Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:31

Süpürgəçi ölümündən 2 gün əvvəl 'işdən çıxıbmış'


Süpürgəçi
Süpürgəçi

«Başlarından atmaq istəyirdilər, ona görə atam öləndən sonra götürüb rəsmiləşdirdilər ki, guya işdən çıxıb. Təsəvvür edin, atamın ölümündən üç gün keçmişdi, bunların xəbəri yox idi. Gedib mən xəbər verdim. Əvvəl dedilər ki, burada işləmir ki... Dedim, necə yəni orada işləmir? Bu adam səhər tezdən işə gedib, onu iş vaxtı maşın vurub...».

Daha bir süpürgəçinin səhər alaqaranlıqda yol qəzası nəticəsində dünyasını dəyişməsi ilə bağlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu sözləri deyən də həmin qəzada ölmüş 78 yaşlı Şıxməmməd Yadigarovun oğlu Mehman Yadigarovdur.

Hadisə Sabunçu rayonu ərazisində baş verib. Metronun «Koroğlu» stansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu Ş.Yadigarovu vurub. O, dünyasını dəyişib.

Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə Əflatun Cəfərovdur. İyunun 4-də məhkəmədə o, ifadə verərkən özünü təqsirli bildiyini söyləyib.

Ə.Cəfərov fəhlə işlədiyini, imkansızlıqdan avtobus sürücülüyü etdiyini bildirib. Deyib ki, hadisə günü sürücü kimi xəttə çıxmamışdı. Avtobus sürücüsü işləyən Əmir adlı dostu ona zəng edərək kömək istəyib. Deyib ki, xəstədir, həkimə gedəcək, mümkündürsə, onu əvəz etsin: «Mən də ona kömək üçün getdim».

«Guya iki gün əvvəl işdən çıxıb»

Hakim bildirib ki, iş materiallarında onun uzun müddətdir avtobus sürücüsü işləməsi barədə məlumat var.

Təqsirləndirilən şəxs cavabında bildirib ki, sürücülük vəsiqəsi olsa da, avtobus idarə etmək üçün lazımi kateqoriyası olmayıb. Ona görə də elə ifadə verib.

Sürücü hadisə barədə bunları danışıb: «Səhər saat 7 olardı. Hava alaqaranlıq idi. Mən də saatda 40 sürətlə gedirdim. Yolu keçən adam görünmürdü. Qarşıdan gələn maşın işıqları yandırıb söndürdü. Onda gördüm, sola çəksəm də gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq».

Məhkəmədə mərhumun oğlu M.Yadigarov zərərçəkmişin hüquqi varisi qismində ifadə verərkən bildirib ki, atası Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işləyirdi.

Hakim bildirib ki, iş materiallarında mərhumun hadisə vaxtı heç yerdə işləmədiyi yazılıb.

Zərərçəkmiş bildirib ki, yalandır, atasının iş vaxtı öldüyünü ört-basdır etmək üçün rəhbərlik müxtəlif üsullara əl atıb: «Təsəvvür edin ki, 3 gün keçmişdi, amma xəbərləri yox idi. Birinci dedilər ki, işləmir. Mən mühasibatlıqdan soruşdum. Dedilər ki, işləyir. Sonradan elə rəsmiləşdirdilər ki, guya iki gün əvvəl işdən çıxıb».

Məhkəmədə o da məlum olub ki, 148 saylı marşrut xəttinin sahibi Zabrat qəsəbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir.

Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşrut xəttinin sahibinin dindirilməsinə qərar verdi. Onlar növbəti məhkəmə iclasına çağrılacaq.

XS
SM
MD
LG