Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:29

Seçkilərlə bağlı tənqidi hesabat hazırlayan yerli qurumlar haradadır...


Müşahidəçi: İlham Əliyevə səs verənlərin sayı seçkiyə gələnlərdən 2 dəfə çoxdu?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Müşahidəçi: İlham Əliyevə səs verənlərin sayı seçkiyə gələnlərdən 2 dəfə çoxdu? (2018)

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı 950-ə yaxın müşahidəçi qeydə alınıb. Bunu iyulun 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib: "İyulun sonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) uzunmüddətli müşahidəçiləri da Azərbaycana gələcək".

Ötən parlament seçkilərində rəsmi olaraq 65 mindən çox yerli müşahidəçilərin iştirak etdiyi açıqlanıb. Eyni zamanda, 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi.

Əvvəllər Azərbaycanda parlament seçkilərini müşahidə edib, sonra tənqidi hesabatlar hazırlayan yerli təşkilatlar diqqət çəkirdi. Hərçənd, bu ilin fevralında son prezident seçkisində yerli təşkilatlarla bağlı tənqidi baxış müşahidə edilmədi. Onda bunu həmin qurumlar Azərbaycanda seçki mühitinin ağırlaşması ilə izah etdilər. Bəs indi vəziyyət necədir?

Məmməd Məmmədzadə
Məmməd Məmmədzadə

"Azərbaycan, Rusiya və Belarusda..."

Seçki Müşahidə Alyansının koordinatoru Məmməd Məmmədzadə deyir ki, onlar bu parlament seçkilərində məhdud, ekspert qrupu səviyyəsində monitorinq aparmağı planlayırlar: "Həm 2014-cü ildə qanunvericilikdə baş vermiş məhdudlaşdırıcı dəyişikliklər, həm də son dövrlərdə insan və maliyyə resurslarının çatışmazlığı səbəbindən monitorinq imkanları məhdudlaşıb".

Onun sözlərinə görə, Avropa məkanında üç ölkə - Azərbaycan, Rusiya və Belarusda seçki müşahidəçiliyi ilə məşğul olan müstəqil QHT-lər, demək olar, fəaliyyət göstərə bilmir: "Onlar ya ölkədən çıxmaq məcburiyyətində qalıb, ya üzvləri həbs olunub, ya da digər təzyiqlərə məruz qalıblar. Bu üç ölkədə yerli seçki müşahidəçiliyinə əngəllər yaradılır".

M.Məmmədzadə xatırladır ki, qanunvericiliyə görə, QHT olaraq seçki müşahidəçiliyini yalnız Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş təşkilatlar apara bilər: "Qeydiyyat olsa belə, həmin təşkilatlar Mərkəzi Seçki Komissiyasında da qeydiyyatdan keçməlidir. Bu isə çətindir. Yalnız hökumətyönlü qeyri-hökumət təşkilatları qeydiyyatdan keçə bilir".

Ekspertin fikrincə, texniki maneələrdən başqa siyasi əngəllər də var: "Seçki monitorinqi ilə məşğul olan əsas müstəqil təşkilatlardan biri – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli seçki fəaliyyətinə görə həbs olunub. Bunun nəticəsində 20 ildən çox seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış bir təşkilat monitorinq apara bilməyəcək. Seçki müşahidəçiliyi ilə məşğul olan Demokratiya Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da həbs olunub". (Hər ikisi qaçaqmalçılıqda günahlandırılır. Özləri ittihamı qurama sayırlar-red.)

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Könüllülərin kütləvi şəkildə hüquq-mühafizə orqanlarına çağırılması..."

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, sentyabrda keçiriləcək parlament seçkilərini müşahidə qeyri-mümkün görünür və bu səbəbdən təşkilatları monitorinqdə iştirak etməyəcək: "Vətəndaş cəmiyyətinin resursları tükəndirilib, fəaliyyət imkanları daralıb və maliyyə resursları, demək olar, sıfıra endirilib. Seçki müşahidəçiliyini təşkil etmək ciddi maliyyə resursları tələb edir. Ən azından müşahidəçilərin nəqliyyat və qida xərclərini təmin etmək, müəyyən topluları çap etmək lazımdır. Hazırda təşkilatımızda bu resurslar olmadığına görə biz parlament seçkilərin gedişatını müşahidə edə bilməyəcəyik, yalnız yekun qiymətləndirmə aparacağıq".

Ekspertin vurğulamasına görə, son dövrlər müstəqil mediaya və vətəndaş cəmiyyətinə olan basqılar, üzvlərin, könüllülərin kütləvi şəkildə hüquq-mühafizə orqanlarına çağırılması könüllülərin bu sahəni tərk etməsinə səbəb olub: "Bütün bu proseslər seçkilərin müşahidəçiliyinin təşkilinə öz mənfi təsirini göstərib".

Hələlik, bu fikirlərə, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb. MSK rəsmiləri, bir qayda olaraq, yerli və beynəlxalq təşkilatlara ölkədə keçirilən seçkiləri müşahidə etmək üçün bütün zəruri imkanların yaradıldığını deyirlər.

'Bezdim, istəmirəm' - Azərbaycanlılar seçkiyə niyə getmir?
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

"Nə hər hansı təzyiq, nə də qanun pozuntusu olub"

Qeydiyyatdan keçmiş Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə "Turan"a deyib ki, rəhbərlik etdiyi təşkilat uzun illərdir seçki müşahidəçiliyi ilə məşğuldur: "Biz fevralda prezident seçkilərinin gedişatını də müşahidə etmişdik. Bizə qarşı nə hər hansı təzyiq, nə də qanun pozuntusu olub".

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki, seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqlanan hesabatında da seçkidə bir sıra pozuntuların yer aldığı, onun beynəlxalq standartlarla ayaqlaşmadığı vurğulanırdı. MSK bu tənqidləri əsasız və qərəzli saymışdı.

XS
SM
MD
LG