Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:40

Çin prezidenti Moskvaya gəldi, Vaşinqton müşahidə edir


Çin Xalq Respublikasının başçısı Si Tsinpin martın 20-də Moskvaya gəlib
Çin Xalq Respublikasının başçısı Si Tsinpin martın 20-də Moskvaya gəlib

Çin Xalq Respublikasının başçısı və Çin Kommunist Partiyasının lideri Si Tsinpin martın 20-də Moskvaya rəsmi səfərə gəlib. Səfər martın 22-dək davam edəcək.

Si dövlət səfərinə prezident Vladimir Putinin dəvəti ilə gəlib.

Sinin təyyarəsindən əvvəl Vnukovo hava limanında Çin nümayəndə heyətinin təyyarəsi enib.

Xəbər verilir ki, martın 20-də Çin və Rusiya prezidentləri arasında qeyri-rəsmi görüş olacaq.

Bu arada xəbər verilir ki, Çin prezidentinin səfərindən bir gün əvvəl Rossiyskaya gazeta onun geniş məqaləsini dərc edib.

Sinin “praqmatizmi”

Si bu məqalədə Pekinin Ukrayna müharibəsinin həllinə dair 12 bəndlik planını bir daha yada salır.

Bu planda Ukraynada atəşkəsə çağırış edilir, Ukraynanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir, amma Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması barədə heç nə deyilmir.

Kiyev və Vaşinqton bu plana mənfi münasibətlərini bildiriblər.

Putin və Si Ukrayna məsələsində “praqmatizmi” ön plana çəkirlər. Şərhçilərin fikrincə bu məsələdə praqmatizm Rusiyanın işğal etdiyi ərazilərin onun nəzarətində saxlanması deməkdir.

Çin prezidenti Rusiya qəzetindəki məqaləsində qeyd edir ki, Ukrayna məsələsi mürəkkəb məsələdir və belə məsələlərin asan həlli olmur.

Dünyanın nizamını pozurlar

Martın 20-də ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Körbi deyib ki, Rusiya və Çin II Dünya Müharibəsindən sonra bərqərar olmuş dünya nizamını sarsıdırlar.

Körbi əlavə edib ki, Moskva və Pekin bütün dünyada oyun qaydalarını yenidən yazmağa çalışırlar:

“Vaşinqton Çin rəhbəri Si Tsinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələrini diqqətlə izləyəcək, çünki bu iki ölkə son vaxtlar aralarındakı əməkdaşlığı gücləndirirlər”.

Körbi ümid etdiyini bildirib ki, Si ABŞ prezidenti Co Baydenlə kommunikasiya xəttini açıq saxlayacaq və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb Kiyevin mövqeyini öyrənəcək.

XS
SM
MD
LG