Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:51

445 min mənzildə niyə hələ də su sayğacı yoxdur?


Su sayğacları.
Su sayğacları.

Ötən il «Azərsu» ASC 105 min 90 mənzildə su sayğacı quraşdırıb. Hələ də 445 minə yaxın ailənin su sayğacı olmadığından, hökumətin müəyyənləşdirdiyi norma – adambaşına ayda 5 ton hesabı ilə ödəniş aparılır. Mütəxəssislər deyirlər ki, bu vəziyyət su təchizatçısına maddi baxımdan çox sərfəlidir.

«Azərsu» ASC açıqlayıb ki, yanvarın əvvəlinə 897 min 350 ailənin mənzilində suölçən cihazlar quraşdırılıb. Amma bu rəqəm sudan mərkəzləşmiş qaydada yararlanan istehlakçıların yalnız 66,9 faizidir. Əhali qrupuna daxil olan 1 milyon 342 min 248 abonentin 445 mini hələ də köhnə qayda ilə supulu ödəyir.

Buna da bax:​ 'Azərsu' bu gedişlə sayğaclaşdırmanı 8 ilə başa çatdıra bilər

Bəzi şəhərlərdə sayğacsız mənzillər daha çoxdur

Yeni sayğacların quraşdırılması ötənilki sürətlə davam edərsə, vətəndaşların hamısının suölçmə cihazları ilə təmin olunması, ən yaxşı halda, 2021-ci ildə başa çata bilər. Hazırda Bakıda əhalinin 79 faizi, Sumqayıtda - 73 faizi, Şirvan və Mingəçevirdə - təxminən 40 faizi, Gəncədə isə 26 faizi sayğac hesabı ilə supulu ödəyir.

Son dövrlər mənzillərdə yalnız əvvəlcədən ödəmə kartları ilə işləyən sayğaclar quraşdırılır. Sayğacların Gəncədəki cihazqayırma zavodundan alındığı da verilən xəbərlər arasındadır.

Buna da bax: «Azərsu» dövlət pullarını kimə və necə xərcləyir? [Video]

Özəl müəssisələrlə «razılaşma qaydası»

Maraqlıdır ki, su sayğacları ilə təmin olunmayan təkcə vətəndaşlar deyil. Qeyri-əhali qrupuna daxil olan, yəni istehsal, xidmət, ticarət sektorunda çalışan, eləcə də dövlət müəssisə və qurumlarının 10 min 500-ü (istehlakçıların 18 faizi) hələ də sayğac göstəricisi ilə deyil, «Azərsu» ASC ilə «razılaşma əsasında» işləyir.

Eyyub Hüseynov: «Sayğac olsa, 3 dəfə az ödəyər»

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov sayğacdan yararlanan vətəndaşların əvvəlkinə nisbətən orta hesabla 3 dəfə çox pul ödədiyini deyir:

«Sayğac, birmənalı olaraq, istehlakçılara xeyirdir. Lakin su təchizatı şirkəti ilə apardığımız danışıqlarda iddia olunur ki, sayğaclaşdırmanı sürətləndirməyə vəsait çatmır».

Buna da bax:​ Sayğac tenderində şübhəli rəqəmlər

Eyyub Hüseynov yeni sayğacların alınıb quraşdırılmasına dövlətin əlavə vəsait ayırmasını zəruri və tək çıxış yolu sayır.

Təzə binalara sayğacı satırlar

İstehlakçı hüquqlarının müdafiəçisi əlavə edib ki, demək olar, bütün yeni tikilmiş çoxmənzilli binalarda su sayğaclarını binaları inşa edən şirkətlər satır. Halbuki, qanunvericiliyə əsasən, təbii inhisar subyekti olan kommunal xidmətlərin təchizatçıları sayğacları ödənişsiz təqdim etməlidir.

«Azərsu» nə deyir?

Məsələ ilə bağlı su təchizatçısının mövqeyi də var. «Azərsu» ASC-nin mətbuat katibi Anar Cəbrayıllı AzadlıqRadiosu-na deyib ki, son 6 ildə şəbəkəyə 400 mindən çox yeni abonent qoşulub. O, sayğaclaşmanın zəif templə getməsi barədə iradlara da aydınlıq gətirib. Qurumun sözçüsü bunu sovet dönəmində, təbii qaz və elektrik enerjisindən fərqli olaraq, su sayğaclarının daha az mənzildə olması ilə əlaqələndirib. Başqa sözlə, kommunal təchizatçılar eyni start vəziyyətində olmayıblar.

Buna da bax:​ Prezident: 'Kommunal tariflər qonşu ölkələrdən bir neçə dəfə aşağıdır'

«Təkcə ötən il 116 min sayğac quraşdırmışıq. Buraya sıradan çıxan sayğacların yenilənməsi də daxildir. Smart sayğacların quraşdırılması həm istehlakçının, həm də bizim mənafeyimizə cavab verir. Çünki bəzi istehlakçılar mənzilini çox sayda ailə üzvü olan şəxslərə kirayəyə verir, amma supulu qeydiyyatda olan adam sayına görə ödənilir», - Anar Cəbrayıllının sözləridir.

“Azərsu” sözçüsü onu da bildirib ki, bu il quraşdırılacaq sayğacların sayı prosesə ayrılacaq investisiyadan asılı olacaq.

XS
SM
MD
LG