Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Elmar Məmmədyarov: 'Yəqin ki, bu alınmadı və qərar bölgəni tərk etmələri oldu'


Rusiya sülhməramlıları və Dağlıq Qarabağı tərk edən ermənilər
Rusiya sülhməramlıları və Dağlıq Qarabağı tərk edən ermənilər

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.

Həmçinin, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Amma Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. Bəs görəsən, bu prosesi ilyarım önə çəkən hansı amillərdir? Çünki ötən ilin sonlarında erməni əhali Qarabağı kütləvi tərk edəndə belə, sülhməramlıların Azərbaycandan getməsi məsələsi gündəmə gəlməmiş, yalnız sonradan bəzi məntəqələrin azaldıldığı bildirilmişdi.

Üstəlik, elə bu ayın əvvəlində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirmişdi ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb edilməsi planlaşdırılır.

İlham İsmayıl
İlham İsmayıl

"Kreml gördü ki, Qarabağ erməniləri…"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan getməsinin əsas səbəbini elə erməni əhalinin oranı kütləvi tərk etməsi ilə əlaqələndirir: "Rusiya ərazidə başqa ölkənin hərbi kontingentini istəmirdi və bu, Azərbaycanın maraqlarına da uyğun idi. Ancaq son ana qədər Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi nəticəsində Paşinyanın yerinə gələcək adama xoş olması üçün Qarabağ ermənilərinin geri qayıtmasını aktuallaşdırmaq niyyətində idi. Bununla Bakı və Yerevana təzyiq də edirdi. Hələ fevralda Rusiya xarici işlər nazirinin müavini Qaluzin bildirmişdi ki, Qarabağ ermənilərinin geri qayıtmasının ən yaxşı qarantı sülhməramlı qüvvələridir".

Onun sözlərinə görə, lakin belə açıqlamalar Ermənistanda əks-səda doğurmadı: "Kreml gördü ki, Qarabağ erməniləri Azərbaycanın şərtləri ilə heç vaxt qayıtmayacaqlar. İkinci səbəb Ukrayna savaşıdır".

"Sülhməramlıların bölgədə qalmasının motivi sıradan çıxdı"

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə mövzu ilə bağlı "Turan"a açıqlamasında belə bir gümanını dilə gətirib ki, Azərbaycan tərəfi Rusiya qarşısında sülhməramlıların çıxarılmasını qaldırıb.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Keçmiş nazir hesab edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasının motivi yox idi: "2023-cü ilin sentyabrına qədər Qarabağda ermənilər yaşayırdı və 2020-ci ilin bəyanatında Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinin məqsədi əks olunmuşdu. Amma indi Qarabağda erməni yoxdur, onlar kimi qoruyacaq?! Bir ara Rusiya rəsmiləri deyirdi ki, ermənilərin qayıtması üçün şərait yaratmağa hazırdırlar. Amma sonra başa düşdülər ki, onlar qayıtmayacaq, çünki Azərbaycan onların vətəndaşlığı qəbul etməsi tələbini qoymuşdu. Onlar isə bu tələbi qəbul etmədilər. Ona görə Rusiya sülhməramlılarının bölgədə qalmasının motivi sıradan çıxdı".

"Sentyabrın 24-dək məsələnin bitəcəyi bildirilir"

İ.İsmayıl inanmır ki, Rusiya ordusunun Qarabağda qalması üçün ekstremal şərait yaransın: "Rusiya da bunu gözləmədiyi üçün belə qərar verdi".

Ekspertin fikrincə, sülhməramlı kontingentin bir hissəsi də Qarabağda saxlanılmayacaq: "2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Rusiya sülhməramlılarının bir hissəsi onsuz da Azərbaycandan çıxmışdı. Artıq onların Qarabağda qalması barədə rəsmi heç nə yoxdur. Əgər rəsmi şəkildə desəydilər ki, bir hissəsi qalır, o zaman sual aktual olardı. Amma Kremlin mətbuat katibi Dmitri Peskovun bəyanatında tərk etmə prosesinin başlandığı qeyd olunur. Bu il sentyabrın 24-nə qədər məsələnin bitəcəyi bildirilir. Kontingentin bir hissəsi o zaman qalardı ki, Qarabağ ermənilərinin geri qaytarılmasına cəhd olardı…".

E.Məmmədyarov da inanmır ki, Rusiya bölgədə hərbi kontingentinin bir hissəsini saxlasın: "Bəli, vaxtilə mən də demişdim ki, onları minatəmizləmə işlərinə cəlb etmək olar, çünki bekar oturmaqdansa, sülhməramlıların minaların təmizlənməsində təcrübələrindən yararlanmaq mümkündür. Yəqin ki, bu alınmadı və qərar bölgəni tərk etmələri oldu".

Üstəlik, E.Məmmədyarov Rusiyanın sülhməramlıları çıxartmaq şərti ilə rəsmi Bakının üzərinə hansısa öhdəlik qoyulması barədə deyilənləri bölüşmür: "Yox, inanmıram. Məsələ ondadır ki, Qarabağ Azərbaycan ərazisidir və qanunvericiliyimizə əsasən, ölkədə xarici ölkələrin hərbi bazalarının saxlanılması qadağandır. Əvvəldə dediyim kimi, bölgədə ermənilər də qalmayıb ki, onları qorusunlar. Bütün hallarda sualınıza ya Xarici İşlər Nazirliyindən, ya da Prezident Administrasiyasından cavab verilə bilər, mənim məlumatım yoxdur".

"Onsuz da Azərbaycan Rusiya üçün dəhlizlərin açılması baxımından çox önəmli qonşudur",- Məmmədyarov fikrini tamamlayıb.

Onun dedikləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasından mövqe olmaq mümkün olmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) beş illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanmışdı.

XS
SM
MD
LG