Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Avropa rəsmisi Qarabağa yüklərin Ağdamdan daşınmasını dəstəkləyir


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar

Humanitar yüklərin Xankəndiyə Ağdamdan keçərək gətirilməsi Ermənistandan Qarabağa təchizata əlavə olacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yerli mediaya müsahibəsində deyib.

O əlavə edib ki, buna baxmayaraq Brüssel Laçın dəhlizinin açılmasını tələb etməkdə davam edir:

“Laçın dəhlizi açılmalıdır. Eyni zamanda hesab edirəm ki, istənilən təklifdən Laçına alternativ kimi yox, əlavə kimi istifadə olunmalıdır”.

Azatutyun qeyd edir ki, bu artıq Qarabağa humanitar yüklərin Azərbaycandan gətirilməsinin vacibliyini bildirən ikinci Avropa məmurudur.

Şarl Mişel də bunu demişdi

Azatutyun yazır ki, Azərbaycanın bu təklifi “beynəlxalq aktorların leksikonuna” Ermənistan və Azərbaycan liderlərinin son danışıqlarından sonra daxil olub.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İlham ƏliyevNikol Paşinyan arasında görüşdən sonra bu məsələnin müzakirə olunduğunu bildirmişdi.

Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın bu təklifə necə cavab verdiyini, bu məsələ barəsində razılıq əldə olunub-olunmadığını onun mətbuat xidmətindən öyrənməyə çalışıb.

Azatutyun habelə bu təklifin Laçın yolunun açılması üçün Bakının şərti olub-olmadığını sual edir.

Bildirilir ki, yazılı sorğuya hələ ki, cavab verilməyib.

Bundan əvvəl Ermənistan XİN Laçın yolunun Azərbaycan tərəfindən blokadasının qaldırılmasını ardıcıl şəkildə tələb etdiyini bildirmişdi.

“Ölüm yolu”

Qarabağ separatçıları təklifdən xəbərdar olduqlarını və öz mövqelərini Yerevana bildirdiklərini deyiblər.

Azatutyun bu mövqenin nədən ibarət olduğunu yazmır.

“Qarabağ parlamentinin deputatı” kimi təqdim olunan Artur Arutyunyan bu barədə deyib:

“Laçın dəhlizi ilə maneəsiz hərəkət bərpa olunmalıdır. Avropa məmurları, bilmirəm niyə, daim humanitar yüklərdən danışırlar. Əgər onların təsəvvürünə görə Artsax (Qarabağ-red) xalqı yalnız humanitar yüklərin gətirilməsi hesabına yaşamalıdırsa və onlar hətta bunda da alternativ axtarırlarsa, onda bu heç bir nəticə verməyəcək”.

Azatutyun yazır ki, son 7 ayda Ermənistanla əlaqələri kəsilmiş Qarabağ sakinləri son bir ayda xüsusilə ağır vəziyyətə düşüblər.

Azatutyunun yazdığına görə Qarabağ erməniləri kəskin ərzaq çatışmazlığı şəraitində yaşasalar da Azərbaycanın Ağdamdan keçərək humanitar yardım göstərilməsinə dair təklifinə etiraz aksiyası ilə cavab veriblər. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq – “Ölüm yolu” plakatı qaldırıblar.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da bu il fevralın 22-də Laçın dəhlizi ilə bağlı çıxardığı qərarını təsdiqləyib. Həmin qərarda Azərbaycan üzərinə dəhliz ilə hər iki tərəfə maneəsiz hərəkətin təmin edilməsi öhdəliyi qoyulub. "İndiki məqamda 22 fevral qərarına əlavə etməyə ehtiyac yoxdur", – məlumatda deyilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG