Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

«Dedilər, yıxılıb, başı zibil qutusuna dəyib»


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«Aprelin 27-də axşam saat 11 radələrində polislər məhəlləyə tökülüb, qardaşımı qandallayıb, maşına oturdub aparıblar. Səhəri gün eşitdik ki, Sumqayıt Xəstəxanasının reanimasiya şöbəsinə götürülüb. Bir gün də keçdi, qardaşım elə reanimasiyada keçindi».

Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar
Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar

​Elşən Mehdiyev AzadlıqRadiosuna danışır ki, 37 yaşlı qardaşı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncə olunub. İdarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra - aprelin 29-da dünyasını dəyişib:

«ORTAYA GİRİB Kİ, ONLARI AYIRSIN»

«Məhəllədə iki nəfər dalaşıb, qardaşım da ortaya girib ki, onları ayırsın. Bu vaxt polislər gəlib, nədənsə dalaşanlar kənarda qalıb, qardaşımı qandallayıb özləriylə aparıblar. Qardaşımda qıcolma xəstəliyi vardı. Hami bilirdi ki, xəstə adamdır. Qonşular bu barədə polislərə də deyiblər, xahiş ediblər ki, «xəstəni niyə aparırsınız, günahı da yoxdur». Ancaq polislər qandallayıb aparıblar».

Elşən Mehdiyevin sözlərinə görə, polislər qardaşını apararkən o, evdə olmayıb. Evə qayıdıb hadisəni eşidəndə, polis idarəsinə gediblər. Ancaq Sumqayıt polisindən ailə üzvlərinə Rəşadın idarəyə gətirilmədiyini deyiblər. Ailə də, necə deyərlər, Rəşad axtarışına çıxmalı olub:

Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar
Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar

«Sabahı gün Rəşadı Sumqayıt xəstəxanasından tapdıq. Reanimasiya şöbəsindəydi. Həkimlər dedilər ki, səhərə yaxın Sumqayıt polisindən təcili yardım maşını ilə gətirilib. Başında zədələr var, kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağırdır. Getdik polis idarəsinə ki, məsələni aydınlaşdıraq. Bizə dedilər ki, «Rəşad gecə idarəyə gətiriləndən sonra yıxılıb, başı zibil qutusuna dəyib»».

Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar
Rəşad Mehdiyevin meyidində işgəncə olduğu iddia edilən yaralar

«SONUNA QƏDƏR GEDƏCƏYİK»

Elşən Mehdiyev qardaşının bədənində, əsasən də başında işgəncə izləri olduğunu deyir:

«Fotolarını da çəkmişik, mayın 4-də Daxili İşlər Nazirliyinə çağrılmışıq. Hamısını aparıb ora təqdim edəcəyik. Bu işin sonuna qədər gedəcəyik».

Sumqayıt şəhər Prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, Rəşad Mehdiyevin ölüm faktı üzrə cinayət işi başlanıb. Mərhumun yaxınlarının, Sumqayıt Polis İdarəsinin bir neçə əməkdaşının izahatları alınıb. Ölümün səbəbi ekspertiza rəyi prokurorluğa daxil olduqdan sonra bilinəcək.

DİN: «MƏLUMATLARIN HÜQUQİ ƏSASI YOXDUR»

Daxili İşlər Nazirliyi isə Rəşad Mehdiyevin işgəncəyə məruz qalması barədə məlumatların heç bir hüquqi əsası olmadığını bildirir. Bu barədə AzadlıqRadiosu-na Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin açıqlaması daxil olub. Açıqlamada deyilir ki, aprelin 27-də axşam saatlarında 21-ci məhəlləyə yaxın ərazidəki kafelərdən birinin yaxınlığında bir şəxsin sərxoş halda dava-dalaş salması, ətrafdakıları təhqir etməsi barədə Sumqayıt polisinə məlumat daxil olub. PPX əməkdaşları hadisə yerinə gəliblər və bu zaman həmin şəxsin özündən gedərək yerə yıxılmasının şahidi olublar. Az sonra özünə gələn həmin adam yenidən anoloji hərəkətləri təkrarladığından polis əməkdaşları onu qandallanmış halda deyil, xidməti avtomobilə əyləşdirib polis bölməsinə aparıb. Yolda həmin şəxsin vəziyyəti yenidən pisləşib. Bölməyə gətiriləndən bir neçə dəqiqə sonra o, polis tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb. R. Mehdiyev xəstəxanaya daxil olduqdan təqribən iki gün sonra, aprelin 29-da beyninə qan sızmasından vəfat edib.

DİN Rəşad Mehdiyevin guya polis bölməsində işgəncəyə məruz qalması barədə deyilənləri «polisin işgüzar nüfuzuna xələl gətirmək cəhdi» adlandırır.

XS
SM
MD
LG