Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:27

Bir şirkət 3 ayda 28 tenderi necə udur?


Arxiv fotosu
Arxiv fotosu

«Tenderi udmaq üçün «yuxarıda» adamın olmalıdır», «dövlətin keçirdiyi tenderin qalibi əvvəldən bəllidir», «bu işdə «oyun qaydaları» başqadır - yedirtməsən, yeməzsən, yəni məbləğin bir hissəsin, öz dilərində desək, «otkat» kimi təşkilatçıya» verməlisən». Dövlət satınalmaları ilə bağlı rəyini soruşduğumuz iş adamlarının ortaq mövqeyi belədir. Hərçənd ki, bəzi şirkətlər üçün, dövlət satınalmalarında iştirak olduqca asan başa gəlir.

3 aya 28 müqavilə və 17 milyon manat

«Kontakt-F» MMC və «Star Construktion-12» MMC eyni gündə - bu ilin mart ayının 4-də təsis olunub. Onların bir-biri ilə bağlılığı məlum olmasa da, dövlət satınalmalarında sinxron iştirak etdikləri faktdır. Satınalmalara dair müsabiqələrin yekun protokollarına görə «Kontakt-F» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb.

«Star Construktion-12» MMC də bu dövrdə (2016-cı ilin ilk 6 ayında) müqavilə sayına görə (27) «Kontakt-F» MMC-yə yaxınlaşsa, onların məbləğinə görə xeyli geridə qalıb - cəmi 4 milyon 983 min 944 manatlıq. Qanunvericiliyin mal və xidmət təklif edən şirkətlər qarşısına qoyduğu tələblər bu yeni yaranan şirkətlər tərəfindən necə yerinə yetirilib? Bu, müəmma olaraq qalır.

Qanun nə tələb edir?

Milli qanunvericilik tenderlərə qeyri-peşəkar şirkətlərin yol tapmasının qarşısını alan müddəalar var. «Dövlət satınalmaları haqqında» qanunda, eləcə də kotirovka sorğusunun keçirilməsinə dair təlimatda iştirakçıların ixtisas göstəriciləri və potensial imkanları onlara qarşı irəli sürülən ən vacib şərtlərdir.

Iqtisadçi Rəşad Həsənovun fikrincə, beynəlxalq praktikaya söykənən bu norma dövlət vəsaitlərinin təsadüfi əllərə düşməsini önləməkdən ötrü, işin peşəkar səviyyədə və keyfiyyətlə görülməsinin təminatı kimi düşünülüb.

Qanun deyir, çörəyi ver çörəkçiyə

... nə sirdirsə, müşahidələrə, eləcə də mediada gedən yazılara görə, qaliblər arasında yeni yaradılmış şirkətlərə daha çox təsadüf edilir.

«Qanunda açıq-aydın yazılıb ki, satınalma prosedurunda iştirak etmək iddiasında olan şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini təsdiq etməlidir. Ən əhəmiyyətli məqam ondan ibarətdir ki, ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi tender prosedurunun istənilən mərhələsində tətbiq oluna bilər. Di gəl ki, nə sirdirsə, müşahidələrə, eləcə də mediada gedən yazılara görə, qaliblər arasında yeni yaradılmış şirkətlərə daha çox təsadüf edilir», - ekspert R. Həsənov deyir.

*** Bunlarada da baxın:

Kimyaçılara kimyagərlik dərsi

«Stell» MMC bu ilin iyun ayının 29-da rəsmi dövlət qeydiyyatına alınıb. Cəmi 5 manat kapitalı olan bu şirkət iyulun 21-də dövlətə məxsus «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nin (SKSP) texniki avadanlıqların satın alınması ilə əlaqədar keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bunadək heç bir təchizat səriştəsi olmayan, maliyyə imkanları şübhə döğuran bir şirkətin digər rəqiblərini arxada qoyadaq qalib gəlməsi heyrət doğurur. SKSP-nin tender komissiyası və onun tabe olduğu İqtisadiyyat Nazirliyi bu fenomeni AzadlıqRadiosuna şərh edə bilmədilər.

... tender elanlarında, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması tələbi irəli sürülsə də, bir qayda olaraq, ödəmə qabiliyyəti, satınalmalara görə məhkumluq, peşə fəaliyyəti ilə məşğul olmağa məhkəmə qadağasının olub-olmaması soruşulmur.

Bu, SKSP-nin təcrübəsiz şirkətlərlə əməkdaşlıq qurmasında nə birinci, nə də sonuncu örnəkdir. Bunadək, iyulun 19-da sənaye parkının administrasiyası buradakı üçmərtəbəli inzibati binanın əsaslı təmiri, eləcə də parkın ərazisinin hasarlanması və nəzarət buraxılış məntəqələrinin tikintisi işlərinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirilən 2 təkliflər sorğusunda bir neçə şirkət arasından «AZİN Construction» MMC-ni seçmişdi. Bu şirkət də bu ilin fevralında yaradılıb və SKSP ilə bağladığı iki müqavilə onun ilk işi olacaq.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, tenderlərə ictimai etimad aşağıdır. Dövlətin yüz milyonlarla manat vəsaitlərinin istifadə olunduğu tenderlərdə adı heç kəsə bəlli olmayan şirkətlər «at oynadır».

Şirkətlər etibarlılığını sübut etmirlər

Qanunda etibarsız şirkətlərin, eləcə də onların rəhbərlərinin dövlət satınalmalarına qatılmasını mümkünsüz edən normalar da var. Tender komissiyalarının onlara əməl-edib etməməsi haqda bir bilgi yoxdur. Belə ki, tender elanlarında, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması tələbi irəli sürülsə də, bir qayda olaraq, ödəmə qabiliyyəti, satınalmalara görə məhkumluq, peşə fəaliyyəti ilə məşğul olmağa məhkəmə qadağasının olub-olmaması soruşulmur.

