Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:49

Türkiyə Yunanıstanı ‘dəniz quldurluğunda’ ittiham edir


Türkiyə avqustun 31-də Yunanıstanı “dəniz quldurluğunda” ittiham edib və bildirib ki, Afinanın onun sahilləri yaxınlığındakı adaları hərbiləşdirmək cəhdlərinin qarşısını alacaq.

Ankara bundan əvvəlki bəyanatında bildirirdi ki, Yunanıstan belə adalardan birində qoşun cəmləşdirir və bu, beynəlxalq müqavilələrə ziddir.

Associated Press agentliyi yazır ki, Almaniyanın vasitəçilik cəhdlərinə baxmayaraq iki NATO müttəfiqi – Türkiyə və Yunanıstan arasında dəniz sərhədləri və enerji kəşfiyyatı işlərinə görə qorxulu qarşıdurma davam edir.

Bu qarşıdurmanın yaranmasına səbəb Türkiyənin hərbi gəmilərin müşayiəti ilə neft-qaz kəşfiyyatı gəmisini axtarış sularına göndərməsi olub. Bundan əvvəl hər iki ölkə bir-birlərinin sərhədləri yaxınlığında dəniz manevrləri keçiriblər.

Avropa İttifaqının üzvü olan Yunanıstan iddia edir ki, sözü gedən dəniz ərazisi onun coğrafi sahil şelfinin bir hissəsidir. İttifaqın 27 üzvü Yunanıstanın mövqeyini dəstəkləyir.

Avropa İttifaqı Türkiyənin “qanunsuz hərəkətlərini” pisləyib və Ankaranı sanksiyalarla hədələyib.

Türkiyə isə Yunanıstanın iddialarını rədd edir və bildirir ki, dəniz sərhədlərinin delimitasiyası zamanı Yunanıstan adaları nəzərə alınmamalıdır.

Ankara Afinanı şərqi Aralıq dənizinin bir hissəsini qanunsuz şəkildə mənimsəmək cəhdində ittiham edir.

Kim qurban verməyə hazırdır?

Bu yaxınlarda Yunanıstan və Kiprin keçirdiyi birgə dəniz və hava manevrlərində Fransa, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edirdilər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan avqustun 30-da bildirmişdi ki, o ölkəsinin şərqi Aralıq dənizindəki hüquqlarının müdafiəsi üçün qurbanlar verməyə hazırdır.

O Yunanıstan və Fransa xalqlarının da öz liderlərinin “hərislik və acgözlüyü” ucbatından eyni qurbanları verməyə hazır olduqlarını sual edib.

Avqustun 30-da Türkiyə hakim partiyasının sözçüsü Ömer Çelik Yunanıstanın onun öz sahillərindən 600 kilometr aralıda olan Kastellorizo adasına gizli şəkildə qoşun göndərdiyinə dair xəbərlərlə bağlı şərh vermiş və bunu “dəniz quldurluğunun yeni növü” adlandırmışdı.

O demişdi ki, “Türkiyənin üstünə silah çəkmək ağılsızlıqdır”.

1947-ci il müqaviləsi

Türkiyə XİN-in sözçüsü Hami Aksoy isə demişdi ki, bu xəbərlər doğrudursa, onda deməli Afina 1947-ci il müqaviləsini pozub:

“Biz vurğulayırıq ki, sahillərimizin düz qarşısında belə təxribatların məqsədinə çatmasına imkan verməyəcəyik. Əgər regionda gərginliyi artıran addımlar davam edərsə, məğlub tərəf Yunanıstan olacaqdır”.

Yunanıstan hökuməti hələki bu ittihamlarla bağlı heç bir şərh verməyib. Yunanıstanın müdafiə rəsmiləri bildirirlər ki, əsgərlər Kastellorizo adasına rotasiya qaydasında göndərilib və Yunanıstan bu adada qoşun cəmləşdirmir.

Yunanıstan rəsmiləri bunu da deyirlər ki, Afina ölkəyə təhlükə yarandığı şəraitdə müdafiə qüvvələri yeritmək hüququna malikdir.

Afina bunu da vurğulayır ki, Türkiyə cənub-şərqi Egey dənizindəki adaları Yunanıstana verən 1947-ci il müqaviləsinin ümumiyyətlə tərəfi deyil.

XS
SM
MD
LG