Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Almaniyadan deportasiya edilən siyasi fəala 6 il 6 ay həbs cəzası kəsildi


Samir Aşurov Tofiq Yaqublunun müdafiəsinə keçirdiyi aksiya zamanı
Samir Aşurov Tofiq Yaqublunun müdafiəsinə keçirdiyi aksiya zamanı

Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra burada həbs edilən siyasi fəal Samir Aşurova 6 il 6 ay həbs cəzası kəsilib. Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmdə iddia olunur ki, S.Aşurov ötən ilin aprelində metronun “Neftçilər” stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirdiyindən, qəsdən bədənə ağır xəsarət yetirmə, xuliqanlıq kimi əməllərdə təqsirli sayılıb.

Hökmdən öncə son sözünü deyən S.Aşurov belə bir cinayətin heç baş vermədiyini deyib:

“Cənab hakim, siz özünüz də yaxşı bilirsiniz ki, mən bu cinayəti törətməmişəm. Mövcud olmayan cinayətdə ittiham edilirəm”.

Siyasi fəalın sözlərinə görə, daha öncə də polisə müqavimət və narkotik ittihamıyla şərlənib həbs olunduğundan və təqiblər üzündən 2018-ci ildə ailəsiylə birlikdə Almaniyaya getmişdi.

O vurğulayıb ki, şərlənib həbs olunmasının səbəbi Almaniyada olduğu dövrdə orada Azərbaycanda insan haqlarıyla bağlı etiraz aksiyalarına qatılması, sosial şəbəkələrdəki tənqidləridir:

“Orada olduğum müddətdə də siyasi fəallığımı dayandırmadım, amma siyasi mübarizəmdə, tənqidlərimdə heç vaxt qırmızı xətti keçməmişəm. Deportasiya olunandan dərhal sonra Baş Prokurorluğa çağırdılar. Məndən əvvəl Almaniyadan deportasiya olunan siyasi fəallardan 4 nəfər narkotiklə şərlənmişdi. Mən də həbs olunacağımı gözləyirdim...”.

Hadisə gününə gəlincə, S.Aşurov bildirib ki, evinə getdiyi vaxt qarşıdan gələn bir nəfərin hücumuna məruz qalıb. Təxribat olduğunu anlayanda qaçmaq istəyib. Bu zaman onu ətrafdakı polislər saxlayıb:

“Məni saxlayanda cibimə bıçaq qoydular. Götürüb atdım kənara, ağaclar olan yerə. Tapıb gətirdilər, şalvarımın cibinə qoydular. Apardılar məni 24-cü bölməyə. Bu xalqın azadlığı uğrunda mübarizəmdə üçüncü dəfədir şərlənirəm. Buna görə fəxr edirəm...”

Hökmdən sonra siyasi fəalın vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti verəcək.

Xatırlatma

S.Aşurov 2021-ci il aprelin 19-dan həbsdədir. İttihama görə, həmin gün axşam saat 21.15 radələrində küçədə telefonuna baxa-baxa gedərkən, üzbəüz gələn E.Nəbiyevə çiyni ilə toxunub. Nəbiyev bunu ona irad tutanda, S.Aşurov onu yerə yıxaraq, üstündəki bıçaqla qarın boşluğundan iki zərbə vurub.

Son 2 il ərzində Almaniyadan deportasiya olunanlardan 6 nəfər Azərbaycana qayıdandan sonra həbs edilib.

Onlara qarşı narkotik daxil, müxtəlif ittihamlar irəli sürülüb. Amma heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev Almaniyadan deportasiya olunan mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib:

“Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil. Konkret faktlar əsasında saxlanılıblar”.

XS
SM
MD
LG