Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Qadının intiharına görə əri cəzalandırıldı. Zərərçəkmiş tərəf narazıdır


Ailə zorakılığı
Ailə zorakılığı

Sabirabadın Yuxarı Axtaçı kəndində Sevinc İbadovanın intihar etməsinin səbəbləri ilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Onun əri Muğamat İbadov həyat yoldaşını özünü öldürmək həddinə çatdırmaqda suçlu bilinib və ona 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.

İyunun 23-də Sabirabad rayon Məhkəməsində İbadov haqqında hökm çıxarılıb. İbadov CM-in 125 (özünü öldürmə həddinə çatdırma) və 133-cü (əzab vermə) maddələri ilə ittiham olunaraq hakim qarşısına çıxarılmışdı. Amma son nəticədə prokuror əzab vermə ittihamından imtina edib. Deyib ki, 125-ci maddə özündə bu ittihamı da ehtiva edir.

"Niyə o biri maddəni çıxardılar?"

55-yaşlı İbadov isə heç bir maddə üzrə ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə də təqsirsiz olduğunu, həyat yoldaşının onun üzündən intihar etmədiyini deyib. O bildirib ki, evlərində söz-söhbət olsa da, arvadını döyməyib, onun hərəkətlərinə məhdudiyyət qoymayıb. Təqsirləndirilən şəxs iddia edib ki, arvadı nevroloji xəstəlikdən əziyyət çəkirdi.

Artıq yetkinlik yaşına çatmış iki övladı isə ifadələrində analarının ölümünə görə atalarını günahlandırıb. Həm oğlu, həm də qızı deyib ki, o, həyat yoldaşını döyürdü, ona əziyyət verirdi.

Zərərçəkmişin hüquqi varisi qismində Sevinc İbadovanın anası Axırbəyim Əhmədova tanınıb. O, kürəkəni haqqında çıxarılan hökmdən narazıdır. Hesab edir ki, ona çox yüngül cəza verilib: "Burada adam ölümündən söhbət gedir. Təsdiqlənir ki, onu özünü öldürməyə bu vadar edib. Niyə o biri maddəni çıxardılar, əzab verməyib ona? Axı əzab verdiyi məhkəmədə də sübut olundu. Qalan maddənin də aşağı həddində cəza verdilər".

CM-in 125-ci maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əhmədova Sabirabad rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

Hadisə necə baş verib

Hadisə 2020-ci il noyabrın 15-də səhər saat 9 radələrində baş verib. 46-yaşlı Sevinc İbadova öncə Saatlı Xəstəxanasına aparılıb. Orada qohumlarına deyilib ki, vəziyyəti ağırdır və təcili paytaxtdakı xəstəxanalardan birinə çatdırmağı məsləhət görüblər. Elə həmin gün Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən qadın dekabrın 24-də vəfat edib.

O, xəstəxanada olarkən polis əməkdaşlarına izahatında ərindən şikayətlənib, onu döydüyünü, təhqir etdiyini bildirib.

Cinayət işinin materiallarından məlum olur ki, İbadovlar ailəsində baş verənlərlə əlaqədar bir neçə il əvvəl Sabirabad rayon Polis Şöbəsinə də şikayət olunub. Sonradan qadın şikayətini geri götürüb.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adamöldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (iki hamilə), biri uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan bir qadının özünüöldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və beş uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti ilə üzləşdiyi bildirilir.

XS
SM
MD
LG