Tender elanlarının təhlili göstərir ki, əksər dövlət təşkilatları bağlanacaq müqavilənin icrası məqsədilə iştirakçıların zəruri maliyyə və texniki imkanlarına malik olmasını həmin tender elanlarında qeyd edir. Amma bunu sənədli sübut kimi təqdim etməyi tələb etmirlər. Halbuki, qanunda tenderin əsas şərtlər toplusuna olan məcburi tələb var ki, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün onların mövcudluğunu təsdiq edən sənədlər də təqdim olunmalıdır.

Tenderə dəvət elanında da ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyar və prosedurların yazılışını qanun satınalan təşkilatdan tələb edir. Çünki ixtisas uyğunluğu şərtinə əməl etməyən iştirakçılar növbəti mərhələyə - iddiaçılar sırasına buraxılmaya bilər (maddə 36.5.1).

Tender komissiyalarının yol verdiyi və təcrübədə daha çox rast gəlinən qanun pozuntularından biri də elanların yarımçıqlığıdır. Alınan malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Dövlət qurumlarının tam əksəriyyəti, o cümlədən Ədliyyə Nazirliyi bu məqamı görməməzliyə vururlar. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyir.

Yeni yaranan şirkətlərin tender kommissiyasına təqdim etmək üçün bank təminatını necə aldığı da ortada olan suallardan biridir.

Banklar kimlərə təminat verir?

Dövlət satınalmalarında iştirakla bağlı tələblərdən biri də tender təklifinin 1-5 faizi arası bank təminatının alınmasıdır. Rusiya mənbələri yazır ki, bu ölkədə kredit götürmək bank təminatı almaqdan daha asandır.

Alınan malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyirlər.

Axı, bank təminatı müəyyən ödəniş qarşılığında versə də, müəyyən amilləri ölçüb-biçir: müştərinin dövlət satınalmalarında təcrübəsi varmı, maliyə vəziyyəti yaxşıdırmı, adı etibarsız malgöndərənlərin reyestrinə salınmayıb ki? Bəzən şirkət bankdan təminat məktubu almadan qayıtmalı olur.

Azərbaycandan fərqli olaraq Rusiyada 2014-cü ildən Bank Təminatlarının Vahid Reyestri var. Amma bununla belə bu ölkədə bankların Reyestrdəki şəxsi kabinetlərinin açarını sındırıb saxta bank təminatı sənədini tender komissiyasına təqdim edən fırıldaqçılar da tapılır.

“Kontakt-F” və başqaları bank təminatını necə alır?

Azərbaycanda saxta bank təminatı sənədi hazırlayanlar aşkara çıxarılmayıb. Amma nə işdirsə, yeni yaranan yüzlərlə şirkət bankdan daşdan keçən təminat ala bilir. Hərçənd, Hesablama Palatasının audit hesabatlarında ara-sıra qeyd olunur ki, təqdim olunan tender sənədlərinin içərisində hətta qalib şirkətlərin belə bank təminatlarını tapa bilməyiblər.

Yazının əvvəlində adı keçən Kontakt-F və Star Konstrakşn şirkətləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub.

Təkcə «Kontakt-F» MMC qalib gəldiyitenderlər üzrə ən azından 344 000 manat bank təminatını təqdim etməli olduğunu ehtimal etmək olar. Yeni yaranmış şirkətlərin bank təminatını necə əldə etdiyi məlum deyil.

Amma suallar bununla bitmir. Dövlət qurumlarının gənc podratçıları holdinq olmasalar da, çoxşaxəli istehsalat sahələrinə malik olmasalar da, büdcə hesabına satdıqları xidmətlərin və malların çeşidi bol olur.

Təmir də edir, paltar da tikir

Məsələn, “Kontakt-f” və “Star Construction-12”-nin udduğu tenderlər üzrə təqdim etdiyi xidmətlər əsaslı və cari təmirdən tutmuş, abadlaşdırma, müxtəlif avadanlıq, inventar, dəftərxana və təsərrüfat mallarının, ehtiyat hissələrinin təchizatı, xüsusi geyimlərin hazırlanması və s əhatə edib.

Təkcə Bakıda və Ucarda deyil, həm də Tərtər və Bərdədə yerinə yetiriləcək işlərin görülməsi üçün şirkətlərə çoxsaylı işçi personalı, texniki və maliyyə imkanları tələb olunur. Amma bu, artıq təfərrüatdır.

Sual isə budur: «Kontakt-F» və «Star Construktion-12» şirkətləri, eləcə də «Stell» MMC müxtəlif dövlət təşkilatlarının keçirdiyi tenderlərdə ixtisas seçimi prosedurundan necə yayına bilib? Bəlkə belə bir prosedur heç keçirilmir?

Bu və eləcədə yuxarıda sadalanan digər suallarla bağlı adı çəkilən şirkətlərin özlərinin hər hansı şərhini əldə etmək mümkün olmadı.

İqtisadçı Zöhrab İsmayılın qənaətinə görə, təcrübə qanunvericiliyin tələblərinin tez-tez pozulduğunu göstərir. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanun 2001-ci ildə qüvvəyə minəndən bəri heç kəs, nə tender komissiyası üzvləri, nə də qalib şirkətlərin əməkdaşları, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya məmurları ələalma ittihamı ilə məsuliyyətə cəlb olunmayıb.

XS
SM
MD
LG