Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 07:55

'Telefon danışıqlarının televiziyada yayımlanması adi hala çevrilib'


Bakıda üz tanıma kameraları - təhlükəsizlik, yoxsa siyasi maraqlar
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Bakıda üz tanıma kameraları - təhlükəsizlik, yoxsa siyasi maraqlar

Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bir sıra məsələlərlə yanaşı, paytaxtda təhlükəsizliklə bağlı vəziyyətə də toxunub. O, həyətlərə təhlükəsizlik kameralarının quraşdırılmasının vacibliyini vurğulayıb. «Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun», - prezident bildirib

A.Hacılı
A.Hacılı

«Yeganə məqsəd insanları daha çox nəzarət altına almaqdır»

Müsavat Partiyasının başqanı Arif Hacılı AzadlıqRadiosuna deyib ki, dünyada təhlükəsizlik kameralarına münasibət fərqlidir: «Almaniyada, Belçikada təhlükəsizlik kameraların bəzi yerlərdə quraşdırılması qadağandır, çünki təhlükəsizlik kameraları praktiki olaraq insanların şəxsi həyatına nəzarət etmək imkanları yaradır. Nəzərə alsaq ki, Azərbaycanda faktiki olaraq insanların hüquq və azadlıqları daim tapdalanır və daim nəzarət altındadır, təhlükəsizlik kameralarının artırılmasında yeganə məqsəd insanları daha çox nəzarət altına almaqdır».

«Azərbaycanda telefonlar dinlənilir»

A.Hacılı əlavə edib ki, ölkədə insanlara digər vasitələrdən istifadə etməklə də nəzarət olunur: «Azərbaycanda telefonlar dinlənilir. Hətta iş o yerə çatıb ki, insanların şəxsi telefon danışıqlarının televiziyada yayımlanması adi hala çevrilib. Azərbaycan Konstitusiyasına referendumla belə bir müddəa daxil edilib ki, vətəndaşların icazəsi olmadan onların videosunu, şəklini çəkmək, səsini yazmaq qadağandır. İndi hətta bloklara da təhlükəsizlik kameraları qoymaqla insanların bütün şəxsi həyatını izləmək xətti götürüblər. Bu, həm insan haqlarına, həm də bütövlükdə Azərbaycan Konstitusiyasına ziddir».

A.Abbas
A.Abbas

«Adi adamlar öz təhlükəsizliyini təmin etmək üçün belə vasitədən istifadə edirlər»

Milli Məclisin deputatı Aqil Abbas isə «Turan» agentliyinə bildirib ki, bir çox ölkələrdə təhlükəsizlik kameraların sayı çoxdur: «Avropa ölkələrində hətta parklara da kameralar qoyulur. Təhlükəsizlik kameraları cinayətlərin açılmasında müəyyən rol oynaya bilir. Amma bu o demək deyil ki, təhlükəsizlik kameralar qoyulursa, ölkədə cinayət olmayacaq. Sadəcə, həmin kameralar maşınla adamı vurub qaçanları, qarət edənləri müəyyən etməyə kömək edir. Şəhərdə təhlükəsizlik kameraların olmasının heç bir ziyanı yoxdur. Düzdür, bəzi insanlar özünü pis hiss edir ki, təhlükəsizlik kameralar var, onların üzərində diqqət daha çoxdur. Belə bir psixoloji məqam var, amma kameraların olmasında qeyri-adi heç nə yoxdur».

Deputat vurğulayıb ki, insanlar özləri öz həyətlərində təhlükəsizlik kameraları quraşdırırlar: «Yaşadığım ərazidə camaat evlərin qabağında təhlükəsizlik kameraları qoydurub. Adi adamlar öz təhlükəsizliyini təmin etmək üçün belə vasitədən istifadə edirlər».

İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, Azərbaycanda texnika vasitəsilə təhlükəsizliyin yaradılması dar çərçivədə təmin edilib: «Təhlükəsizlik kameraları təhlükənin qarşısını almaq üçün yox, hər hansı cinayət baş verərsə, onu aşkar etmək, onun haqqında xəbər çatdırmaq üçündür. Kameraları qoymaqla təhlükəsizlik yaradılmır. Dünyanın bir çox ölkələrində kameralar var, lakin bu, cinayətlərin sayına təsir göstərmir. Ölkədə başqa tədbirlər görmək lazımdır ki, təhlükələr yaranmasın».

«İnsanlara nəzarət onsuz da var»

Onun fikrincə, təhlükəsizlik kameraları həyətlərə quraşdırmaqla hakimiyyət insanların hər bir addımını izləmək niyyətini güdmür: «İnsanlara nəzarət onsuz da var. Kamerasız da hər şey izlənilə bilir, başqa formada, başqa şəkildə. Bu, təkcə bununla bağlı deyil. Ola bilsin, bilmək istəyirlər ki, kim harada toplaşır və sair. Lakin kameralardan bu məqsədlə istifadə edilməsi ehtimalı çox aşağıdır. Digər vasitələrlə hər şey barədə daha dəqiq bilmək olur».

Bəzi ekspertlər deyir ki, bu məsələlərlə bağlı dövlətin ayırdığı vəsaitlərin bir hissəsinin mənimsənilməsi də baş verə bilər. Hərçənd, rəsmilər ölkədə korrupsiya ilə amansız mübarizənin vacibliyindən danışırlar.

XS
SM
MD
LG