Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Evdən pul tapılması qaçaqmalçılıqdırmı?


Məhkəmə ToplumTV işinə görə saxlanılanlar barəsində həbs qərarı verib.
Məhkəmə ToplumTV işinə görə saxlanılanlar barəsində həbs qərarı verib.

Martın 6-da "Toplum" internet televiziyasının ofisində axtarış olub və qapısı möhürlənib. Həmin gün medianın üç əməkdaşı saxlanıb, daha sonra onlardan ikisi – Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilərək buraxılıb. Videoredaktor Müşfiq Cabbar barəsində isə məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli də həbs olunub.

Onların bəzilərinin, o cümlədən Ə.Məmmədlinin evindən axtarış zamanı xarici valyuta (Ələsgər Məmmədlinin evindən 60 min avro) tapıldığı iddia edilib. Amma onların ailə üzvləri bu pulun onlara məxsus olmadığını, evlərinə atılıb, sonra da götürüldüyünü vurğulayırlar. Hələlik, bu dəyərləndirməyə axtarışı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Saxlananların hamısına qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Onlar ittihamları qəbul etmirlər.

İndi sosial şəbəkələrdə tez-tez belə bir sual diqqət çəkir: Vətəndaşın evindən hansısa miqdarda pul tapılması qaçaqmalçılıq və ya cinayətdirmi?

Zahid Oruc
Zahid Oruc

Komitə sədri: "Heç bir hökumət istəməz ki..."

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun "Turan"a deməsinə görə, həm ToplumTV, həm də bundan öncə AbzasMedia və digərləri ilə bağlı hakimiyyət əleyhdarları özlərinə məxsus bir məntiq hasil edirlər ki, "bu, məhz bir siyasi qərardır", məqsəd alternativ düşüncə sahiblərinin meydanını daraltmaq, tənqidçiləri zərərsizləşdirməkdir: "Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) qələbədən sonra beynəlxalq güclərin informasiya məkanında Azərbaycan əleyhinə hücumlarının daha sistemləşdiyi və sərtləşdiyi bir dövrdə daxildə müxtəlif məsələlər avtomatik olaraq o beynəlxalq təzyiqlərin bir elementinə çevrilir".

Z.Orucun sözlərinə görə, bir çox adamlar iddia edir ki, Qərblə münasibətlərin pisləşməsi fonunda onun müxtəlif fondlarından ianə alan qurumlarla daha sərt davranılır, bu da beynəlxalq münasibətlərdə çəkindirmə mexanizminin bir hissəsidir: "Mən elə düşünmürəm. AbzasMedia ilə bağlı maliyyələşmə tam üzə çıxanda hətta o çevrədə olan bir çoxu bunu təəccüblə qarşılaşmışdılar. Media orqanının media platforması olduğunu göstərən bir çox parametrləri var: xəbərlər, müxtəlif müsahibələr, xarici blok və digərləri. Amma AbzasMedia layihə deyil, sanki konspirativ bir kəşfiyyat monitorudur, buradakı adamlar şərtidir və onların arxasında hansısa bir qüvvə var. Hətta onların rəhbərliyi həbs olunub, amma platforma işləyir. Necə? Kimin vasitəsilə? Bunun özü sübut edir ki, bu prosesin arxasında dayanan qüvvə var".

"Qaçaqmalçılıq deyilsə bu, hansı formada reallaşıb?"

Yeri gəlmişkən, AbzasMedia işində həbs edilən jurnalistlərə də qaçaqmalçılıq ittihamı verilib. Onlar da bu ittihamı qəbul etmir, bunu jurnalist fəaliyyətləri, korrupsiyaya aid araşdırmaları ilə izah edirlər.

Z.Oruc isə düşünür ki, şəffaflıq tələb edən, korrupsiyaya qarşı yönəldiyini deyən mediaların özləri həmin məsələlərə aid tələbləri yerinə yetirmək istəmirlər: "Çox mümkündür ki, bizim qrant qanunvericiliyimizin müəyyən qədər sərtləşməsi fonunda onlar alternativ qərarlar veriblər və Gürcüstan üzərindən bu cür vəsaitlərin yönəldilməsini həyata keçiriblər. ToplumTV-nin böyük bir kollektivi olubsa, onun maliyyələşməsini təmin ediblər və hökumətdən hər dəfə hesabatlıq istəyən qüvvələr bunu necə gerçəkləşdirdiklərini öz nümunələrində yaratmayıblar. Qaçaqmalçılıq deyilsə bu, hansı formada reallaşıb? Bunu söyləsinlər".

Arif Əliyev
Arif Əliyev

"KİV-in maliyyələşdirilməsinin tam nəzarətə götürülməsidir"

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə mövzu ilə bağlı "Turan"a bunları deyib: "Proses kütləvi informasiya vasitələrinin (KİV) maliyyələşdirilməsinin tam nəzarətə götürülməsidir".

Qaçaqmalçılıq ittihamına gəlincə, ekspertin fikrincə, bunu iddia etmək üçün çox ciddi əsaslar və hətta bu halda da istintaq hərəkətlərinin qanunauyğunluğu olmalıdır: "Qaçaqmalçılıqdan söhbət gedirsə, bu, KİV-in fəaliyyətinin dayandırılmasına niyə gətirib çıxarmalıdır?".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Qaçaqmalçılıq ittihamı quramadır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, bu, davam edən prosesin tərkib hissəsidir: "Bu, nə ilk və, belə görünür ki, son deyil. Uzun illərdir biz jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, fəalların təqiblərini görürük".

Hüquq müdafiəçinin sözlərinə görə, əvvəl AbzasMedia, sonra isə ToplumTV-nin əməkdaşlarının həbsi da bu qəbildəndir: "Uzun zamandır biz çağırırıq ki, hökumət söz azadlığına, tənqidə dözümlü yanaşmalıdır, gücdən və saxta ittihamdan istifadə etməməlidir. Ancaq, təəssüf ki, biz həmişə əksini görürük".

O hesab edir ki, qaçaqmalçılıq ittihamı quramadır və bunun jurnalistikaya heç bir aidiyyəti yoxdur: "Əvvəllər başqa vasitələrdən istifadə edirdilər, indi də qaçaqmalçılıqdan istifadə edib həmin qurumları etibarsızlaşdırmağa çalışırlar. Təbii ki, bu qəbulolunmazdır".

Xatırlatma

Buna qədər 2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist saxlanıb, həbs edilib. Onların çoxu AbzasMedia nəşrinin əməkdaşlarıdır. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

XS
SM
MD
LG