Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:58

Türkiyə podratçı şirkətlərinin Azərbaycandakı gəlirləri üç dəfə artıb


Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər (2022)

Türkiyə Podratçılar Birliyi ötən il xarici ölkələrdə çalışan podratçı şirkətlərin fəaliyyətinə dair hesabatını açıqlayıb. Açıqlanan bilgilərdən bəlli olur ki, Türkiyənin sözügedən şirkətləri 2022-ci ildə dünyanın müxtəlif ölkələrində toplam 17.8 milyard dollarlıq tikinti layihələri icra edib. Bu, 2021-ci illə müqayisədə təxminən iki dəfə az olsa da, nəzərə almaq lazımdır ki, 2020-ci ildə pandemiya üzündən bir çox işlər dayandırılmış, 2021-ci ildə icra edilmişdi. Həmin il nəticələrin yüksək olması məhz bununla bağlı idi. Ötən il qeydə alınan göstərici pandemiyadan öncəki rəqəmlərə yaxındır.

2022-ci ildə də Türkiyə şirkətləri ənənəni pozmayıb və ən çox Rusiyada toplam dəyəri 2 milyard 15 milyon dollarlıq layihələr gerçəkləşdirib. 2021-ci ildə Türkiyə şirkətlərinin Rusiyada gördüyü işlərin dəyəri 11 milyard dollar, 2020-ci ildə 4.6 milyard dollar, 2019-cu ildə 5.8 milyard dollar olub. Bu baxımdan, aydın olur ki, ötən il Rusiya iqtisadiyyatının yaşadığı problemlər Türkiyə şirkətlərinə təsirsiz ötüşməyib və investisiya layihələrinə ayrılan vəsaitlərdə azalma baş verib.

Azərbaycan bazarında böyük artış

Azərbaycan 44 günlük müharibə başa çatandan az sonra işğaldan qurtarılan ərazilərin bərpasına başladı. Bu prosesdə Türkiyə şirkətləri xüsusi fəallığı ilə seçilir. Həmin şirkətlər arasında "Kolin Group", "Cengiz Holding" "Kalyon Group" reputasiya baxımından elə parlaq sayılmasalar da, ən irilərdəndir. Onların üçü də Ərdoğan ailəsinə yaxınlığı ilə diqqət çəkir. Bu şirkətlərin yüksəlişi, dövlət tenderlərinə qatılması elə Ərdoğanın İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilməsindən sonra başlayıb. Dünya Bankının "İnfrastruktur investisiyalarında özəl sektorun iştirakına dair Məlumat Bazası"nda qeyd olunub ki, işğaldan qurtarılan ərazilərdə yol infrastrukturunun inşasına cəlb edilən "Kolin Group" (və ya "Koloğlu Holding"), "Cengiz Holding" və "Kalyon Group" dünyada ən çox dövlət tenderlərini qazanan şirkətlər arasında ilk onluqdadır. Türkiyədə bu şirkətlərə "vergi cənnəti" qurulub. Son 10 ildə "Cengiz" 30 dəfə, "Kolin" 36 dəfə, "Kalyon" 19 dəfə vergi və rüsum borclarından azad edilib.

Hesabatda əksini tapan göstəricilərdən aydın olur ki, müharibədən öncəki – 2019-cu ildə Türkiyə şirkətlərinin Azərbaycanda icra etdikləri layihələrin dəyəri 556 milyon dollar olub. Ötən il bu dəyər 1 milyard 765 milyon dollara yüksəlib və savaşöncəsi göstəricini üçqatına çıxarıb. Bu göstərici ilə Azərbaycan Türkiyə şirkətlərinin xaricdə ən çox tikinti fəaliyyəti gördüyü ikinci ölkə adını qazanıb. İndi Türkiyə inşaat şirkətlərinin xarici ölkələrdəki dövriyyəsində Azərbaycanın payı 10 faizdir. 2019-cu ildə bu pay cəmi 2.9 faiz idi. Prezident İlham Əliyev martın 16-da verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri artıq 3 milyard ABŞ dollar aşıb.

Türkiyə podratçı şirkətlərinin xaricdə ən çox layihə icra etdikləri ölkələrin ilk beşliyinə Rusiya və Azərbaycanla yanaşı, İraq (1.6 milyard dollar), Rumıniya (1.5 milyard dollar) və Özbəkistan (1.3 milyard dollar) da daxildir.

XS
SM
MD
LG