Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Xarici zəvvarlar bu il həcc ziyarəti edə bilməyəcəklər


Səudiyyə Ərəbistanı bildirib ki, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə bu il xarici zəvvarlar həcc ziyarəti edə bilməyəcəklər.

Krallığın Həcc və Ümrə Nazirliyi iyunun 22-də bəyan edib ki, yalnız hazırda Səudiyyədə olan çox məhdud sayda xarici vətəndaş həcc ziyarəti edə biləcək. Builki həcc iyul ayının sonuna təsadüf edir.

Nazirliyin bəyanatında qeyd olunur ki, qadağandan məqsəd insanların sağlamlığını və həyatını qorumaqdır.

Həcc İslamın 5 sütunundan biridir və hər bir sağlam və maliyyə imkanları olan müsəlman tərəfindən azı bir dəfə icra olunmalıdır.

Hər il dünyanın 180 ölkəsindən 2.5 milyon müsəlman həcc ziyarətinə gəlir. Müqəddəs Məkkədə həcc ziyarəti zamanı icra olunan ayinlər adətən 5-6 gün çəkir.

Səudiyyə Ərəbistanı hazırda ölkəni bürümüş koronavirus epidemiyası ilə mübarizəni davam etdirir. Bu ölkədə indiyədək 161 min nəfər COVID-19-a yoluxub. Onlardan 1300 nəfəri vəfat edib.

Müsəlmanın öhdəliyi və sağlamlığı

Krallıq bundan əvvəl mart ayında müsəlmanlara ümrə ziyarətinə gəlməməyi tövsiyə etmişdi.

Elə o vaxt müsəlmanlara həm də həcc ziyarətinə hazırlıq görülməməsi tövsiyə olunmuşdu.

Səudiyyənin sərhədləri bağlı olaraq qalsa da, bəzi karantin məhdudiyyətləri qaldırılıb.

Hər il 250 min zəvvarın səfərə çıxdığı İndoneziya və Malayziya bundan əvvəl öz vətəndaşlarını ziyarətə göndərməyəcəyini bildirmişdi.

Səudiyyənın həclə bağlı bu addımı böyük bir ehtimalla mühafizəkar müsəlmanları qıcıqlandıracaq. Onların fikrincə dini öhdəlik müsəlmanın sağlamlığından yüksək tutulmalıdır.

Bu səbəbdən də Səudiyyə hökumətinin bəyanatından sonra dövlət mediası İslam təşkilatlarının və tanınmış ruhanilərin bu qərarı dəstəkləyən çıxışlarını verir.

XS
SM
MD
LG