Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Tofiq Yaqublu: 'Mən təqsirləndirilən şəxs deyiləm, İlham Əliyevin girovuyam...'


Tofig Tofiq Yagublu, political prisoner, Sheki, Azerbaijan, 29.04.2016
Tofig Tofiq Yagublu, political prisoner, Sheki, Azerbaijan, 29.04.2016

- Bura siyasət meydanı deyil.

- Heç məhkəmə də deyil. Nə bura məhkəmədir, nə də siz hakimsiniz.

- Bura məhkəmədir, siz də təqsirləndirilən şəxssiniz. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunursunuz.

- Mən təqsirləndirilən şəxs deyiləm, İlham Əliyevin girovuyam...

Bu dialoq avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə hakim Elnur Nuriyev arasında yaşanıb.

Səkkiz aydır həbsdə olan siyasi fəalın işinə bu məhkəmədə E. Nuriyevin sədrliyilə, üç hakimdən ibarət hakimlər kollegiyası baxır. Ancaq T. Yaqublu bu heyətin onun işinə baxmasını istəmir, onları qərəzli, ədalətsiz sayır. O, avqustun 16-dakı məhkəmədə də işinə bu heyətin baxmasına yazılı şəkildə etiraz verib.

“Hakimsinizsə, dediyinizi qanuna istinad edib əsaslandırmalısınız”

Siyasi fəalı narazı salan məqamlardan biri də məhkəməsində jurnalistlərin videoçəkiliş aparmasına icazə verilməməsidir:

“Necə olur, üç gün əvvəl - Fazil Mustafanın vurulmasında ittiham olunanlara hökm oxunanda, videoçəkilişə icazə vermişdiniz, televiziyalar göstərdilər. Amma mənim işimdə deyirsiniz ki, jurnalistlər akkreditasiyadan keçməlidir, yazılı ərizə verməlidir. Hansı qanunda yazılıb bu? Hakimsinizsə, dediyinizi qanuna istinad edib əsaslandırmalısınız”.

Hakimlər çəkilişlə bağlı fikrini dəyişməyiblər. Tərkibə verilmiş etiraz da baxılmamış saxlanılıb.

T. Yaqubluya pul verdiyini iddia edən və zərərçəkmiş qismində tanınan Elşən Hüseynovun dindirilməsi keçən məhkəmə iclasından yarımçıq qalmışdı.

Siyasi fəal deyir ki, budəfəki məhkəmədə ona veriləcək suallarını öncədən hazırlamışdı. Ancaq avqustun 16-da məhkəməyə gətiriləndə, Bakı İstintaq Təcridxanasında həmin əlyazmalarını, hətta qələmini də əlindən alıblar.

T. Yaqublunun vəkili Aqil Layıc belə davranışın müdafiə hüququnun pozuntusu olduğunu vurğulayaraq, məhkəmədən bu pozuntunun qarşısının alınmasından ötrü tədbir görülməsini istəyib:

“Biz o sualları birlikdə hazırlamışdıq, ittihama aid açar məqamlar vardı. Onlar alınıb, hamısı da yadda qalmayıb. Bu, müdafiə prosesinə mane olur”.

“Nə baş verdiyini araşdıracağıq”

Hakim E. Nuriyev də təsdiqləyib ki, bu, şəxsin müdafiə hüququna aid məsələdir və mütləq araşdırılmalıdır:

“Biz məktub göndərəcəyik, nə baş verdiyini araşdıracağıq. Müdafiə hüququ təmin olunmalıdır”.

Vəkil A.Layıcın daha bir vəsatəti isə zərərçəkmiş E. Hüseynovun ötən il hansısa daşınmaz əmlakı, yaxud avtomobili satıb-satmadığını müəyyənləşdirməkdən ötrü sorğuların göndərilməsi olub.

Çünki o, ötən məhkəmə iclasında “Range Rover” markalı avtomobilini, torpaq sahəsinin bir hissəsini satıb, 25 min avro düzəltdiyini və o pulu T. Yaqubliya verdiyini iddia etmişdi.

Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə, həmçinin notarial qaydada hansısa müqavilənin olub-olmadığını araşdırmaqdan ötrü Ədliyyə Nazirliyinə sorğu göndərməyə razılıq verib.

T.Yaqublunun məhkəməsi avqustun 23-də davam edəcək.

Xatırlatma

Tofiq Yaqublu ötən il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu daha öncə də bir neçə dəfə həbs edilib. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir və deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

XS
SM
MD
LG