Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

YAP-dan "tələsik bəyanat"


►Hakim partiya pulsuz efir vaxtından imtina edir.

Təxminən iki həftə sonra Azərbaycanda parlament seçkiləri ilə bağlı təşviqat-təbliğat kampaniyasına start veriləcək. Namizədlər özlərini seçicilərinə tanıtmağa, platformalarını, vədlərini açıqlamağa başlayacaqlar.

Bu məqsədlə Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz imkanlar yaradılır. Onlara İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılır, dövlətdən maliyyələşən dövri mətbuatda ödənişsiz çap olunmaq imkanı verilir.

MSK-nın açıqlamasına görə, bu seçkilərdə “Azərbaycan”, “Xalq” və “Bakinski raboçi” qəzetləri seçki materiallarını pulsuz dərc edəcək.

Hələ ki parlament seçkilərində iştirak üçün 1170 nəfər müraciət edib. Onlardan 525-nin namizədliyini siyasi partiyalar irəli sürüb. Sənədləri qəbul edilmiş 1014 nəfərdən 881-i imza vərəqələrini alıb, 176 nəfər isə imza vərəqələrini artıq qaytarıb.

Buna da bax: Həccdə 310 adam ölüb

YAP PULSUZ EFİRDƏN İMTİNA EDİR

Siyavuş Novruzov
Siyavuş Novruzov

Seçkiyə daha çox sayda namizədlə gedən və pulsuz efir imkanı qazanmağa daha real namizəd hakim Yeni Azərbaycan Partiyası isə açıqlama yayıb ki, təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. “Report”a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, səbəb alternativliyin olmamasıdır:

“Biz bütün seçkilərdə, o cümlədən 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində partiya olaraq iştirak etmişik. Belə olanda YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik”.

“YAP NÖVBƏTİ DƏFƏ GÜLÜŞ HƏDƏFİ OLMAQ İSTƏMİR”

Siyavuş Novruzovun bu açıqlamasını səmimi saymayanlar, YAP-ın pulsuz efir vaxtından imtina etməsini başqa səbəblərə bağlayanlar da var. Məsələn, “Azadlıq” qəzeti yazır ki, “artıq Azərbaycan xalqı YAP-a inanmır və artıq hakim partiyanın da deməyə sözü qalmayıb. 20 ildir bu xalqı aldadan partiya bu dəfə nə vəd verəcəyini, nə danışacağını bilmir.

Hafiz Həsənov
Hafiz Həsənov

Xalqın qarşısına çıxmağa çətinlik çəkir. Digər tərəfdən, 2010-cu ildə YAP-ın bəzi namizədlərinin çıxışları sosial şəbəkələrdə lağa qoyulurdu. YAP həm də növbəti dəfə gülüş hədəfi olmaması üçün pulsuz efir vaxtından imtina edir”.

Seçki eksperti Hafiz Həsənov YAP-dan gələn sözügedən bəyanatı “tələsik bəyanat” adlandırır. Hesab edir ki, ən azından namizədlərin qeydiyyata alınma mərhələsinin rəsmən başa çatmasını gözləmək lazım idi:

“Seçki Məcəlləsinin tələbinə görə pulsuz efir vaxtı 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara verilir. Hələ ki, namizədlərin qeydə alınma mərhələsi başa çatmayıb. YAP-ın neçə seçki dairəsində namizədinin qeydə alınması ilə bağlı MSK-nın hələ rəsmi açıqlaması yoxdur. Bu baxımdan bu, tələsik verilmiş bəyanatdır. Gözləmək lazım idi ki, belə bir rəsmi açıqlama olsun, YAP pulsuz efir vaxtı rəsmən verilsin və sonra o, bundan imtina etsin”.

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

“YAP ƏMİNDİR Kİ...”

Hafiz Həsənov 2010-cu il parlament seçkisini yada salır. O zaman da 60-dan çox seçki dairəsindən yalnız YAP-ın namizədləri qeydiyyata alındığından pulsuz efir vaxtı da bu partiyaya verilmişdi. YAP elə onda da bu imkandan imtina etmişdi. Amma ekspertin dediyinə görə, MSK qanunsuz qərara imza ataraq, qeydiyyata alınmış bütün namizədlərə 4 dəqiqəlik pulsiz efir vaxtı ayırmışdı. Hafiz Həsənov qanunvericilikdə bunun nəzərdə tutulmadığını vurğulayır və bu il də belə bir addımın atılacağını güman edir.

Arif Hacılı
Arif Hacılı

Amma deyir ki, ən azından bu addımı qanuna söykətmək imkanı var idi ki, MSK bu dəfə də bunu etmədi, belə bir müddəanı Seçki Məcəlləsinə salmadı.

70-dən çox dairə üzrə namizədlə seçkiyə qatılmaqda iddialı olan Müsavat Partiyasının başqanı Arif Hacılı isə YAP-ın pulsuz efir vaxtından imtinasını seçkinin saxta olmasının göstəricilərindən biri sayır:

“Hələ qeydiyyat başa çatmamiş YAP indidən əmindir ki, onların 60-dan çox namizədi qeydə alınacaq. Və indidən əmindir ki, opponentlərdən heç birinin 60-dan çox namizədi qeydə alınmayacaq. Bunun özü seçkinin saxta, hakimiyyətinə nəzarəti altında olduğunu göstərir”.

QAPI-QAPI METODU VƏ SOSİAL ŞƏBƏKƏLƏR

Təbliğat-təşviqat imkanlarının olduqca məhdud olduğunu deyən Müsavat başqanı təbliğat dönəmində partiyanın daha çox sosial şəbəkələrdən və “qapı-qapı” metodundan istifadə etməklə seçicilərlə ünsiyyət yaradacaqlarını bildirir. Arif Hacılı şərait yaradılacağı təqdirdə aksiyaların təşkil olunacağını da istisna etmir.

Arif Hacılı Müsavat Partiyasının seçkiyə qatılmaq istəyən bütün üzvlərinə, hətta namizədlərin yaxınlarına, imza toplayan, imza verən şəxslərə də təzyiq edildiyini vurğulayır. Seçki eksperti Hafiz Həsənov isə əvvəlki seçkilərdə müşahidə olunan kobud, kütləvi pozuntuların hələ ki, müşahidə olunmadığını düşünür:

“Seçki Məcəlləsinə Venesiya Komisiyasının təklifi ilə edilən dəyişikliklərdən sonra namizədin qeydiyyatının ləğv olunması prosesi də xeyli çətinləşib. Ona görə də əgər buna kimi qeydə alınma prosesində daha çox pozuntular olurdusa, yəni arzuolunmayan namizədin qeydə alınmasında problem yaradılırdısa, indi belə kütləvi hallar müşahidə olunmur. Amma proses hələ yekunlaşmayıb deyə yekun dəyərləndirmə də etmək olmaz. Qeydiyyat mərhələsi yekuna yaxınlaşdıqca da problemlər çıxa bilər”.

XS
SM
MD
LG