisi Dara Massikot deyir ki, Moskva təcrübəli döyüşçü çatışmazlığı ilə üzləşir və hakim orqanlar məhkumları döyüşə atmaqla daha yaxşı təlim görənləri ehtiyat saxlaya bilərlər.

"Onlar, yəqin, düşünürlər ki, "Storm-Z" birliyindən bir məhbusun döyüş itkisini daha rahat idarə edə bilərlər, bu, təcrübəli əsgərin, yaxud səfərbər edilmiş birini itirməkdən daha yaxşıdır. Sonuncular, onların mühakiməsinə görə, Rusiya cəmiyyətinin daha məhsuldar hissəsidir", – o, radioya deyib.

Bunyatov aprelin 14-də həbsdən buraxılıb və hərbi təlim görməməsinə baxmayaraq, mayın əvvəlinədək səngərdə olub. Anası deyir ki, o, ərzaq və su qıtlığından şikayətlənib. Sonuncu dəfə ailə ilə mayın 17-də əlaqəsi olub, onun öldüyünü güman edirlər.

350 min nəfər orduya könüllü yazılıb?

Avqustun ortasınadək 300 minədək Rusiya hərbçisinin müharibədə öldürüldüyü, yaxud yaralandığı bildirilir. Bunu ABŞ kəşfiyyatı deyir.

Müdafiə naziri Sergey Şoyqu oktyabrın 4-də əlavə səfərbərlik olmayacağını açıqlayıb. O, ilin əvvəlindən 350 min nəfərin orduya könüllü yazıldığını iddia edib.

Massikot isə oktyabrın 4-də X platformasında bu rəqəmlərin şişirdildiyini yazıb: "Rusiyada ayda 50 min nəfər Ukrayna müharibəsinə getsəydi, əmin olun ki, onu nə cürsə kütləvi göstərərdilər".

Müdafiə Nazirliyinin təklifini gərək parlament təsdiqləsin və Putin imzalasın. Parlamentin təklifə nə vaxt baxacağı bəlli deyil.

"Bu sxem Federal Penitensiar Xidmət üçün limitsiz korrupsiya fürsətidir. Əvvəl məhkumlar şərti cəza üçün pul verirdilərsə, indi siyahıya düşməmək, müharibəyə getməmək üçün verəcəklər", – "Rusiya Barmaqlıqlar Arxasında" qrupunun təmsilçisi AzadlıqRadiosuna deyir.

XS
SM
MD
LG