Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:53

Trump virusun laboratoriyadan sızdığına dair dəlilləri 'gördüyünü' deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o koronavirusun Çin virusologiya laboratoriyasından çıxdığına “yüksək dərəcədə əminlik” verən dəlilləri “görüb”.

Aprelin 30-da Ağ Evdə çıxış edən prezident dəlil gördüyünü desə də, detallar barədə danışmaqdan imtina edib:

“Mən bunu sizə deyə bilmərəm. Bunu sizə deməyə ixtiyarım yoxdur”.

Şərhçilər deyirlər ki, Trump-ın bu bəyanatı, iki ölkə arasında son vaxtlar artmaqda olan qarşılıqlı ittihamlar və iddialar şəraitində münasibətləri daha da gərginləşdirəcək.

Virusun mənşəyi araşdırılır

Trump bir daha bildirib ki, koronavirus laboratoriyada baş vermiş səhv ucbatından yayıla bilərdi.

O deyib ki, Çin virusun ya qarşısını ala bilməyib, ya da onun yayılmasına imkan verib.

Prezident “koronavirusla bağlı dezinformasiyaya görə Çin lideri Xi Jinping-i günahlandırırmı” sualına cavab verməkdən boyun qaçırıb, amma Pekin üzərinə yeni rüsumların qoyula biləcəyi ilə hədələyib.

Trump bunu da qeyd edib ki, “Çin indi bizimlə bir növ şəffaf olmağa çalışır”.

Prezidentin bu bəyanatlarından əvvəl ABŞ kəşfiyyat agentlikləri bildirmişdilər ki, koronavirusun Çin laboratoriyasından sızması mümkünlüyünə dair təhqiqat davam etdirilir.

Agetntliklər aprelin 30-da bunu da bildiriblər ki, eyni zamanda koronavirusun “insan tərəfindən düzəldilməsi və genetik modifikasiya edilməsi” mümkünlüyünə dair suallara cavab axtarılır.

Çin laboratoriyası təkzib edir

Trump-ın adını çəkdiyi Vuhan laboratoriyası bundan əvvəl ABŞ prezidentinin iddialarını rədd etmişdi.

Çin tərəfi bildirmişdi ki, bu laboratoriya müxtəlif koronaviruslar tərəfindən törədilən SARS (Kəskin Tənəffüs Sindromu) xəstəliyinin mənşəyinin öyrənilməsi istiqamətində misilsiz işlər görüb.

Bu da bildirilir ki, laboratoriya yarasalarda yeni virus aşkar edib və onun insanlara necə keçməsinə dair bir sıra mühüm kəşflər edib.

Çin rəsmiləri xəstəliyin haradan başlanması barədə sualın açıq qaldığını desələr də, əksər ekspertlər koronavirusun Vuhandakı canlı heyvan bazarından qaynaqlandığına inanırlar.

Qarşılıqlı ittihamlar

Pekin bir neçə həftə bundan əvvəl virusun Çinə ABŞ hərbiyyəsi tərəfindən gətirildiyinə dair mülahizə səsləndirməklə Vaşinqtonla münasibətlərini daha da gərginləşdirmişdi.

Pentaqon bu iddiaları qətiyyətlə rədd edib.

Bu həfətnin əvvəllərində Çin ABŞ rəsmilərini “ağ yalanda” ittiham etmiş və bildirmişdi ki, Ağ Ev özünün pandemiyanın öhdəsindən gələ bilməməsindən diqqəti yayındırmaq məqsədilə Pekini ittiham edir.

Ötən həftə ABŞ dövlət katibi Mike Pompeo Çin hökümətini “etirafa” çağırmış və ondan baş verənlər barədə izahat tələb etmişdi.

Aprelin 30-a olan məlumata görə Birləşmiş Ştatlarda COVID-19 virusundan ölənlərin sayı 63 minə çatıb.

Bundan əlavə pandemiya milyonlarla amerikalını işsiz qoyub.

XS
SM
MD
LG