Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

'Mən heç bilmirəm ki, narkotik necə olur, amma narkotik ittihamıyla həbsdəyəm'


Tehran Abdullayev
Tehran Abdullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Tehran Abdullayev deyir ki, ömründə narkotik görməsə də, narkotik ittihamıyla həbsdədir. O, oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılanda belə deyib: "Mən heç bilmirəm ki, narkotik necə olur, amma narkotik ittihamıyla həbsdəyəm".

Apellyasiya şikayəti T.Abdullayevin 20 sutkalıq inzibati həbsi barədə Nəsimi rayon Məhkəməsinin qərarından sonra verilib. Polislər məhkəmədə iddia edib ki, AXCP fəalı küçədə özünü şübhəli aparıb, onun narkotikin təsiri altında olduğunu düşünərək saxlayıblar. Sonra T.Abdullayevi Nəsimi rayonu, 20-ci polis bölməsinə aparıblar. Müayinədən sonra onun narkotikdən istifadə etməsi haqda rəy verilib.

"Xitam verməsəniz belə, heç olmasa..."

48 yaşlı cəbhəçi isə deyir ki, yalandır, onu inşaat materialları satılan mağazada saxlayıblar. Usta ilə danışıb, hansı materialları almağı məsləhətləşdiyi vaxtda polislər mağazaya daxil olaraq onu saxlayıb aparıblar.

T.Abdullayevin sözlərinə görə, öncə ona deyilib ki, hansısa polisin fotosunu çəkib, bu məsələ aydınlaşdırılmalıdır.

AXCP üzvü vurğulayıb ki, bir neçə gün hansı ittihamla həbsdə saxlandığını bilməyib. O, siyasi mövqeyinə görə cəzalandırıldığını düşünür.

Nemət Kərimli
Nemət Kərimli

Oktyabrın 25-də apellyasiya məhkəməsində vəkili Nemət Kərimli narkotik ittihamının əsassız olduğunu söyləyərək inzibati xəta işinə xitam verilməsini istəyib: "Xitam verməsəniz belə, heç olmasa, indiyədək həbsdə saxlandığı 10 günlə kifayətlənib, 20 günlük cəzanın yarıya endirilməsini və onun azadlığa buraxılmasını xahiş edirəm".

Hakim Zamin İbrahimov apellyasiya şikayətini təmin etməyib.

Vəkil N.Kərimli AzadlıqRadiosuna bildirib ki, T.Abdullayev haqqında həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək: "İnzibati həbslərdə sonuncu hüquqi müdafiə vasitəsi apellyasiya məhkəməsinə şikayətdir. Bu işlərdə Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ona görə də apellyasiya məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət edəcəyik".

Xatırlatma

Hazırda müxalifətdə olan AXCP-nin 10-dək fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini bildirib. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahıya görə, indi Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG