Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:02

Türkmənlərə toylarda ata Berdiməhəmmədovun mahnılarını oxumaq əmri verildi


Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin Avaza kurort şəhərinə səfəri zamanı mahnı ifa edir.
Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin Avaza kurort şəhərinə səfəri zamanı mahnı ifa edir.

Türkmənistanda vətəndaşların həyatına dövlətin sərt nəzarəti var. İndi buna bir tələb də əlavə edilib. Etnik müxtəlifliyi ilə seçilən Balkan vilayətinin hökuməti toylarda xarici mahnıların çalınmasını yasaqlayıb və məclislərdə türkmən musiqisinə üstün yer ayırmaq əmri verilib.

İşin ən pis tərəfi odur ki, yerli sakinlərin və regional hökumətə yaxın qaynaqların söylədiyinə görə, toy sahiblərinə keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun mahnılarını səsləndirmək əmr edilib. Bilindiyi kimi, Berdiməhəmmədov elə də gözəl musiqi qabiliyyəti ilə tanınmır.

Türkmənistanda, çox vaxt olduğu kimi, bu dəfə də heç bir rəsmi açıqlama yoxdur. Ancaq sakinlərin AzadlıqRadiosuna bildirdiyinə görə, yeni gəlin və bəylərə nikahlarını qeydiyyatdan keçirdikləri zaman şifahi təlimatlar verilir.

Toyda 80 faiz türkmən musiqisi?

"Qeydiyyat idarəsinin əməkdaşları gələcək cütlükləri toy məclislərində yalnız türkmən musiqisinin çalınmalı və toyun türkmən tərzində keçirilməli olduğu barədə xəbərdarlıq edirlər", - Balkan vilayətindəki mənbələrdən biri deyib.

Toy məkanları, restoran və banket zallarının sahib və işçiləri də son həftələrdə yeni qaydalar barədə bilgiləndirilib.

Qurbanqulu Berdiməhəmmədovun portreti türkmən şadlıq evinin divarını bəzəyir.
Qurbanqulu Berdiməhəmmədovun portreti türkmən şadlıq evinin divarını bəzəyir.

"Restoran sahibləri çalınan mahnıların, azı, 80 faizinin türkmən musiqisi olmasına göz qoyurlar", - adının çəkilməsini istəməyən bir restoran işçisi AzadlıqRadiosuna belə deyib.

Türkmənistanda məmur əmrinə tabe olmamaq və hökumətin siyasətini tənqid etmək qətiyyən dözümlü qarşılanmır.

Bir restoran işçisi bu yaxınlarda keçirilən və, əsasən, türkmən musiqisi ilə müşayiət olunan toyda Berdiməhəmmədovun iki mahnısının çalındığını bildirib: "[Berdiməhəmmədovun] mahnılarının hərəsi 7 dəqiqəlik idi, DJ də onları iki dəfə oxutdu".

Türkmənistanı 15 il yönəldən Berdiməhəmmədov 2022-ci ilin martında sərt nəzarət altında keçən seçkilərdə hakimiyyəti oğlu Sərdara ötürüb.

Özü üçün yeni nüfuzlu vəzifə "düzəldən" ata Berdiməhəmmədov indi Xalq Şurasının sədridir. O, daha öncə zövqsüz mahnıları və özünü musiqi alətlərində ifa edirmiş kimi göstərdiyi səhnələşdirilmiş konsert və qəribə videoları ilə gündəmə gəlmişdi.

"Toydan çox hökumət tədbirinə oxşayırdı"

Balkan vilayətinin çoxmillətli mərkəzi Balkanabatın və yaxınlıqdakı Türkmənbaşı şəhərinin sakinləri onların öz ana dillərində mahnı səsləndirməsinə imkan verməyən bu yenilikdən narazı və qəzəblidirlər. Bu iki şəhərdə çox sayda etnik azlıq nümayəndəsi, o cümlədən ruslar, azərbaycanlılar və ermənilər yaşayırlar.

İştirakçılar Aşqabadda türkmən toyuna toplaşırlar.
İştirakçılar Aşqabadda türkmən toyuna toplaşırlar.

"Toyda yalnız türkmən musiqisi və "kuşdepti" (türkmən milli rəqsi) çalındı və biz də o havalara oynamalı olduq", - gəlin, bəy və qonaqların çoxunun etnik türkmən olmadığı toy haqda təəssüratını bölüşən bir Türkmənbaşı sakininin sözləridir.

"Toydakı nitqlər ölkə prezidentinin mədhi ilə dolu idi. Toy məkanının divarlarında isə Berdiməhəmmədovun üç portreti asılmışdı", - toyun başqa bir qonağının söylədikləridir.

"Toydan çox hökumət tədbirinə oxşayırdı. Hər kəs hökumətin şəxsi həyatımıza bu dərəcədə çox müdaxiləsindən son dərəcə narazı idi", - yenə həmin qonağın sözləridir.

AzadlıqRadiosu açıqlama üçün bölgə hökuməti ilə əlaqə saxlamağa çalışsa da, heç bir cavab ala bilməyib.

Daha öncə Daşoğuz və Lebap vilayətlərində də etnik özbəklərə öz toy mərasimlərində türkmən mahnıları çalmaq və ənənəvi türkmən geyimləri geymək tapşırıldığına dair xəbər yayılmışdı.

XS
SM
MD
LG