Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Tərtər işi: 'Dedi ki, səni atdıraram Qarabağ kanalına, şahid də göstərərəm ki...'


'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'

2017-ci ilin mayında – Ermənistanın xeyrinə casusluq iddialarının araşdırıldığı Tərtər hadisələri zamanı işgəncə nəticəsində ölən hərbçilərdən bir neçəsinin ailə üzvləri aprelin 4-də Sumqayıt Məhkəmə Kompleksində dindirilib. Hazırda həmin hadisələr vaxtı işgəncə verməkdə suçlanan dörd nəfərin işinə baxılır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı-müddətdən artıq xidmət edən (MAXE) əsgərlər Ramil QarayevRüstəm Ələsgərovdur. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.

"Mənə indi burada oturanlar lazım deyil"

İşgəncə nəticəsində həyatını itirən Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova deyir ki, öncə onlara ərinin həlak olduğu, sonradan isə avtoqəzada öldüyü bildirilib. Bu da onlarda şübhə yaradıb. Onun sözlərinə görə, sonradan öyrəniblər ki, mayın 4-dən 7-nə qədər işgəncəyə məruz qalıb, 8-də vəfat edib.

"Onu toka veriblər, suda boğublar, döyüblər. Mənə indi burada oturanlar lazım deyil, (korpus komandiri) Hikmət Həsənov, əmr verənlər lazımdır", – Kazımova bildirib.

Oğlu Təmkin Quliyevi itirən başqa bir zərərçəkmiş Nizami Quliyev məhkəmədə danışıb ki, meyiti gətirənlər heç onun rayondan gəlib çatmasını gözləmədən dəfn ediblər. O zaman ona deyilib ki, oğlu pnevmaniya xəstəliyi nəticəsində vəfat edib: ""Tərtər işi" üzrə istintaq yenilənəndən sonra qəbir açıldı, meyiti eksqumasiya etdilər. Məlum oldu ki, işgəncədən öldürülüb. Fəqərələrdə, əllərdə, ayaqlarda, başında xəsarətlər aşkarlandı. Tələbim budur ki, oğlum daxil olmaqla, o hərbçiləri öldürənlərə qəsdən adam öldürmə, vətənə xəyanət ittihamları verilsin".

"Səhər tezdən bir qohumun ölümü adı ilə məni qəbiristanlığa apardılar"

Tərtər hadisələri zamanı casusluqda ittiham olunub, öldüyünə görə haqqındakı cinayət işinə xitam verilən, 2021-ci ilin dekabrında istintaq yenilənəndən sonra bəraət alanlardan biri də Elçin Quliyev oldu. Onun anası Validə Əhmədova da məhkəmədə dindirilib. Anası danışır ki, oğlu sonuncu dəfə 2017-ci il mayın 3-də əmisigildən gedib. Bir də mayın 8-də atası və əmisigili icra hakimiyyətinə çağırıb oğlunun ölüm xəbərini veriblər, onun dövlətə xəyanət etdiyini deyiblər: "Guya oğlum 2016-cı ilin aprel döyüşlərində sürdüyü yemək maşınına narkotik töküb ki, hərbçilər yatsın. Qaynım deyib ki, yalan danışmayın, heç onda Elçin yemək maşını sürmürdü, məzuniyyətdə idi. Həmin gün həyat yoldaşım gəlib mənə demədi oğlumun ölümünü. Ertəsi gün səhər tezdən bir qohumun ölümü adı ilə məni qəbiristanlığa apardılar, onda bildim ki, oğlumun meyitini gətirirlər...".

Övladının üzərindən "vətən xaini" ləkəsini təmizləmək üçün illərlə mübarizə apardığını deyən Əhmədovanın sözlərinə görə, oğlunun yas mərasimi olan dövrdə hüzr məclisinə gələn insanların qarşısının kəsilməsi halları da olmuşdu. Əhmədova oğluna işgəncə verilməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edir. O, həmçinin bu hadisələrin indiyədək ört-basdır edilməsində rolu olan şəxslərin də cəzalandırılmasında israrlıdır: "Bu cinayətlərin başında həm də Hərbi Prokurorluq – (hərbi prokuror) Xanlar Vəliyev, (hərbi prokurorun müavini) Şəfayət İmranov dayanır. Mayın 3-də onlar cinayət işini başlayıb, ardınca bu işlər görülüb – adamları döyüb öldürüblər. Mənim oğlumu vətən xaini elan edən qərarı Şəfayət İmranov imzalayıb. Hikmət Həsənov, (Tərtərin o dövrdə hərbi prokuroru) Fuad Məmmədov, (hərbi hissə komandiri) Teymur Məmmədov mənim oğluma qarşı işgəncələrdə şəxsən iştirak edib".

