Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Avropa Lukaşenka kimi Əliyevlə də anlaşa bilərmi?


Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv)
Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv)

►Arif Əliyev: “Ölkə daxildə ciddi problemlərlə üzləşməyəndə, beynəlxalq qurumların rəylərinə o qədər də diqqət yetirilmirdi."

Fevralın 29-da Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Agramunt bir qrup hüquq müdafiəçisi və media rəhbərləri ilə görüşüb. Görüşdə ölkədə insan hüquqlarının və media azadlığının durumu ətrafında müzakirələr aparılıb.

Görəsən, Avropa İlham Əliyevlə də siyasi məhbus sayılan bütün şəxslərin azadlığa buraxılması haqda anlaşma əldə edə bilərmi? Məsələn, iqtisadi böhranla üzləşən, xaricdən dəstəyə ehtiyacı olan Belarusun lideri Lukaşenka ilə belə bir razılaşma əldə edilmişdi.

Aqramuntla görüşdə iştirak etmiş hüquq müdafiəçisi Səadət Bənənyarlı deyir ki, toplantı qapalı olduğundan müzakirə olunan məsələlər haqqında məlumat verə bilməz:

“Bizi maraqlandıran bütün məsələlərə toxunuldu. Cənab Argamunt da prezidentlə görüşündə, yəqin ki, qaldırılan məsələləri çatdıracaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə görüş haqqında heç bir məlumat verə bilməyəcəyini dedi.

Dialoqda yumşaqlıq da bilər

Pedro Agramunt
Pedro Agramunt

Toplantıda iştirak etmiş “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, müzakirələrdə insan haqları və media ilə bağlı problemlər qaldırılıb:

“Hər hansı yeni bir fakt səslənmədi. Sadəcə, nəzərə alsaq ki, cənab Agramunt-un bu gün (fevralın 29-da-red.) parlamentin sədri, sabah (martın 1-də-red.) isə prezidentlə görüşü olacaq, ona görüşlərdə müəyyən məsələləri qaldırmaq, həbsdəki jurnalistlərlə bağlı müraciətlər olundu. Argamunt da dedi ki, aldığı informasiyalar dövlət orqanlarında görüşlərində gərək olacaq”.

Bu, P.Agramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. Daha öncə o, AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi qismində Azərbaycana bir neçə səfər edib.

Həbsdəki jurnalistlərin məsələsi qaldırılıb

Çapını dayandırmış “Ayna-Zerkalo” qəzetinin keçmiş baş redaktoru Elçin Şıxlı görüşdə həbsdəki media nümayəndələrinin, jurnalist Rauf Mirqədirovun azad olunması məsələsinə toxunduğunu deyir:

“Ümumi vəziyyətdən – QHT-lərin, mətbuatın vəziyyətindən, həbsdəki həmkarlarımızdan danışıldı. Xahiş etdim ki, Raufun azad olunması məsələsini görüşlərində qaldırsın. Söz verdi ki, rəsmilərlə görüşündə bu məsələni müzakirə edəcək. Agramunt Azərbaycan üzrə həmməruzəçi olanda da dəfələrlə onunla görüşmüşük. O, buradakı vəziyyəti çox gözəl bilir. Özü də dedi ki, ölkədəki durum barədə yetərincə məlumatlıdır. Söhbət ondan gedir ki, indi bu adamın səlahiyyətləri daha üstündür. Ancaq effekti haqqında görüşlərinin nəticələrinə görə nəsə söyləmək olar”.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“Həssas məqamdır”

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev bu səfərin ölkədə vətəndaş cəmiyyətinin qaldırdığı problemlərin həllinə elə bir təsirinin olmayacağını düşünür. Ancaq, az da olsa, gözləntiləri də yox deyil:

“Sadəcə, nəzərə almaq lazımdır ki, ölkə daxildə ciddi problemlərlə üzləşməyəndə, beynəlxalq qurumların rəylərinə o qədər də diqqət yetirmirdi. Amma indi bir az həssas məqamdır, ola bilsin, müəyyən qədər bu dialoqda yumşaqlıq nəzərə çarpsın. Çünki başlıca çatışmayan şey, görüşdə də qeyd olunduğu kimi, ölkədə tərəflər arasında faktiki dialoqun olmaması və bunun daha çox beynəlxalq təşkilatlar vasitəsilə baş verməsidir. Bir tərəf digər tərəfə sözünü birbaşa çatdırmaq imkanından məhrumdur. Bu baxımdan, hansısa məsələyə daha diqqətlə yanaşıla bilər. Ancaq konkret siyasətdə, ictimai münasibətlərdə dəyişiklik üçün əsas görmürəm”.

"Sıradan görüş"

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu isə bu qənaətdədir ki, bu cür görüşlər, adətən, nəticəsiz qalır:

“Bu görüşlərin hansısa müsbət nəticəsi olacağını güman eləmirəm. Azərbaycanda həm media ilə, həm də insan haqları ilə bağı kifayət qədər ciddi problemlər mövcuddur. Bu problemləri həll eləmək lazımdır. Hər dəfə bu cür görüşlərdə problemlər sadalanır və son nəticədə həll edilməmiş qalır. İnanmıram ki, bu görüş də hansısa effekt versin. Ölkədə çox ciddi problemlər var. Bu problemləri həllindən ötrü hakimiyyətə qarşı sərt tədbirlər görmək lazımdı. Əks halda, elə həll olunmamış da qalacaq”.

Hüquq müdafiəçisi Samir Kazıml isə Facebook statusunda yazıb:

"Görüşdə Avropa Şurasının Parlament Assambleyasının yeni seçilən prezidenti Pedro Aqramunta sual verdim ki, Azərbaycan üzrə həmməruzəçi və siyasi məhbuslar üzrə məruzəçi olduğu vaxt niyə siyasi məhbuslarla bağlı hesabat hazırlamadı. Cavabı belə oldu: “Həmin vaxt xəstələnmişdim”.))"

AŞPA prezidenti P.Agramunt martın 1-də prezident İlham Əliyevlə görüşəcək.

AB komissarı da insan haqlarından danışır

Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini də fevralın 29-da Bakıya səfər edir.

«Turan»a açıqlamasında deyib ki, Azərbaycanla aparılan müzakirələrdə əsas mövzu insan hüquqları ilə bağlıdır.

“İnsan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir. Burada mən hakimiyyət orqanları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyəm”.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda 100-dək məhbusun siyasi motivlərlə həbsdə yatdığını bildirir. Hakimiyyət təmsilçiləri isə bunu qətiyyətlə təkzib edir, hər kəsin törətdiyi əmələ görə cəzalandırıldığını söyləyir.

Buna da bax...

Leonardo Di Kaprio "Oskar" aldı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

XS
SM
MD
LG