Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Azərbaycanda medianın gəlirləri necə formalaşır?


"Televiziyalarda səviyyəsiz, mənasız verilişlər artıb'
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

"Televiziyalarda səviyyəsiz, mənasız verilişlər artıb'

Media qurumlarının müstəqil fəaliyyətinə qaçılmaz şərtlərdən biri dayanıqlı maliyyə qaynaqlarıdır. Azərbaycanda əksər media orqanlarının maliyyə göstəriciləri ilə tanış olmaq elə də asan deyil. Axı bir çox digər sahələr kimi, burada da şəffaflıq və hesabatlılıqla bağlı çətinliklər var. Əldə olan rəqəmlər bu sahədə ciddi çağırışlar olduğunu göstərir.

Audiovizual Şuranın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda audiovizual industriya bazarının toplam reklam gəlirləri 42 milyon 300 min manat olub. Bu göstərici sırf ümumölkə yayımçısı sayılan 11 telekanala və 12 radioya məxsusdur. Qeyd edilən məbləğin 85 faizi, yəni 35 milyon 900 min manatı telekanalların payına düşür. Həmin telekanallar AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV və Real TV-dir. Qurumun açıqlamasında həmin telekanalların bazar paylarına yer verilməyib.

Yerdə qalan 15 faizlik – 6 milyon 400 min manat radio kanallarının əldə etdiyi reklam gəlirləridir. Qeyd edək ki, Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu və Media FM ümumölkə yayımçısı sayılan radiolardır.

Şuranın açıqlamasında 2019 və 2020-ci illərdəki göstəricilər yer almasa da, bildirilir ki, ötən il reklam gəlirləri 2019 və 2020-ci illərlə müqayisədə ciddi ölçüdə artıb. Qurum bunun reklam qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində Audiovizual Şuranın atdığı addımlardan qaynaqlandığını düşünür.

Ölkədə reklam bazarıyla bağlı göstəriciləri Dövlət Statistika Komitəsi (DSK) də açıqlayır. Rəsmi rəqəmlərə görə, ötən il ölkənin reklam bazarında məhsul satışından və xidmət göstərilməsindən əldə olunan toplam gəlir 99 milyon manata yüksəlib. Bu, 2020-ci illə müqayisədə 20 milyon manat artım deməkdir. Başqa deyimlə, son bir ildə ölkənin reklam bazarının həcmi 25 faizə yaxın artıb.

Əhalisi Azərbaycandan üç dəfə az olan Gürcüstanın reklam bazarı daha böyükdür

Azərbaycanda telekanalların reklam gəlirlərinin yetərlilik səviyyəsini bilmək üçün qonşu ölkələrlə müqayisə aparıla bilər. İstər əhali sayına, istərsə iqtisadiyyatının həcminə görə Azərbaycandan təxminən üç dəfə geri qalan Gürcüstanda telekanalların reklam gəlirləri daha çoxdur. 2020-ci ilin göstəricilərinə görə, həmin il gürcü telekanalları 75 milyon lari, yəni 40 milyon manatdan çox reklam gəliri qazanıb. Azərbaycanda təsəvvür edilməsi belə mümkünsüz görünən bir məqam da diqqət çəkir. Həmin məbləğin təxminən 15 milyon larisi siyasi partiyalar hesabına formalaşıb. 2020-ci ildə ölkədə parlament seçkiləri olduğundan siyasi partiyalar da telekanallarda reklam yerləşdirib. Onların reklama ayırdığı vəsaitin cəmi 1/3 bölümü iqtidar partiyasına, yerdə qalanı bir neçə müxalif partiyalara məxsus olub.

Büdcədən kanallara nə qədər ayrılır?

Ötən ilin dövlət büdcəsində telekanallara ayrılan vəsaitin həcmi 55 milyon 700 min manatdır. Bu vəsaitin 51 milyon 700 min manatı dövlət büdcəsindən maliyyələşən dörd telekanala (AZTV, Mədəniyyət TV, İdman TV və İTV) və iki radioya (İctimai Radio və Azərbaycan Radiosuna) çatıb. Yerdə qalan dörd milyon manat özəl telekanal və radiolar arasında bölüşdürülüb.

