Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

Şərhçi: '7 oyunda cəmi 1 xal qazanılması uçurumdur'


Bakı Olimpiya stadionu, 28 may 2019
Bakı Olimpiya stadionu, 28 may 2019

“ Nikola Yurçeviçin futbol üzrə Azərbaycan yığma komandasına baş məşqçi gətirilməsi kökündən səhv qərar idi. Həm də orta səviyyəli, yığma səviyysində baş məşqçi vəzifəsində çalışmamaış bir şəxsin komandaya baş məşqçi gətirilməsi, yanlış qərar idi. Zaman da göstərdi ki, bu şəxs sadəcə eksperimentlər etdi, amma oyunların məzmun və keyfiyyəti baxımından irəliləyişə nail omadı. Elə buna görə, nəticə də göz qabağındadır”

Bunu Azadlıq Radiosuna futbol şərhçisi Mahir Rüstəmli Azərbaycan milli yığma komandasının Avropa Çempionatının seçmə oyunları mərhələsindəki vəziyyətini dəyərləndirərəkən bildirib.

Mahir Rüstəmli, 2011
Mahir Rüstəmli, 2011

M.Rüstəmli deyib ki, Azərbaycanın bu seçmə mərhələdən Avropa Çempionatının finalına çıxacağı düşüncəsində olmayıb:

“İlk yeri tutmaq çox çətin idi. Amma 7 oyunda cəmi bir xal qazanılması uçurumdur. Belə bir nticə sonuncu dəfə 1996-cı ildə Avropa Çemoionatının seçmə mərhələsində toplanılıb. Həmin vaxt Azərbaycan ev oyunlarını Türkiyənin Trabzon şəhərindəki stadionunda keçirirdi”.

M.Rüstəmli daha sonra da deyib:

“Bu artıq yığma komanda adına, ölkə futbolu adına çox böyük biabırçılıqdır”.

Futbol şərhçisi hesab edir ki, bu nəticəyə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da (AFFA) böyük məsuliyyəti daşıyır: “Adamın imkanlarını, ya potensialını bilmədən gətirib ölkənin yığma komandasını ona etibar edirlər. Axırda da belə vəziyyət yaranır”

N. Yurçeviç:"Əldə etdiyimiz xallardan mən də razı deyiləm”

Nikola Yurçeviç bu ilin fevralından futbol üzrə Azərbaycan yığmasının sükanı arxasına keçib. Bu tənqidi fikirlərə, hələlik, ondan və AFFA rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma o dünən, noyabrın 16-da Uelslə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib.Yeri gəlmişkən Bakıda “Bakcell Arena” stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar.

Arxiv foto
Arxiv foto

Sportinfo.az saytı-nın məlumatına görə, oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç bunları deyib:

"Uelsi təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündür oyunçular var. Onların öhdəsindən gələ bilmədik... Qol vurmağa cəhd etdik. Bizim hücumlarımız çox kəsərli və təhlükəli deyildi. Biz epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı. Penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, başqa nəsə etmək mümkün idi. Ancaq alınmadı".

O, oyundan sonra AFFA rəhbərliyi ilə görüşmədiklərini də söyləyib: "Əldə etdiyimiz xallardan mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm fevral ayına qədər qüvvədədir. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik. Bundan sonra daha yaxşı nəticələr göstərmək mümkündür".

Xatırlatma

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan E qrupunda təmsil edilir. Azərbaycan 7 oyundan cəmi 1 xal toplayaraq sonuncu yerdə qərarlaşıb. Qrupa 17 xalla Xorvatiya yığması liderlik edir. Xorvatiya artıq, final oyunlarına da vəsiqəni təmin edib. Azərbaycan da yeganə xalını Bakıda Xorvatiya ilə oyunda qazanıb. İkinci yerdə 12 xalla Macarıstan, üçüncü yerdə 11 xalla Uels, dördüncü yerdə isə 10 xalla Slavakiya yığması gəlir.

Azərbaycan bu qrupda sonuncu oyununu Slovakiya yığmasına qarşı keçirəcək.

XS
SM
MD
LG