Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:18

Türkmənistan kurortlarında mövsüm bitir. Ərzaq qıtlığı, bahalanma...


Türkmənlər dövlət mağazasında subsidiyalı ərzaq üçün növbəyə dururlar.
Türkmənlər dövlət mağazasında subsidiyalı ərzaq üçün növbəyə dururlar.

Türkmənistanın Xəzər dənizi sahilindəki Balkan vilayətinin sakinləri yay tətilləri mövsümündə müvəqqəti olaraq ərzaq bolluğuna öyrəşirlər. Bu mövsüm iyundan sentyabrın sonunadək çəkir.

Həmin dönəmdə hökumət öz işçilərinə və ölkədəki digər məmurlara göstəriş verir ki, tətillərini avtoritar rejimin əziz-xələf layihəsi olan Avaza kurortunda keçirsinlər.

AzadlıqRadiosunun türkmən xidməti yazır ki, yay mövsümündə kurort regionlarındakı dövlət mağazalarına çoxlu subsidiyalı ərzaq verilir. Bu isə bu təcrid olunmuş Orta Asiya ölkəsində kök salmış ərzaq böhranı fonunda həm yerli sakinlərin, həm də tətilə gələnlərin işinə yarayır. Üstəlik, özəl ərzaq mağazaları, bazarlar qiymətləri salmağa məcbur olur.

Dükanlarda konfet və şirniyyat bolluğudur

Di gəl, tətil mövsümü bitdimi, ucuz ərzaq da yoxa çıxır. Bu haqda AzadlıqRadiosuna region paytaxtı Türkmənbaşı sakinləri danışıblar. Onlar gileylənirlər ki, düyü, yağ, ət, yumurta, kartof, soğan kimi əsas məhsullar hökumət mağazalarında nadir hallarda tapılır.

"Bu dükanlarda ərzaq seçimi də nəzərəçarpacaq dərəcədə azalıb. Bir çox mağazalar yalnız şirniyyat və konfet təklif edirlər, adamlar isə onları nadir hallarda alır", – radionun müxbirləri Balkandan xəbər verirlər.

Belə ərzaq qıtlığı isə özəl ticarətçilərin qonaqlar şəhərdən gedən kimi qiymətləri qaldırmasına səbəb olur.

Sentyabrın sonunda özəl supermarketlərdə bir qutu - 30 yumurtanın qiyməti 13 dollar idisə, bir neçə günün içində 16 dollaradək qalxıb. Bunu Türkmənbaşı sakinləri söyləyir.

Onlar yağ, un, düyü, kartof, soğan, kökün qiymətində də sıçrayışlar olduğunu deyirlər.

20 il əvvəl Avaza Xəzər dənizinin sahilində kiçik bir daça idi, lakin sonradan ovaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovun Türkmənistanda dünya səviyyəli turizm infrastrukturu qurmaq xəyallarının mərkəzi hissəsi kimi dəbdəbəli kurort şəhərciyinə çevrildi.
20 il əvvəl Avaza Xəzər dənizinin sahilində kiçik bir daça idi, lakin sonradan ovaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovun Türkmənistanda dünya səviyyəli turizm infrastrukturu qurmaq xəyallarının mərkəzi hissəsi kimi dəbdəbəli kurort şəhərciyinə çevrildi.

"Anbarlar bomboşdur"

Hökumət rəsmiləri məsələni AzadlıqRadiosuna şərh etməyiblər. Ancaq Türkmənbaşı şəhər hakimiyyəti üçün işləyən bir mütəxəssis ərzaq qıtlığını tətil mövsümü bitən kimi bu regionun mərkəzi hökumətin diqqətindən kənarda qalması ilə izah edir.

Təhlükəsizlik səbəbindən anonimlik şərti ilə danışan məmurun AzadlıqRadiosuna dediyinə görə, ərzaq anbarları bomboşdur.

"Bərəkət şəhər buğda məhsulları anbarında mal qalmayıb. Bu həftə 300 ton unun göndəriləcəyini gözləyirdik... amma gələn həftəyə təxirə salındı", – deyən rəsmi təxirə salmanın səbəbini açıqlamayıb.

"Lebap vilayətindən yağ, Marı və Ahal vilayətlərindən digər ərzaq məhsulları gözləyirdik. Gələn kimi hökumət mağazalarına paylayacağıq", – söyləyən mütəxəssis ərzağın Balkan mağazalarına nə vaxt çatacağını bilmədiyini etiraf edib.

Ərzaq növbələri

Türkmənistanda dövlət qastronomlarında satılan ucuz mallar bir çox türkmən üçün həyati əhəmiyyətlidir. Ölkədə ərzaq qıtlığı, yoxsulluq dərinləşir, işsiz artır, azı son altı ildə ümumi iqtisadi azalma gedir.

Son illər güzəştli ərzağın həcmi və seçimi də davamlı azalır, adamlar un və ət üçün saatlarla növbə tuturlar.

Bəzi yerlərdə hökumət mağazaları ərzağı müştərilərin evlərinə göndərirlər ki, adamlar uzun növbələr yaratmasınlar.

İyunda Avazada adətən boş qalan otellərə çoxlu ziyarətçilər, o cümlədən yüksək vəzifəli hökumət rəsmiləri gəlir.

Sonuncu dəfə isə Balkan sakinləri 27 sentyabr -Müstəqil Günü tədbirləri öncəsi çoxlu ərzaq görüblər. Onda hökumət Kenar bazarında ucuz qiymətlərlə ərzaq yarmarkaları təşkil edib. Türkmənistanda mühüm bayramlar adətən təmtəraqlı paradlar, konsertlər, ərzaq sərgiləri ilə qeyd olunur.

Sonuncu turistlər gedincə, tədbirlər bitincə bütün bunlar yox olur və yerli sakinlər acgözlüklə 2024-cü ilin yay tətillərini gözləyir.

XS
SM
MD
LG