Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Uşaqları sosial mediadan qorumağın gerçək yolu var?


Çoxsaylı araşdırmalar göstərir ki, sosial mediada daha çox vaxt keçirən uşaqların depressiya və narahatlıqdan əziyyət çəkmək ehtimalı daha yüksəkdir.
Çoxsaylı araşdırmalar göstərir ki, sosial mediada daha çox vaxt keçirən uşaqların depressiya və narahatlıqdan əziyyət çəkmək ehtimalı daha yüksəkdir.

Əhməd Osman TikTok-da deyil, olmaq da istəmir. Ona və kiçik bacısına "iPhone", uyğun olaraq, 8-ci və 7-ci sinifdə oxuyarkən alınıb, həm də içində sosial media əlavələri olmadan. Ata-anaları kompüter mühəndisidir. Onlar düz bir il sosial media və onun yeniyetmələrin əqli sağlamlığına təsiri barədə uşaqlarına bilgi veriblər.

"Sosial medianın alət olduğunu, ancaq doğru davranmasaq, bizim ən pis düşmənimiz ola biləcəyini vurğulamağa çalışdılar", - Osmanın ata-anası haqda sözləridir.

İndi 17 yaşı olan Osman telefonu ilə "sağlam" münasibətinə görə valideynlərinə minnətdar olduğunu deyir. TikTok-dan uzaq durmaq da bura daxildir.

Əslən Liviyadan olan, hazırda Massaçusetsdə yaşayan Osman yaşıdlarından çox fərqlənir. "Pew" Araşdırma Mərkəzinin məlumatına görə, onun yaşıdlarının, az qala, 2/3-si ya valideynlərinin icazəsi ilə, ya da onların icazəsi olmadan TikTok-dadır.

Get-gedə daha çox ekspert Osmanın valideynlərinin seçdiyi orta yolun uşaqlara sosial medianı öyrətməyin ən gerçəkçi və effektiv yolu olduğunu deyir. Onlar uşağa birbaşa qadağa qoymaqdan, yaxud tam azadlıq verməkdənsə, yavaş və şüurlu başlamağa üstünlük verirlər. Bu, uşaqlara TikTok, Instagram və Snapchat-dən qaçmağın mümkün olmadığı dünyadan baş çıxarmaq üçün gərəkli alət və bilgiləri ötürməyə kömək edir.

"Biz təkcə uşaqların sosial media dəryasına atılaraq orada üzməyi özlərinin öyrənməsini gözləyə bilmərik. Onlara təlimat verilməlidir. Onlar sosial mediada özlərini aparmağı məşq etməlidirlər. Onların risk və imkanlar haqda anlayışı olmalıdır…", - Kornell Universitetinin Sosial Media Laboratoriyasının direktoru, kommunikasiyalardan dərs deyən professor Natali Bazarova belə deyir.

İntizamsız şagird videoları kütləvi yayılır- məktəblərə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

"The Associated Press" yazır ki, sosial medianın uşaqlara vurduğu zərər Facebook-un meydana çıxıb dünyanı dəyişməsindən sonrakı 20 il ərzində yaxşıca sənədləşdirilib. Çoxsaylı araşdırmalar göstərir ki, sosial mediada daha çox vaxt keçirən uşaqların, özəlliklə yeniyetmələrin depressiya və narahatlıqdan əziyyət çəkmək ehtimalı daha yüksəkdir. Ancaq, hələlik, arada səbəb-nəticə əlaqəsinin olub-olmaması aydın deyil.

Bir çoxları yaşlarına uyğun gəlməyən kontenti görməli olur. Bura pornoqrafiya və zorakılıq səhnələri də daxildir. Onlar öz yaşıdlarının və yad böyüklərin bullinqinə, cinsi hücumlarına və istənməyən diqqətinə məruz qalırlar. Beyinləri tam gəlişmədiyindən sosial müqayisələr böyüklərdən daha çox uşaqlara təsir göstərir. Bu üzdən, hətta dostlarının xoşbəxt postları belə onları bədbinliyə sürükləyə bilər.

Texnologiya nəhəngləri uşaq və yeniyetmələrə vurulan ziyana görə cavab verməlidir?

ABŞ-nin millət vəkilləri bunun fərqinə vararaq uşaqların onlayn güvənliyinə dair çox sayda Konqres dinləməsi keçiriblər. Onlardan ən sonu bu ilin yanvarında gerçəkləşib. Ancaq internetdə uşaqların qorunmasına dair son federal qanun Facebook-un yaranmasından altı il öncə, 1998-ci ildə qəbul edilib.

Əlbəttə, Osmanların yanaşması bütün ailələrdə keçməyə bilər. Son nəticədə ata-anaların çoxu kompüter mütəxəssisi deyil və uşaqlarına sosial media təlimi verməyə də vaxt və səriştələri yoxdur.

Üstəlik, valideynlərin ayıq-sayıq olması da uşaqların sosial medianın tələlərinə düşməsinin önünü kəsməyə yetməyə bilər.

Nevin Radvan uşaqlarına telefon verəndə hər şeyi düz etdiyini düşünüb: hesablara məhdudiyyət qoyub, uşaqların parollarına çıxışı özündə saxlayıb, gecələr telefonu onlardan alıb və hər şeyin özəl rejimdə olmasına diqqət yetirib.

"Mən hər şeyin …uyğun olmasını təmin etdim", - özü 20 ildir informasiya texnologiyaları sahəsində çalışan Radvan belə deyir.

Onun qızının 13 yaşından tez telefonu olmayıb. Uşaq sosial media işlətməyə 8-ci sinifdə başlayıb. 16 yaşı olanda uşağa anoreksiya diaqnozu qoyulub.

"Biz COVID lokdaunlarının lap başlanğıcındaydıq və bu hal çox tez irəlilədi, çünki biz evdəydik və uşaq sosial mediada çox vaxt keçirirdi", - deyə Radvan xatırlayır.

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

İdmançı olan yeniyetmə Instagram-da idman hərəkətləri və sağlam qalmağın yollarını axtarmağa başlayıb. Ancaq tezliklə alqoritm ona "gündə 500 kaloridən az yemək" və "arıq qalmaq istəyirsənsə, körpə uşaq yelləncəyinə yerləşməlisən" tipli çellenclər göstərməyə başlayıb (İngiliscə "challenge" sözündən götürülüb və Azərbaycan türkcəsində "meydan oxuma" anlamına gəlir. Zaman-zaman sosial media öz gündəmi yaradır və bəzi mövzular sosial mediada çox geniş müzakirə doğurur -red.). Radvan deyir ki, iki-üç ayın içində uşaq xəstəxanaya düşüb.

İndi Radvan çıxışlarında sosial medianın yeniyetmələrə ziyanından danışır. O, Facebook və Instagram-ın ana şirkəti olan "Meta Platforms Inc."ə qarşı məhkəmə şikayətinə qoşulub. Şikayətin məqsədi texnologiya nəhəngini platformalarının uşaq və yeniyetmələrə vurduğu ziyana görə cavab verməyə məcbur etməkdir. Radvanın qızı sağalıb və artıq kollecə gedir.

"Ümid etmək strategiya deyil"

Bu işdə valideynlərin üzərinə məsuliyyət düşsə də, "The Associated Press"ə danışan yeniyetmə və ekspertlərin çoxu məktəblərin uşaqlara "rəqəmsal vətəndaşlığı" öyrədən əsas yer olduğunu düşünür. "Rəqəmsal vətəndaşlıq" xəbər mediası savadlılığı, kiberbullinq, sosial media balansı və indi hətta süni zəka savadlılığı kimi mövzuları özündə əks etdirən termindir.

"Bizə cinsi təlim keçirlər, ancaq, məsələn, onlayn təhlükəsizlik kimi şeyləri keçmirlər. Özü də çox sayda uşaq sekstorşn (seks qəsbi) üzündən intihar edərək ölür", - Naşvildəki Vanderbilt Universitetinin 18 yaşlı birinci kurs tələbəsi Bao Le belə deyir.

"Ümid etmək strategiya deyil. Sosial medianı görməzdən gəlmək də strategiya deyil. Axı biz gerçək yaşamla üzləşməliyik", - "Common Sense Media" qeyri-kommersiya təşkilatının təhsil üzrə vitse-prezidenti Merve Lapusun sözləridir. "Common Sense Media"nın rəqəmsal vətəndaşlıq kurrikulumundan ABŞ-nin 90 mindən çox məktəbində istifadə edilir.

"Düşünürəm ki, hazırda çətinliklərdən biri [sosial mediadan istifadənin] yalnız problematik olduğu zaman diqqət mərkəzinə çevrilməsidir", - Lapus belə deyir.

XS
SM
MD
LG