Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Rusiya əhalisi miqrant axınına baxmayaraq azalır


2019-cu ilin yanvar-oktyabr aylarında Rusiya əhalisinin təbii azalması 259, 6 min nəfər təşkil edib.

Bu barədə məlumatlar Rusiya statistika idarəsi Rosstatın verdiyi yeni hesabatda açıqlanıb.

Bu o deməkdir ki, Rusiyada son 11 ildə əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) ən yüksək həddinə çatıb.

Bu da bildirilir ki, Rusiyaya 2019-cu ilin yanvar-sentyabrında miqrant axını 193, 2 min nəfər təşkil edib.

Bu axın əhali azalmasının yalnız 81, 6 faizinin qarşısını ala bilib.

Rusiya “demoqrafik çalada”

Təhlilçilər bildirirlər ki, ümumən Rusiyada əhali azalması geniş miqyas alıb.

2019-cu ildə 2018-ci illə müqayisədə doğulanların sayının azalması Rusiya Federasiyasının 82 subyektində qeydə alınıb.

Ümumilikdə isə bu ilin yanvar-sentyabr aylarında ölənlərin sayı, doğulanların sayını 1, 2 dəfə üstələyib.

Rusiya Federasiyasının 32 subyektində bu rəqəm daha yüksək – 1,5-2,1 dəfə olub.

Bu isə o deməkdir ki, prezident Vladimir Putin tərəfindən irəli sürülmüş “milli məqsədə” nail olunmayacaq.

Rusiyada əhalinin azalması dalbadal iki ildir ki, qeydə alınır.

Bu rəqəmlərin açıqlanmasından sonra Rusiya prezidentinin sözçüsü Dmitry Peskov etiraf edib ki, ölkə “demoqrafik çalaya” düşüb:

"Əslində demoqrafik çala hazırda kulminasiya həddindədir. Bu sahədə vəziyyət çox xoşagəlməzdir. Reallıqda iki demoqrafik çala üst-üstə düşüb. Bu həm reallıq, həm də ölkə tariximizin mirasıdır. Biz indi bunu öz çiyinlərimizdə daşımağa məcburuq”.

2019-cu ilin yanvar-sentyabrında Rusiya 16 nəfərə qaçqın statusu verib. Əsasən Suriya, Əfqanıstan və Ukraynadan olan daha 3812 nəfərə Rusiyada müvəqqəti sığınacaq verilib.

İş axtaranların sayı çox azdır

Rosstat bunu da bildirir ki, Rusiyada 2019-cu ilin sentyabrına olan məlumata görə orta aylıq əməkhaqqı 45,541 rubl (270 dollar) təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7, 2 faiz çoxdur.

Həmin dövr üçün orta pensiya 14, 205 rubl (225 dollar) olub. Bu rəqəm 2018-ci ilin müvafiq dövründə olduğundan 6, 1 faiz çoxdur.

2019-cu ilin oktyabrında Rusiyada işsizlik 4,6 faiz təşkil edib, işaxtarmanın orta müddəti isə altı ay olub.

Rosstat bildirir ki, Rusiyada işsizlik “durğunluq” vəziyyətindədir.

Beləki, kənd yerlərindən olan 1,1 milyon işsiz insanın 27 faizi 12 ay və daha uzun müddətdə iş axtarışında olub.

Şəhərlərdən olan 2,3 milyon işsizin 22,3 faizi 12 ay və daha çox müddətdə iş axtarıb.

Bu da qeyd olunur ki, iş axtaran işsizlərin cəmi 23 faizi iş üçün dövlət orqanlarına müraciət edib.

İşsizlərin 74, 6 faizi dostların, qohumların və tanışların köməyi ilə işə düzəlməyə çalışıb.

XS
SM
MD
LG