Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:58

Türkmənistanda uşaqların pambıq yığması qadağan edilir


Türkmənistanda 18 yaşınadək şəxslərin pambıq yığımında iştirakını qadağan edən qanun qüvvəyə minib.

Rəsmi media yazır ki, ölkənin əmək və sosial müdafiə naziri Muxammatseyit Sılapov bu barədə müvafiq sərəncam imzalayıb.

Sənəd iyulun 12-də təsdiq edilib. Bu sərəncamla uşaqların sağlamlığı üçün təhlükəli olan işlərin siyahısına iki yeni bənd əlavə olunub: “pambıqyığan” və “pambıqçı”.

Lakin tənqidçilər bildirirlər ki, Türkmənistanda böyüklər və uşaqların məcburi əməyindən yalnız pambıq yığımında deyil, onun becərilməsində də istifadə edilir.

Hər il minlərlə büdcə təşkilatı işçiləri pambıq tarlalarına göndərilir. Söhbət əsasən də kənd məktəblərinin müəllimlərindən, kommunal xidmət işçilərindən və müddətli hərbi xidmətdə olanlardan gedir.

Turkmen.news saytı yazır ki, ölkədə pambıq tarlalarına cəlb olunan uşaqların sayı artmaqda davam edir.

Beynəlxalq tənqid

Beynəlxalq insan haqları təşkilatları Türkmənistanı məcburi əməkdən və uşaq əməyindən istifadəyə görə tənqid edirlər.

ABŞ qanunları qul və ya uşaq əməyinin istismarı ilə yaradılmış məhsulların ölkəyə idxalını qadağan edir. Türkmənistan pambığından hazırlanmış geyim əşyaları da bu kateqoriyaya daxildir.

2021-ci ildə Avropa Parlamentinin deputatları Türkmənistanda qul əməyinin istismarı ilə hazırlanmış malların Avropaya idxalını qadağana çağıran qətnamə qəbul ediblər.

Responsible Sourcing Network saytının məlumatına görə 2022-ci ilin 22 iyuluna qədər 141 dünya brendi Türkmənistan pambığından istifadə olunmamasına dair kampaniyaya qoşulub.

XS
SM
MD
LG