Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:46

'Nərmin işi'ndə paltarlarla bağlı şübhələr: olmayan cins şalvara ekspert necə rəy verib?


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 11-yaşlı Nərmini öldürüb meyitini yandırmaqda suçlanan İlkin Süleymanova qarşı prokurorluğun əsas sübutu ekspertiza rəyləridir. Bir ildən çoxdur bu işlə bağlı davam edən məhkəmə prosesində hazırda həmin rəylər araşdırılır.

Gəncə Ağır Cinayətlər Məhkəməsində sentyabrın 14-də ekspert rəyləri elan edilib. Məlum olub ki, ekspertiza yanmış meyitin üzərindən tapıldığı iddia olunan ayaqqabı, cins şalvarda Süleymanovun gödəkcəsinin liflərindən tapılması barədə rəy verib. Amma Süleymanovların evindən, o cümlədən azyaşlının 47 gün saxlandığı iddia olunan otaqdan götürülən əşyaların heç birində (pərdə, yorğan-döşək və s.) Nərminə aid iz tapılmayıb.

Paltarlar arasında fərq

Süleymanovun vəkilləri ekspertiza rəylərinin saxta olduğunu iddia ediblər. Vəkil Əlibaba Rzayev deyir ki, o cins şalvarın ekspertin əlinə necə gəlib düşdüyü bilinmir, çünki heç yerdən cins şalvar götürülməyib: "Nə meyitin üzərindən götürülən paltarların siyahısında var, nə evdən götürülən paltarların arasında o cins şalvar var. Müstəntiq o cins şalvarı haradan götürüb ekspertizaya verib?".

Vəkilin sözlərinə görə, ümumiyyətlə, hadisə yerindən götürülən paltarlarla ekspertizaya təqdim olunan paltarlar arasında kəskin fərqlər var. Məsələn, meyitin fotosundan görünür ki, üstündə yarımyanmış qırmızıyabənzər, boyunlu köynək olub. Amma ekspertizaya təqdim olunan qarşısı açıq formalı jaketdir.

"Onun üstündən Nərminə aid jaketin lifləri necə çıxa bilərdi?"

Süleymanovun isti alt paltarından da Nərminə aid jaketin liflərinin tapıldığı iddia olunur. Vəkillər vurğulayıb ki, həmin alt paltarının meyit tapılandan sonra – təqsirləndirilən şəxs artıq polis şöbəsində saxlandığı zaman alındığı məhkəmədə şahid ifadələri ilə sübuta yetirilib: "Qardaşı da dedi, paltarı satan şəxs də ifadəsində bildirdi ki, İlkin tutulandan sonra alınıb. Qardaşı aparıb polis şöbəsinə təhvil verib ki, İlkinə çatdırılsın. Belə olan halda, onun üstündən Nərminə aid jaketin lifləri necə çıxa bilərdi? Özü də İlkinin paltarlarından ancaq Nərminin jaketinə aid lif tapılıb, niyə? Görünür, bir jaket götürüb İlkinin paltarlarına sürtüblər, sonra da rəy veriblər ki, onun lifi tapıldı...".

Vəkillər vəsatət qaldırıb ki, sözügedən paltarlar məhkəməyə gətirilsin, fotolarla müqayisə olunsun.

"Soba evdə rənglənməyib ki..."

Bundan başqa, ekspertiza rəy verib ki, meyitin büküldüyü qırmızı parçanın üstündəki gümüşü rəngli boya ilə Süleymanovların hamamındakı sobanın boyası eynidir. Vəkillər məhkəmənin nəzərinə çatdırıb ki, istintaqda həmin sobanı gətirib yerləşdirən ustanın da, onu satan şəxsin də ifadələri var. Onlar bildirib ki, sözügedən soba hazır rənglənmiş vəziyyətdə o evə gəlib: "O evdə rənglənməyib ki, həmin rəngdən başqa bir parçanın üstünə də düşsün...".

Məhkəmədə o da məlum olub ki, Nərmingilin öz həyətindən polislər üstündə tük topası olan bıçaq tapıb. Amma bu məsələ sona qədər araşdırılmayıb. Bıçağı tapan polis əməkdaşı onun üstündə tük olduğunu ifadəsində göstərib. Amma ekspertiza rəy verib ki, bıçağın üstündə heç nə olmayıb.

İşgəncə iddiası

Bu cinayət işi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri işgəncə iddiasıdır. Süleymanov deyir ki, dörd gün işgəncədən sonra cinayəti üzərinə götürməyə məcbur olub, ilkin ifadələrində Nərmini öldürdüyünü etiraf edib. Lakin təxminən iki həftə sonra apellyasiya məhkəməsində üzərindəki xəsarətləri hakimə göstərərək cinayətin ona aidiyyəti olmadığını söyləyib. Həmin məhkəmədə onun vəkilləri də iştirak edib və məsələ qaldırıblar ki, Süleymanovun işgəncə şikayəti araşdırılsın. Bundan sonra prokurorluq Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib. O, təcridxanaya daxil olarkən üzərində xəsarət izlərinin olub-olmadığını soruşub. Elnur İsmayılov isə prokurorluğa yazıb ki, Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq.

"İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir?! Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur", – vəkil Zabil Qəhrəmanov bildirib.

Bu cinayət işi ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG