Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:36

Türkmənistanın yeganə mobil operatoru SIM-kartların satışını dayandırıb


TMCell-in reklam lövhəsi
TMCell-in reklam lövhəsi

Türkmənistanda yeganə mobil rabitə operatoru “Altın Asır” mobil telefonlar üçün yeni SIM-kartların satışını dayandırıb.

Bu barədə xəbəri AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık verib.

Vəziyyətlə tanış olan bir Aşqabad sakini müxbirə deyib ki, şirkətin əməkdaşları yenicə pasport almış 16 yaşlı vətəndaşlara SIM-kartların satışından imtina edirlər. Onlar bunu sərbəst telefon nömrələrinin olmaması ilə əsaslandırırlar.

Həmin sakinin sözlərinə görə bundan əvvəl SIM-kart almaq istəyənləri növbəyə yazırdılar, lakin artıq bunu da etmirlər.

TMCell ticarət brendi ilə işləyən “Altın Asır” şirkətinin rəhbərliyi bildirir ki, onun SIM-kartların sayını artırmaq üçün texniki imkanları yoxdur.

Türkmənistanda mobil rabitə üzrə inhisarçı olan “Altın Asır” yeni SIM-kartların satışını əslində ötən ilin yazından məhdudlaşdırıb.

Oktyabr ayında SIM-kart almaq istəyənlərin növbələri yaranmışdı. Bu növbədə bütün yerlər 2024-cü ilin yazınadək dolu idi.

Özbəkistanın SIM-kartlarından istifadənin qarşısı alınır

Ötən həftə verilən başqa bir xəbərdə deyilirdi ki, Türkmənistanın güc strukturları ölkənin Özbəkistanla həmsərhəd regionlarında reydlər keçirirlər.

AzadlıqRadiosunun Türkmən xidmətinin iki rəsmi mənbəyə istinadla verdiyi məlumata görə məqsəd bu bölgələrdə Özbəkistanın mobil operatorlarına aid SIM-kartlardan istifadə edənlərin müəyyənləşdirilməsidir.

Xəbərdə deyilirdi ki, Özbəkistan operatorlarının mobil rabitəsindən Türkmənistanın həmsərhəd Daşoğuz və Lebap vilayətlərində istifadə etmək mümkündür.

Bu rabitə internetə giriş imkanı verir, halbuki Türkmənistanın özündə internet demək olar tamamilə bloklanıb və ölkədə yalnız bir dövlət operatoru – “Altın Asır” mövcuddur.

Hakimiyyətin narahatlığı

Bu da xəbər verilirdi ki, Milli Təhlükəsizlik Nazirliyinə Özbəkistan mobil operatorlarının rabitəsindən istifadə edənlərin telefonlarının yoxlanması tapşırılıb.

Əgər belə rabitəsi olan şəxslərin xarici təşkilatlarla əlaqədə olması və ya onlardan hər hansı yardım alması məlum olarsa, belə şəxslər casusluq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar.

Şərhçilər bildirirlər ki, onsuz da dünyanın ən qapalı dövlətlərindən biri sayılan Türkmənistanda hakimiyyət vətəndaşların informasiyaya çıxışını son dərəcə məhdudlaşdırıb.

Hakimiyyət informasiyanın həm ölkəyə gəlməsindən, həm də çıxmasından nigarandır.

Türkmənistan interneti sürətinə görə dünyada ən zəif internet sayılsa da, ondan istifadə olduqca bahadır.

Türkmənistanda artıq bir neçə ildir ki, Facebook, Twitter və YouTube kimi platformalar, habelə müstəqil xəbər agentliklərinin saytları bloklanıb.

XS
SM
MD
LG