Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Türkiyəyə gedən türkmənistanlılar ‘zamin’ tapmalıdırlar


Aşqabadda mağaza qarşısında növbə
Aşqabadda mağaza qarşısında növbə

Türkiyəyə gedən Türkmənistan vətəndaşlarına hökumətə qarşı fəaliyyətlə məşğul olmayacaqları haqda bəyanat imzalatdırırlar. Onlar həmçinin səfərləri üçün “zamin” tapmalıdırlar. Bunu Türkmənistanda yerləşən insan haqları təşkilatı bildirir.

Bir müddət öncə Aşqabad Türkiyədən onu vizasız ölkələr siyahısından çıxarmasını istəmişdi. Bu, türkmən ekspatların avtoritar rejimə qarşı etirazlarından sonra baş vermişdi. Türkmənistan hökuməti isə xahişinə məhz həmin etirazların səbəb olmasını danıb, əslində xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək istədiyini bildirib.

Sentyabrda Türkiyə Türkmənistan vətəndaşları üçün yeni viza məhdudiyyətləri tətbiq etdi.

Türkmənistan Helsinki İnsan Haqları Federasiyası martın 6-də xaricdə yaşayan iki türkmən blogerlər ötən ay Türkiyəyə getmiş türkmənistanlının müsahibəsini yayıb.

Qadam adlı vətəndaş deyib ki, səyahət üçün “zamin”in gəliri azı 2 min manat (qara bazar məzənnəsiylə 100 dollar) olmalıdır.

“Zəmanət məktubu olmasa, viza verilmir. Şəxs viza bitənəcən evinə qayıtmasa, zamin işdən çıxarıla bilər”, – Qadam vurğulayıb.

Aktivizmlə məşğul olmamaq vədi

AzadlıqRadiosunun türkmən xidməti bu informasiyanı təsdiqlədib. Zamin dövlət qulluqçusu olmalıdır. Bu isə ailə üzvləri hökumətdə çalışmayan türkmənlər üçün problem yaradır.

Aktivizmlə məşğul olmamaq vədinə gəlincə, Qadam deyir ki, Türkiyəyə viza alandan sonra onu yerli polis şöbəsinə çağırıblar. Orada məcburən imza atdığı sənəddə vəd edib ki, “hokumətimizi tənqid edən yürüşlərdə və etirazlarda, internetdə siyasi məsələlər üzrə müzakirələrdə iştirak etməyəcək”.

İnternetdə siyasi baxımdan məqsədəuyğun sayılmayan videoları “bəyənmə”yə də qadağa da bəyanata salınıb.

“Freedom House” insan haqları təşkilatının martın 9-da yaydığı illik hesabatında Türkmənistan yenə də vətəndaş azadlıqlarına görə “pislərin pisi” seçilib, yalnız Suriya və Cənubi Sudandan geri qalıb.

220 min türkmən

Ancaq ölkənin on ilə yaxındır davam edən iqtisadi böhranı Türkiyəyə mühacirəti gücləndirib. Miqrasiya xidməti yanvarda Türkiyədə 220 min türkmənin olduğunu bildirib.

İki ilə yaxın ölkədən uçuşlara qadağa sayəsində bu tendensiya səngiyib. Koronavirus pandemiyasından dolayı tətbiq olunan tədbirlər ötən il qaldırılıb.

2020-ci ildə Türkmənistanın İstanbuldakı konsulluğu qarşısında başlanan nümayişlərdə Aşqabaddakı avtoritar sistem hədəfə alınıb. 2021-ci ildə bir neçə türkmən aktivist saxlanıb, deportasiya ilə hədələnib, sonradan azadlığa buraxılıb.

Ötən il İstanbuldakı konsulluqda beş fəala hücum olunub. Onlar ölkələrindəki insan haqları böhranıyla bağlı Prezident Sərdar Berdiməhəmmədova məktub təqdim etməyə gəlmişdilər.

Fəallar konsulluq işçisinin hücumuna məruz qaldıqlarını deyiblər.

Son illər Türkmənistan hakimiyyətinin gerçəkləşdirdiyi saysız qadağalar rəsmən açıqlanmayıb, yaxud əhaliyə izah olunmayıb.

Xaricə getməyə qadağalar artsa da...

AzadlıqRadiosu türkmən xidmətinin fevralda yaydığı xəbərə görə, ölkənin miqrasiya xidməti biometrik pasportların verilməsini müvəqqəti dayandırıb. Hökumətdəki mənbə pasportların verilməsini yavaşıtmaqla bağlı “şifahi göstəriş” olduğunu deyib.

Bundan başqa, pasportların yenilənməsi üçün müraciət edənlərə maneələr yaradılması haqda məlumatlar var.

Amma AzadlıqRadiosunun İstanbuldakı müxbirinin dediyinə görə, yeni qadağaların türkmənistanlıların Türkiyəyə axınını dayandırmasına dəlil yoxdur.

Müxbir deyir ki, son həftələr İstanbulda milli geyimdə, türkməncə danışan şəxslərin sayı artıb.

Qadam isə Aşqabadın mövqeyinin logistik olduğunu deyir. Belə ki, “xaricə daha çox adamın getməsi hakimiyyətə təhdidin artması deməkdir”.

“Ölkəmizdə iş yerləri, ərzağın qiyməti, korrupsiya ilə bağlı problemlər varmı? Əlbəttə, var. Onları həll etmək əvəzinə hakimiyyət adamları sıxışdırmaqla məşğuldur”, – Qadam vurğulayıb.

XS
SM
MD
LG