Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

Prokurorluq Tofiq Yaqublu ilə bağlı qərar verdi


Tofiq Yaqublu
Tofiq Yaqublu

Baş Prokurorluq: Cinayət işinin başlanması rədd edilib

Tofiq Yaqublunun işgəncə şikayətinin təmin edilməməsi ilə bağlı dediklərini Azərbaycan Baş Prokurorluğundan yanvarın 12-də təsdiqləyiblər.

Prokurorluqdan da bildirilib ki, T.Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılan araşdırma yekunlaşıb: "Tofiq Yaqublunun aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də... yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb".

Prokurorluğun vurğulamasına görə, T.Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb: "Cinayət-prosessual qanunvericiliyinin tələbinə görə, cinayət hadisəsi olmaması əsası ilə toplanan material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib".

Tofiq Yaqublu işgəncə şikayətinə görə cinayət işi açılmadığını deyir

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu onun işgəncə şikayəti ilə bağlı cinayət işinin açılmasından imtina edildiyini bildirir.

Bu barədə Yaqublunun özü bugün, yanvarın 11-də AzadlıqRadiosuna məlumat verib.

Onun sözlərinə görə, yanvarın 11-də Səbail Rayon Prokurorluğundan vəkilinə məktub gəlib:

"Məktubda deyilir ki, cinayət işinin qaldırılması üçün əsas yoxdur".

Tofiq Yaqublu bunu özbaşınalıq adlandırıb:

"Belə şey olar? Bir neçə gün əvvəl Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid mənə sui-qəsdin hazırlanması ilə bağlı xəbərdarlıq edib. Bu gün isə belə bir imtina gəlib."

Müxalifətçinin bu dedikləri ilə bağlı, hələlik, Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Şikayət nədən olub?

Tofiq Yaqublunu ötən il, dekabrın 1-də Bakının Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova ( Çirkli pulların yuyulmasında ittiham edilərək 7 il 3 ay həbs cəzası alan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı) dəstək aksiyasında polislər saxlayıb.

Həmin gün axşam saatlarında Bakıdan kənarda, Ələt qəsəbəsində tapılan Tofiq Yaqublunun üzərində xəsarət izləri olub.

Müxalif fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun Yaqublunu polislərin o vəziyyətə salmasını istisna etdiyi açıqlanıb.

Nazirlə görüşdən sonra bu barədə açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Vilayət Eyvazov bunları deyib:

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın, əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla (igtişaş salmaq, xəsarət yetirmək) bir neçə dəfə həbsdə olub.

O, bir qayda olaraq siyasi sifarişlə həbs edildiyini deyib. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG