Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Sovet senzurasının böyük ekrana buraxmadığı 10 film


“Cinayət və cəza” (Преступление и наказание), 1940

Rejissor Pavel Kolomoytsevin Mixail Zoshenkonun pyesi əsasında çəkdiyi bu qısametrajlı film senzuradan keçməyib. Ancaq bu pyes teatr səhnələrində uğurla oynanılırdı. Filmin senzuradan keçməməsinin səbəbi süjetin dövlətin malını talayan baş qəhrəmanın narahatlığı üzərində qurulması olub. Filmin yaradıcılarının onu xilas etmək səyləri uğursuz olub. Tamaşaçılar bu filmi yalnız 1989-cu ildə görə biliblər. Üstündən yarım əsr keçsə də film hələ aktuallığını itirməmişdi.

“Dörd nəfərin ürəyi” (Сердца четырёх), 1941

Konstantin Yudinin bu filminin çəkilişləri Böyük Vətən müharibəsinin başlanmasından bir qədər əvvəl bitib. Ancaq filmin nümayişinə qadağa qoyulub. Göstərilən səbəbi isə belə formulə ediblər:

“Sovet ziyalılarının həyatının və Qızıl Ordunun təhrif edilməsi».Film dörd il rəfdə gözləyəndən sonra ekranlara çıxarılıb. Tamaşaçılar bu filmi çox yaxşı qarşılayıblar. Film hətta 1945-ci ildə sovet prokatında beşinci yeri tutub.

“Ulduz” (Звезда), 1949

Sovet kəşfiyyatçıları haqda çəkilmiş bu filmin gözəl tərəfləri çox idi. Onun yalnız bir mənfi cəhəti var idi: sonda bütün qəhrəmanlar ölür. Bu fakt yoldaş Stalinin kefini pozub və o filmi yenidən çəkməyi tapşırıb. Bəlkə də bu qərara haqq qazandırmaq olar. Çünki əslində filmin qəhrəmanlarının prototipi olan kəşfiyyatçıların hamısı tapşırığı yerinə yetirəndən sonra sağ-salamat öz iş yerlərinə qayıtmışdılar. “Ulduz” filmi 1953-cü ildə ekrana çıxıb.

“Şam ziyafəti” (Званый ужин), 1953Fridrix Ermlerin bu qısametrajlı filmi ekrana “Sınmış arzular” (Разбитые мечты) adı ilə çıxmalı imiş. Ancaq film o qədər kəskin və ifşaedici olub ki, tamaşaçılar onu yalnız 10 ildən sonra və fərqli adla görüblər. Yaltaqlıqla özünə karyera qurmağa çalışan məmur obrazı çox parlaq alınıb. Amma senzorlar belə qərara gəliblər ki, o, sovet məmurunun obrazına uyğun gəlmir.

“Pis lətifə” (Скверный анекдот), 1966

Film Fyodor Dostoyevskinin hekayəsi əsasında çəkilib. Ancaq onun ekrana çıxması 20 il ləngidilib. Müşavir İvan Pralinskinin rejissorlar Alov və Naumovun interpretasiyasında işlənmiş əhvalatı senzorların xoşuna gəlməyib. Bəlkə də baş qəhrəmanın “demokratiya oyunları” və gözlənilməz final – xalqın arasına çıxma səhnəsi cəmiyyətdəki real vəziyyəti həddindən çox real əks etdirirdi. Film 1987-ci ildə ekrana çıxıb.

“Sevən, ancaq ərə getməyən Asya Klyançinanın əhvalatı” (История Аси Клячиной, которая любила, да не вышла замуж), 1967

Andrey Konçalovskinin Yuri Klepnikovun ssenarisi əsasında çəkdiyi bu filmi tamaşaçılar premyera nümayişindən yalnız 20 il sonra görə biliblər. Film həddindən artıq real çəkildiyi üçün rədd edilmişdi. Kolxozçuların öz həyatları haqda xatirələri, gözə girən səfalət və perspektivlərin olmaması – bütün bunlar sovet vətəndaşlarının hər yerdə xoşbəxt olması haqda təbliğata uyğun gəlmirdi.

“Komissar”, 1967

Aleksand Askoldovun bu filmi də 20 il rəfdə gözləməli olub. Rejissorun özünü isə peşə səriştəsizliyinə görə işdən və partiyadan qovublar, özünə də bədii film çəkməyi qadağan ediblər.

Filmin premyerası 1987-ci ildə baş tutub. Onun bu vaxta qədər qorunub saxlanması isə rejissor və ssenarist Sergey Gerasimovun sayəsində mümkün olub.

O, filmin yeganə neqativini öz seyfində saxlayırmış. Ola bilsin ki, bu Askoldovun montaj otağından gizli çıxardığı həmin o nüsxə idi. Vətəndaş müharibəsi dövrü qadın komissarın hekayəsi antisovet fikirlərin təcəssümü kimi görünsə də, əslində o dövrün dəhşət və xaosunu əks etdirirdi.

“Ədəbiyyat dərsi” (Урок литературы), 1968

Viktoriya Tokarevanın hekayələri əsasında çəkilmiş bu tragikomik film hələ 1968-ci ildə ekrana çıxmalı olsa da, ilk dəfə 1989-cu ildə göstərilib. Əvvəlcə filmin adı “Yalansız bir gün” (День без вранья)) bəyənilməyib.

Senzorlara görə sovet gerçəkliyi doğruçuluq üzərində qurulmuşdu, ona görə də “yalansız bir gün” ola bilməz. Filmin yaradıcıları onun adını dəyişib «Ədəbiyyat dərsi» qoyublar. Ancaq heç bu da filmi rəfə göndərilməkdən xilas etməyib. Filmi düşmən təbliğatı adlandırıblar, ədəbiyyat müəllimi olan baş qəhrəmanı isə sovet müəllimi obrazına uyğun saymayıblar.

“Müdaxilə” (Интервенция), 1968

Gennadi Polokanın Lev Slavinin pyesi əsasında çəkdiyi bu film 19 il rəfdə qalıb. Filmin prokatına şəxsən veto qoyan “Qoskino”nun sədri Aleksey Romanov onu “Lenfilm” studiyasının açıq bədii iflası adlandırıb. O deyib ki, filmin yaradıcıları həddindən artıq ciddi ideoloji səhvlər buraxıblar. Ancaq filmin uğurlu premyerası hələ 1967-ci ildə baş tutmuşdu. Tamaşaçılar onu yalnız 1987-ci ildə görə biliblər.

“Yollarda yoxlama” (Проверка на дорогах), 1971

Aleksey Germanın bu filmi az qala antisovet hesab olunaraq rədd edilib. Filmin qəhrəmanlarının insan zəifliyi göstərməyə ixtiyarı yox idi. Onlar hər şeyə rəğmən sovet partizanı və qəhrəman adını yüksək tutmalı idilər. Film 15 ildən sonra ekranlara çıxanda nəinki çoxsaylı kino festivallarının mükafatçısı olub, hətta SSRİ Dövlət mükafatına da layiq görülüb.

XS
SM
MD
LG