Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Trump sosial media şirkətlərini hədəfləyən fərman verir


ABŞ prezidenti Donald Trump Twitter və Facebook kimi sosial media nəhənglərini hüquqi toxunulmazlıqdan məhrum etməyə yönəlik fərman verib.

Trump-ın mayın 28-də imzaladığı fərman hökumət nazirliklərinə sosial media şirkətlərinə yeni qaydalar qoyulması mümkünlüyünün öyrənilməsini həvalə edir.

Lakin ekspertlər Konqresin qərarı olmadan bu sahədə hər hansı dəyişikliyin edilə biləcəyinə şübhə ilə yanaşırlar.

Onların fikrincə bu fərmanın məhkəmə çəkişməsindən keçməsi də ağlabatan görünmür.

Trump bildirir ki, yeni qaydalar sosial media şirkətlərinin artıq neyral forumlar olmaması və “siyasi fəallığa” qoşulması ilə əlaqədar zəruridir.

O habelə sosial media şirkətlərini, onların postlarına “fakt yoxlanmalıdır” nişanı qoymaqla və ya bu postları tamamilə silməklə mühafizəkarlara qarşı qərəzli olmaqda ittiham edib.

İfadə azadlığı

“Biz artıq cana doymuşuq” deyən Trump iddia edib ki, onun fərmanı ifadə azadlığını müdafiə edəcək.

Trump-ın bu fərmanından əvvəl Twitter prezidentin iki postuna “faktlar yoxlanmalıdır” xəbərdarlığı qoymuşdu.

Trump bu tvitlərdə məktubla səsverməni “fırıldaqçı üsul” adlandırmış və demişdi ki, əgər ştatlar koronavirus pandemiyası ilə bağlı bu üsulla səsverməyə keçsələr, poçtla göndərilən səslər “oğurlanacaq”.

Twitter bu postların altına faktları yoxlayan saytlara aparan linklər qoymuşdu.

Bu saytlarda poçt səslərinin oğurlanacağına dair iddiaları rədd edən materiallar yerləşdirilmişdi.

“Amerika tarixində hələ heç vaxt...”

Bu fərmanı imzalamazdan əvvəl Trump bəyan etmişdi ki, sosial media şirkətləri indiyədək “fərdi vətəndaşlar və ya geniş ictimai auditoriyalar arasında faktiki olaraq istənilən kommunikasiya formasını senzura etməkdə, məhdudlaşdırmaqda, redaktə etməkdə, dəyişdirməkdə və gizlətməkdə tamamilə nəzarətsiz olublar”.

Prezident əlavə edib ki, Amerika tarixində hələ heç vaxt bu qədər az sayda şirkət “insan ünsiyyəti” üzərində bu qədər nəzarətə malik olmayıb.

ABŞ-ın hazırkı qanunları sosial media platformalarını onlarda dərc edilən materiallara görə məsuliyyət daşımaqdan azad edir, çünki bunlar naşir yox, forum hesab olunur.

Trump-ın fərmanında qeyd olunur ki, bu şirkətlərin sosial media postlarına müdaxiləsi onları forumdan naşirə çevirir.

Fərmandan məqsəd Twitter və Facebook kimi platformalar üzərində hökumət nəzarətinin artırılmasıdır.

Twitter və Facebook – iki fərqli siyasət

Hələ bu fərman verilməzdən əvvəl, mayın 27-də Twitter şirkətinin baş icraçı direktoru Jack Dorsey yazmışdı ki, onun təşkilatı “qlobal miqyasda seçki barədə doğru olmayan və ya mübahisəli informasiyaları işarələməkdə davam edəcək”.

O əlavə etmişdi ki, bu, Twitter-i “həqiqət hakimi” etmir və o sadəcə olaraq mübahisəli informasiyaları işarələməklə adamların bu barədə öz hökmlərini verməsinə kömək edir.

Facebook şirkətinin başçısı Mark Zuckerberg Fox News kanalına deyib ki, onun platformasının siyasəti Twitter-dən fəqlənir:

“Mən çox güclü şəkildə inanıram ki, Facebook adamların internetdə söylədiyi hər şey üçün həqiqət hakimi olmamalıdır”.

Demokrat senator Ron Wyden deyib ki, prezident fərmanı qanunsuzdur və Trump “öz yalanlarını maneəsiz yaymaq məqsədilə məhkəmələrin və Konqresin səlahiyyətlərini qəsb etmək üçün cidd-cəhd göstərir”.

XS
SM
MD
LG