Dövlət büdcəsindən ayrılan vəsaitin ən böyük alıcısı sayılan Azərbaycan Televiziyasının maliyyə hesabatından aydın olur ki, qurumun maliyyə göstəriciləri bir o qədər də ürəkaçan deyil. Ötən il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin toplam gəliri 34 milyon 846 min manat, xərcləri isə 36 milyon 817 min manat olub. Beləcə, AZTV ili 2 milyon manata yaxın zərərlə başa vurub. Qurumun il ərzindəki gəlirlərinin 90 faizi – 31 milyon manatdan çoxu dövlət büdcəsindən köçürmələr hesabına formalaşıb. Bu baxımdan, AZTV-nin maliyyə hesabatından həm də o aydın olur ki, dövlət televiziyasının reklam bazarındakı payı çox kiçikdir.

Medianın İnkişafı Agentliyinin qrantları

Azərbaycanda media orqanlarının maliyyələşdirilməsinə Medianın İnkişafı Agentliyi də qatılır. Qurumun aylıq maliyyə dəstəyi göstərdiyi qurumlar arasında həm onlayn media subyektləri (vebsaytlar), həm də çap mediası – qəzetlər var. Agentliyin bu ilin əvvəlində nəticələrini açıqladığı müsabiqənin onlayn media subyektləri arasında 39 qalibi olub. Müsabiqənin qalibi olan vebsaytların hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımı göstərilir.

Agentlik hər ay 16 qəzetə maliyyə ayırır. Bu qəzetlərdən altısı ("525-ci qəzet", "Şərq", "Səs", "Bakı-xəbər", "Yeni Azərbaycan" və "Yeni Müsavat") hər ay Medianın İnkişafı Agentliyindən 15 min manat vəsait əldə edir. Həftədə 1 sayı yayımlanan digər 10 adda qəzetə isə hər ay 5 min manat verilir. Müstəqil ekspertlərin fikrincə, Medianın İnkişafı Agentliyinin maliyyələşdirdiyi media qurumları müstəqil deyil və hökumətin göstərişi ilə hərəkət edir.

Azərbaycanda onlayn media resurslarının və çap mediasının digər gəlir mənbələri ilə bağlı rəsmi göstəriciləri görmək çətindir. Ancaq tenderlərlə bağlı məlumatlardan aydın olur ki, bəzi hallarda dövlət qurumları da media orqanlarının maliyyələşdirilməsinə qatılır. Məsələn, haqqin.az saytının təsisçisi Eynulla Fətullayev bir müddət öncə öz sosial şəbəkə hesabında yazmışdı ki, rəhbərlik etdiyi saytın 2020-ci ildə reklam və piar xidmətlərindən 800 min manata yaxın gəliri olub. Vergi və digər ödənişlərdən sonra sayt 400 min manat mənfəət əldə edib. Dövlət Satınalmalar Reyestrindəki bilgilərə görə, adıçəkilən sayt 2020-ci ildə, ən azı, iki tenderin qalibi olub. Həmin tenderləri o dövrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi və "Azərkosmos" ASC elan edib. Sayt bu qurumlardan, uyğun olaraq, 24 min və 8 min manat əldə edib. Hər iki halda xidmətin adı "Press-relizlərin internet xəbər portalında yerləşdirilməsi..." kimi qeyd edilib. Bu baxımdan, aydın olur ki, Azərbaycanda onlayn media qurumlarının maliyyələşdirilməsində dövlət qurumlarından press-relizlərin hazırlanması və yayımlanması ilə bağlı aldıqları vəsait də rol oynayır. Ancaq nəzərə almaq lazımdır ki, bu tip gəlirlərə çıxış imkanı yalnız məhdud sayda və müstəqil olmayan media qurumlarında var.

XS
SM
MD
LG