İşgəncə növləri

O dövrdə işgəncəyə məruz qalmış yüzlərlə hərbçi də məhkəmədə zərərçəkmiş qismində dindirilir. Onlar tikanlı məftillərlə, plastik və dəmir borularla döyülmə, suda boğulma, bədənlərinin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilmə, dırnaqların çıxarılması və başqa üsullarla işgəncələrə məruz qalmalarından danışırlar. Deyirlər ki, məqsəd düşmənə casusluq barədə ya özlərinə, ya da bir-birinə qarşı ifadə almaq idi. Onların sözlərinə görə, işgəncə verənlərin əlində heç bir sübut-dəlil olmadan sadəcə casusluqda ittiham edir və dözülməz işgəncələr vasitəsilə etiraf ifadələri almağa çalışırdılar.

"Mancanov (leytenant Əsəd Mancanov sonradan bəraət alıb-red.) ağlayıb özünü öldürürdü ki, bu, mənim əsgərim olub, mənə qarşı yalan ifadə verir. Əsgər də bizim yanımızda dedi ki, işgəncəyə dözə bilmədim...", – zərərçəkmiş Saleh Zərbəliyev məhkəmədə bildirib.

Sözügedən ifadələrdə ermənilərə casusluq edilməsi, əsgərlərin onlara təhvil verilməsi və nəticədə onların zorlanmasından bəhs olunur.

"Bəlkə, Hikmət Həsənov özü də icraçıdır"

Zərərçəkmişlərdən Vaqif Abdullayev deyir ki, şəxsən general Hikmət Həsənovun özü tərəfindən də işgəncəyə məruz qalıb, hədələnib. Onun fikrincə, yüksək vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunana qədər "Tərtər işi" üzrə araşdırmalar obyektiv getməyəcək: "MAXE Qarayev kimdir ki, özbaşına aparıb kiməsə işgəncə verə? Müdafiə naziri, Xanlar Vəliyev, Hikmət Həsənov bura gəlməlidir. Bəlkə, Hikmət Həsənov özü də icraçıdır. Onlar tutulana qədər bu iş obyektiv getməyəcək. Hikmət Həsənov əmr verdi ki, bunu qəfəsə salın. Mənə dedi ki, səni atdıraram Qarabağ kanalına, iki nəfər də şahid göstərərəm ki, vətən xaini idi, intihar elədi...".

Abdullayevin sözlərinə görə, general Həsənov etiraf etməyənləri minalı sahəyə göndərməklə təhdid edirdi.

Qarabağ kanalı təhdidi ilə bağlı Abdullayevin dediklərini başqa zərərçəkənlərdən də məhkəmədə təsdiqləyənlər olub. Onlar bildirib ki, general Həsənovun Abdullayevə bu dediklərini eşidiblər.

"Dırnağımı çıxarıblar"

"Dırnağımı çıxarıblar, cinsiyyət orqanıma belə tok veriblər, bədənimdə siqaret söndürüblər. İndi də bədənimdə siqaretin, bıçağın izləri var. Bu dünyada da, o biri dünyada da iki əlim Vüsal Ələsgərovun yaxasında olacaq...", – bu isə zərərçəkmiş Mərhəmət Rəcəblinin məhkəmədəki ifadəsindəndir.

Zərərçəkmişlər ifadələrində dörd nəfər təqsirləndirilən şəxs arasında daha çox Vüsal Ələsgərovu ittiham edir, onun tərəfindən işgəncəyə, təhqirlərə məruz qaldıqlarını bildirirlər. Polkovnik Ələsgərov isə ünvanına səslənən ittihamlara heç bir reaksiya vermir. O, yalnız ilk məhkəmə iclasında deyib ki, müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.

Ümumiyyətlə, bu cinayət işi üzrə məhkəmə qarşısına çıxarılan dörd nəfərin heç biri özünü təqsirli bilmir.

General-mayor Hikmət Həsənovun adı cinayət işində keçməsinə və zərərçəkmişlərin onu ittiham etməsinə baxmayaraq, o, ünvanına səslənən fikirlərə heç bir münasibət bildirməyib.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib. Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfər aprelin 5-də məhkəmə qarşısına çıxarılır.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG