Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

Trump-ın bir tviti neftin qiymətini kəskin qaldırır, amma...


Aprelin 2-də qlobal neft qiymətləri az qala son bir ayda ilk dəfə olaraq bir barrel üçün 30 dollara yüksəlib.

Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Trump Riyad və Moskva arasında yeni bir razılaşmanın müjdəsini verərək neft qiymətinin 25 faizlik sıçrayışına səbəb olmuşdu.

Hələ bir gün əvvəl Brent markasından olan neftin qiyməti son 18 ildə ən aşağı həddinə 23 dollara düşmüşdü.

Lakin Trump-ın cümə axşamı yazdığı bu tvit vəziyyəti dəyişib. Prezident yazıb ki, Səudiyyə və Rusiya arasında mümkün sövdələşmə hasilatın günə 15 milyon barrel ixtisarı ilə nəticələnə bilər.

Lakin Oilprice saytı yazır ki, real vəziyyət xeyli fərqlidir.

Çünki elə aprelin 2-də Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, “heç kəs potensial olaraq OPEC+ formatını əvəz edəcək yeni saziş barədə danışıqlara başlamayıb”.

Peskov müxbirlərə bildirib ki, neftin hazırkı qiymətindən heç kim məmnun deyil, amma nə cümə axşamı, nə də cümə üçün heç bir danışıq barədə razılaşma olmayıb.

Lap Rusiya razılaşsa da…

Neft eksperti Tom Kool ehtimal edir ki, ABŞ Səudiyyə üzərinə təzyiq göstərərək Riyadı yenidən danışıqlara başlamaq zərurətinə inandırıb, amma reallıqda nə Rusiya, nə də Səudiyyə qiymət müharibəsində geri çəkilmək niyyətində deyil.

Ekspert bildirir ki, Rusiya və Səudiyyə Ərəbistanı yeni əməkdaşlıq barədə danışıqlara hazır olduqlarına işarə etsələr də, ortalıqda təklif olunmuş heç bir spesifik yeni saziş yoxdur.

Aprelin 2-də, səhər Səudiyyənin rəsmi xəbər agentliyi bildirmişdi ki, krallıq “ədalətli bir razılaşmanın” əldə olunması məqsədilə təcili olaraq OPEC+ formatında iclas keçirilməsinə çağırır.

Başqa sözlərlə, bu o deməkdir ki, Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasının bütün iştirakçılarının hasilatı azaltmağa razılıq verəcəyi təqdirdə danışıqlar masası arxasına keçməyə hazırdır.

Bəzi məlumatlara görə, Səudiyyə neft hasilatını günə 9 milyon barrel səviyyəsinə endirməyi düşünür. Krallıq fevral ayında, hələ OPEC+ razılaşması qüvvədə olduğu vaxtda da elə bu qədər neft hasil edirdi.

Lakin bu da bildirilir ki, Səudiyyə günə 9 milyon barrel səviyyəsinə enməyə yalnız Rusiyanın günə 500 min barrel ixtisara razılaşacağı təqdirdə hazırdır.

Kool yazır ki, Səudiyyənin Rusiyanı hasilat ixtisarına təhrik edə biləcəyi ağlabatan görünmür, amma bu lap baş versə də dünya bazarları yalnız günə 3.5 milyon barrel ixtisar görəcək.

Bu, Trump-ın müjdəsini verdiyi günə 10-15 milyon barrelin yanında heç nədir.

Hətta Norveç və hətta Azərbaycan da…

Ekspertin fikrincə Səudiyyə Ərəbistanı hətta Birləşmiş Ərəb Əmirliklərini, İraqı, habelə başqa qeyri-OPEC ölkələrini - Braziliya, Kanada, Qazaxıstan, Norveç, Meksika və Azərbaycanı səfərbər edə bilsə də, yeni razılaşma koronavirus pandemiyasının bazarlara vurduğu zərbənin yarasını qısa müddətdə sağaltmayacaq.

Kool-un fikrincə, bu ona görə ağlabatan görünmür ki, bu halda Birləşmiş Ştatlardakı hasilatçılar da ixtisara hazır olmalıdırlar. Bu isə baş tutan məsələyə bənzəmir.

Məqalədə deyilir ki, hətta ABŞ-ın kiçik və orta hasilatçıları Səudiyyə ilə əməkdaşlığa razı olsalar belə, ExxonMobil və Chevron kimi nəhənglər hasilat ixtisarında maraqlı deyillər.

Ekspert yazır ki, aprel/may aylarında neftə tələbatın günə 30 milyon barrel azalacağının gözləndiyi bir vaxtda hətta G20 üzvü olan ölkələrin də hasilat ixtisarına razılaşması qiymətlərin düşməsini dayandıra bilməyəcək.

Kool yazır ki, Trump-ın tviti ilə qalxan neft qiymətləri düşməyə məhkumdur.

XS
SM
MD
LG