Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Ağ Ev Rusiyada ABŞ jurnalistinin həbs olunmasını pisləyir


Evan Gerşkoviç
Evan Gerşkoviç

Аğ Ev və ABŞ Dövlət Departamenti Rusiyada The Wall Street Journal qəzetinin müxbiri Evan Gerşkoviçin həbsini qətiyyətlə pisləyib.

Ağ Evin bu barədə bəyanatında deyilir ki, Rusiya hakimiyyət orqanlarının Amerika vətəndaşlarını təqib etməsi qeyri-məqbuldur.

Dövlət katibi Entoni Blinken bir daha ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Ağ Evin bəyanatında qeyd olunur ki, amerikalılar administrasiyanın çağırışlarına əməl etməli və Rusiyaya səfər etməməlidirlər.

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri eyni çağırışla amerikalılara dəfələrlə müraciət edib.

Rusiyada amerikalı jurnalist həbs edilib

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ-ın The Wall Street Journal qəzetinin müxbiri Evan Gerşkoviçin casusluqda şübhəli qismində saxladığını bildirib.

Az sonra onun məhkəmə qaydasında həbsi elan olunub.

FTX iddia edir ki, jurnalist ABŞ-ın tapşırığı ilə Rusiyanın hərbi sənaye kompleksi (HSK) müəssisələrindən biri barədə məlumatların toplanması ilə məşğul olub.

Jurnalistin Moskvadakı Lefortovo məhkəməsinə gətirildiyi xəbər verilir.

Bu da bildirilir ki, vəkil Daniil Bermanı jurnalistlə görüşə buraxmırlar.

Meduza qəzetinin yazdığına görə rəsmilər jurnalistə başqa vəkil təyin edildiyini deyiblər.

Söhbətin hansı HSK müəssisəsindən getdiyi bildirilmir.

Meduza qəzeti WSJ müxbirinin həmkarına istinadla bildirir ki, Gerşkoviç Nijnı Tagil şəhərinə gedirmiş.

Orada Uralvaqonzavod tank müəssisəsi və daha bir neçə HSK müəssisəsi yerləşir.

"Вёрстка" qəzeti qeyd edir ki, Sverdlovsk vilayətində dövlət müdafiə sifarişlərini yerinə yetirən 100-dək müəssisə var.

Peskovun çevik reaksiyası

Bundan əvvəl martın 30-da məlum olmuşdu ki, artıq 6 ildir Rusiyada işləyən jurnalist Vaqner özəl hərbi şirkəti barədə material hazırlayarkən Yekaterinburq şəhərində yoxa çıxıb.

Bu da xəbər verilir ki, martın 29-da şəhərdəki Bukowski Grill restoranının yaxınlığında mülki geyimlilər bir nəfəri saxlayıblar. Bu zaman onun sviterini başına keçiriblər. Bu adamın məhz Gerşkoviç olduğu düşünülür.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, jurnalist üstündə “sübut-dəlillə” tutulub.

WSJ baş vermiş hadisədən dərin narahatlığını bildirib. Redaksiyanın bəyanatında deyilir ki, qəzet ittihamları qətiyyətlə rədd edir və müxbirin dərhal azad olunmasına çağırır.

Gerşkoviçin saxlanmasını “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilati da şərh edib.

Təşkilatın Twitter hesabından yazılmış postda deyilir ki, “jurnalistlər hədəf seçilməməlidir!”

Bu da qeyd olunur ki, sözü gedən ittihamlarla jurnalistə 12 ildən 20 ilədək cəza kəsilə bilər.

Gerşkoviç nə yazırdı?

Ötən iyul ayında ABŞ Dövlət Departamenti Rusiyanı da Venesuela, İran, Çin, Şimali Koreya və Myanma ilə birlikdə amerikalıların qanunsuz saxlanma riski olan ölkələrin siyahısına daxil edib.

ABŞ ekspertləri Moskvanı Vaşinqtona təzyiq göstərmək və onları cinayət məsuliyyətinə görə həbs olunmuş rusiyalılara dəyişmək məqsədilə amerikalıları girov götürməkdə ittiham edirlər.

Gerşkoviçin son məqaləsi martın 28-də dərc olunub.

Ötən dekabrda jurnalist prezident Putinin Ukrayna müharibəsindən məlumatları necə aldığına dair məqalə yazmışdı.

Məqalədə iddia olunurdu ki, prezidentə çatdırılacaq məlumatlar FTX tərəfindən “redaktə” olunduqdan sonra ona çatır.

Nəticədə Putin ordunun uğursuzluğu barədə məlumatları almır.

Dəyiş-düyüş məqsədilə

Bəzi şərhçilər bildirirlər ki, Gerşkoviç böyük bir ehtimalla ABŞ-da həbsdə olan hansısa rusiyalı ilə dəyişdirilmək üçün saxlanıb.

1986-cı ildə U.S. News and World Report qəzetinin müxbiri Nikolas Daniloff (Nicholas Daniloff) DTK tərəfindən saxlanmışdı.

Onu 20 gün heç bir ittiham irəli sürülmədən saxlamış və nəhayət Rusiyanın BMT-dəki nümayəndəliyinin FTB tərəfindən saxlanmış bir əməkdaşı ilə dəyişmişdilər.

Ötən ilin dekabrında ABŞ və Rusiya arasında növbəti məhbus mübadiləsi olub.

Amerikalıklar basketbol ulduzu Britni Qrayneri (Brittney Griner) azad etdirmək məqsədilə Rusiyaya məşhur silah alverçisi Viktor Butu veriblər.

XS
SM
MD
LG