Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

'Şərurlu İsfəndiyar': 'Yazıb-oxuya bilmirəm...'


“Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundov (foto criminal.az saytından götürülüb).
“Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundov (foto criminal.az saytından götürülüb).

O, martın 29-da MTN generalı Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin məhkəməsində dindirilərkən deyib ki, “oxuyub-yaza bilmirəm”

Bir neçə tikinti şirkətinə rəhbərlik edən, “Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundov da həbsdə olan MTN generallarının işində şahiddir. O, martın 29-da MTN generalı Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin məhkəməsində dindirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Çovdarov və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Buna da bax:​ «Olimpus-az» MTK-dan mənzil alan bir payçının əhvalatı

İsfəndiyar Axundov "MTN işi"ndə zərərçəkmiş şəxslərdən "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin başına gələnlərlə əlaqədar şahiq qismində dindirilib.

Bir neçə il öncə dələduzluqda suçlanaraq, 10 il həbs cəzası alan Azər Quliyev elə cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq və məhkəmədə hüquqi varisi onu təmsil edir.

Şərurlu İsfəndiyar” məhkəmədə deyib ki, istintaqdakı ifadəsini təsdiqləmir, çünki həmin ifadədə, ümumiyyətlə, nə yazılmasından xəbərsizdir. Orta məktəb təhsili olmadığını, yazıb-oxuya bilmədiyini deyən işadamı istintaqdakı ifadəni də oxumadan imzaladığını bildirib.

Buna da bax: Keçmiş hakim prokurora 100 min rüşvət verdiyini deyir

İsfəndiyar Axundovun istintaqa ifadəsində yazılıb ki, o, mərhum Azər Quluyevi 2007-ci ildən tanıyır. O zaman Azər Quliyevlə “Orxan” MMC-nin direktoru Alim Əlizadə arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, "Orxan" MMC tikintisi yarımçıq qalmış 16 mərtəbəli 4 binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş sənədləri qaydasına salmalıymış. “Azərtikinti ATF” MMC həmin yarımçıq binaların tikintisini tamamlayıb təhvil verməli, bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməliymiş.

Müqaviləyə görə, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmasa da, Azər Quliyev “Orxan” MMC-dən xəbərsiz, binanın tikilməmiş mənzillərini satıb. Özü də eyni mənzillərin hərəsini bir neçə nəfərə.

İsfəndiyar Axundovun ifadəsinə görə, həmin faktlarla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. 2008-ci ilin əvvəllərində “Orxan” MMC Axundovun təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevlə binanın tikintisinə dair bağlanmış müqavilə ləğv edilib və o, tikintidən uzaqlaşdırılıb. “Şaiq” MTK həmin binalarda tikinti işlərini başa çatdırıb, Azər Quliyevsə həbs olunub.

Buna da bax:​ Şirkət sahibi məhkəmə zalında huşunu itirdi

“MTN-lə əlaqəm olmayıb”

Azər Quliyev illər öncə müflis olmasında “Şərurlu İsfəndiyar”ı suçlayıb və iddia edib ki, onun MTN-lə əlaqələri olub və bu üzdən istədiyi özbaşınalığı edib. Elə zərərçəkmişin hüquqi varisi də istintaqda İsfəndiyar Axundovun MTN generalı Çovdarovla birləşib, Azər Quliyevin əmlakını, mənzilləri əlindən aldığını, bütün bunların sonda onun həbsi, ardınca da ölümü ilə nəticələndiyini söyləyib. Onun iddiasına görə, Axundov MTN-ə binalar da tikib.

Amma İsfəndiyar Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb və bu qurumun sifarişi əsasında bina tikməyiblər.

O, məhkəmədə də deyib ki, Akif Çovdarov və digər MTN generallarını tanımır və onlarla heç bir əlaqəsi olmayıb.

Buna da bax:​ Aldadılan vətəndaşlara pulsuz ev verilir

“Mən oxuyub-yaza bilmədiyimə görə müstəntiq vəkilimin dediklərini yazıb. Mən də imzalamışam”, - “Şərurlu İsfəndiyar”ın məhkəmədə dedikləridir.

General Akif Çovdarov və onunla birlikdə hakim önünə çıxarılan polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun məhkəməsi aprelin 3-də davam edəcək.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı olaylardan sonra nazirliyin 21 keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb olunanlardan biri - general Natəvan Mürvətova haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, məhkəməyə evindən gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Buna da bax:​ Şirkət tikmədiyi evi eyni zamanda dörd nəfərə satıb?

Generallar da daxil, keçmiş MTN-çilərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG