Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verir, ABŞ Türkiyəyə F-16-lar verəcək


(soldan sağa) Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq və Ulf Kristersson
(soldan sağa) Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq və Ulf Kristersson

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-nun 32-ci üzvü olması üçün ərizəsini təsdiqlənmək üçün ölkəsinin parlamentinə göndərməyə razılaşıb. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Litvanın paytaxtında gözlənən sammiti ərəfəsində bildirib.

Stoltenberq bu haqda iyulun 10-da Vilnüsdə Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlardan sonra açıqlama verib.

“Tarixi gündür. Prezident Ərdoğan İsveçin Qoşulma Protokolunu ən qısa zamanda Böyük Millət Məclisinə göndərməyə və ratifikasiyanı təmin etmək üçün assambleya ilə yaxından işləməyə razılıq verib”, – Stoltenberq söyləyib.

Stoltenberq qeyd edib ki, İsveçin üzvlük prosesinin başa çatması “indiki kritik zamanda NATO-nun bütün müttəfiqlərinin təhlükəsizliyinə faydalıdır”. “Bu, hamımızı daha güclü və təhlükəsiz edir", – o vurğulayıb.

Ərdoğandan sürpriz tələb

Türkiyə Stokholmun Ankaranın terrorçu saydığı kürd fəallara sığınacaq verməsinə etiraz etdiyindən İsveçin alyansa qoşulmaq müraciətini dəstəkləmirdi.

Ərdoğan deyib ki, İsveç terror qanunvericiliyində dəyişiklik etməklə düzgün istiqamətdə addımlar atıb. Lakin o, Stokholmu “terrorizmi” tərənnüm edən nümayişlərə icazə verməkdə ittiham edib. Onun sözlərinə görə, ötən həftə İsveçdə bir məscidin qarşısında “Quran”ın yandırılması əldə olunmuş irəliləyişi məhv edib.

Erdoğan iyulun 10-da İsveçin NATO-ya üzvlüyü üçün ilkin şərt kimi Avropa İttifaqı (Aİ) qarşısında Türkiyənin bloka üzvlük prosesini bərpasıyla bağlı gözlənilməz tələb qaldırıb. Almaniya kansleri Olaf Şolz isə deyib ki, bunlar “bir-birilə əlaqədar məsələlər kimi anlaşılmamalıdır”.

İsveç və Türkiyə arasında razılaşma üzrə ayrıca birgə bəyanatda deyilir ki, İsveç Türkiyənin Aİ-yə üzvlük prosesinin canlandırılmasını, o cümlədən Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi və viza rejiminin liberallaşdırılmasını fəal dəstəkləyəcək.

Bəyanatda o da qeyd olunur ki, Türkiyə və İsveçin “terrorla mübarizənin koordinasiyası” və ikitərəfli ticarətin inkişafı üçün yaxından işləyəcəklər.

İsveçin vədi

Kristersson bəyanatı alqışlayaraq vəd edib ki, Türkiyə və Finlandiya ilə üçtərəfli memorandumun bütün hissələrinin icrası davam edəcək.

“Biz İsveçin NATO-ya üzvlüyünün rəsmi ratifikasiyası istiqamətində çox böyük addım atırıq. İsveç üçün yaxşı gün oldu", – Kristersson iyulun 11-də Vilnüsdə başlanacaq NATO sammiti öncəsi jurnalistlərə deyib.

İsveçə hələ Macarıstanın təsdiqi lazımdır, lakin Baş nazir Viktor Orbanın aparat rəhbəri keçən həftə Budapeştin İsveçin NATO üzvlüyünə daha mane olmayacağını söylədi. NATO-ya müraciətləri bütün üzvlər təsdiqləməlidir.

Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan sonra İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib. Finlandiya 2023-cü ilin aprelində üzv olub.

Reaksiyalar

ABŞ prezidenti Co Bayden (Joe Biden) Stoltenberqin razılaşma ilə bağlı açıqlamasını alqışlayıb və Avro-Atlantik məkanda müdafiə və çəkindirmənin gücləndirilməsi üçün Ərdoğanla işləməyə hazır olduğunu bildirib.

“Baş nazir Kristerssonu və İsveçi NATO-nun 32-ci müttəfiqimiz kimi qarşılamağı səbirsizliklə gözləyirəm”, – o deyib.

Bayden sammit zamanı Ərdoğanla üzbəüz görüşəcək.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok da açıqlamanı alqışlayaraq bildirib ki, “Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiyası üçün yol, nəhayət, açıqdır”.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli (James Cleverly) də müsbət reaksiya verib.

"İsveçin @NATO-ya qoşulması hər kəsin marağındadır. Onların qoşulması hamımızı daha təhlükəsiz edir. Böyük Britaniya Türkiyənin bu gün bunu yaxınlaşdıran addımlarını alqışlayır", – o, Twitter hesabında yazıb.

“Şantaj işlədi”

Vaşintqon iyulun 11-də bəyan edib ki, ABŞ administrasiyası Konqreslə məsləhətləşmədə Türkiyəyə F-16 qırıcılarının verilməsinə başlayacaq.

Bu barədə bəyanatı ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan verib.

Reuters xatırladır ki, bundan bir gün əvvəl Ankara İsveçin NATO-ya qoşulması üçün yaşıl işıq yandırmışdı.

Türkiyə ABŞ-dan Lockheed Martin Corp şirkətinin F-16 qırıcılarını almaq üçün hələ 2021-ci ilin oktyabrında müraciət etmişdi.

F-16 qırıcı təyyarələri və təyyarələrin modernləşdirməsi üçün 80 dəst ləvazimat paketinin toplam dəyəri 20 milyard dollardır.

Vilnüsdə açılmış NATO sammitinin ərəfəsində Sallivan bildirib ki, prezident Co Bayden “qırıcıların Türkiyəyə transferinə aydın razılıq verib”.

Reuters yazır ki, həm Türkiyə, həm də Bayden administrasiyasının rəsmiləri F-16 qırıcılarının verilməsinin Türkiyənin İsveçin NATO üzvlüyünə imkan verməsi ilə bağlı olduğunu inkar edirlər.

Lakin agentlik qeyd edir ki, bəzi diplomatların fikrincə Ərdoğan İsveçin NATO üzvlüyünü əngəlləməklə F-16 qırıcıları məsələsində Vaşinqtona təzyiq göstərirdi.

Fransanın ABŞ-dakı keçmiş səfirlərindən Jerar Arod Twitter-də bu xəbərlə bağlı qısa qeyd edib: “Şantaj işlədi”.

XS
SM
MD
LG