Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:52

Siyasi Məhbusların Müdafiə Mərkəzi təsis olundu


Məhbəs
Məhbəs

Yanvarın 27-də Bakıda Siyasi Məhbusların Müdafiə Mərkəzi yaradıldığı elan edilib. Mərkəzi siyasi məhbus sayılan şəxslərlə bağlı işçi qrupun üzvləri təsis ediblər.

Bu haqda mərkəzin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, mərkəzin yaradılmasında məqsəd siyasi məhbus sayılan şəxslərin müdafiə işinin daha sistemli və effektli qurulmasıdır.

Yeni qurumun tərkibinə «Turan» agentliyinin direktoru Mehman Əliyev, kinorejissor Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı daxildir. Bundan başqa, hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov, Oqtay Gülalıyev və Taleh Xasməmmədov da mərkəzdə təmsil edilirlər.

Buna da bax-'4 ildə vəziyyət daha da pisləşib'

Mərkəzin koordinatoru Oqtay Gülalıyev olacaq. Beynəlxalq əlaqələr üzrə əlaqələndirici funksiyasını isə Leyla Yunus həyata keçirəcək.

YENİ «SİYASİ MƏHBUS» SİYAHISI - 167 NƏFƏR

Yeni mərkəzin təsis olunduğu toplantıda siyasi məhbus sayılan şəxslərin də siyahısı yenilənib.

Azadlığa buraxıldığına görə «Nardaran işi» ilə bağlı həbs olunmuş Əbülfəz Bünyatovun adı siyahıdan çıxarılıb.

Buna da bax-Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

Bundan başqa, siyahıya daha 8 nəfərin adı daxil edilib. Bunlardan 5-i ötən il dekabrın 22-də sosial problemlərin həlli tələbilə aksiyaya görə həbs olunan məcburi köçkünlər - Ülvi Quliyev, İlkin İsgəndərov, Cəlal Quliyev, Zaur Fehruzlu və Gülağa Alməmmədovdur. Habelə, «Nardaran işi» ilə bağlı həbs olunan Fail Şahbazov, jurnalistlər Əfqan Sadıqov və İkram Rafiqoğlu da siyahıya daxil edilib.

Hazırda onların siyahısında 167 nəfərin adı var.

Azərbaycandakı vətəndaş cəmiyyətinin təmsilçiləri arasında siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə, məhkəmənin obyektiv araşdırması ilə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG