Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:18

​Dollarla ifadədə Azərbaycanda ÜDM-nin azalmasının səbəbləri


Fəhlə bazarının günəmuzd qadınları: 'Xoş günlə yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00

Fəhlə bazarının günəmuzd qadınları: 'Xoş günlə yaşamaq istəyirəm'

Azərbaycan iqtisadiyyatı, hələ də dollarla ifadədə devalvasiyalardan əvvəlki səviyyəyə çatmayıb. Söhbət 2015-ci ildə manatın təqribən 100 faiz dəyər itirdiyi iki ardıcıl devalvasiyalardan gedir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu təqribən 72.3 milyard dollara bərabərdir.

2014-cü ildə isə ÜDM 59 milyard manat və ya 76 milyard dollar olmuşdu. Azərbaycan Mərkəzi Bankının proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3,5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5,5 faiz civarında olacağı gözlənilir. Qurumun açıqlamasında deyilir ki, 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək.

Lakin Azərbaycanda faktiki iqtisadi artım bir çox qonşu ölkələrdən belə aşağıdır. Məsələn, qonşu Gürcüstanda ötən ildə ÜDM-in artımı 7,5 faiz, Ermənistanda 8,3 faiz, Rusiyada 3,5 faiz, Qazaxıstanda 4,9 faiz təşkil edib.

“Neft hasilatı azalıb və qaz qiymətləri aşağı…”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, Azərbaycan iqtisadiyyatı postpandemiya dövründə artmağa başlayıb:

“Həmin artım bütün son illərdə davam edib. Bu da müsbət faktordur. Rəqəmlərə gəlincə isə, burada hətta inkişaf etmiş ölkələrin ÜDM-nə baxsaq, görərik ki, orada artım çox cüzi və hətta neqativ göstəricilərlə olub. Məsələn, Almaniyada koronavirus pandemiyasından (2020-2021) əvvəlki illərlə müqayisədə 2023-cü ildə ÜDM-in artımı cəmi 0,7 faiz olub”.

Deputat Azərbaycanda ÜDM-in artımının məhz belə göstəricilərlə olmasını bir neçə səbəblərlə izah edib: “Neft hasilatı azalıb və qaz qiymətləri aşağı düşərək sabitləşib. Bu da təsir göstərir. Amma bu gün biz deyə bilərik ki, ÜDM-i təşkil edən məhsulların 50 faizindən çoxu qeyri-neft sektoruna aiddir. Bunu büdcə gəlirlərin rəqəmləri da təsdiqləyir. Yəni, biz qeyri-neft sektorunun inkişafı yolu ilə gedirik. Xüsusi sevindirici hal odur ki, qeyri-neft ixracımız da artır”.

R.Quliyev hesab edir ki, artım olmadan iqtisadi inkişaf mümkündür. Belə ki, hətta ÜDM-in 1 faizlik artımla diversifikasiya və iqtisadiyyatın güclənməsi hesabına ekstensiv inkişaf yolundan intensiv inkişaf yoluna keçməklə inkişafa nail olmaq olar. O, qeyd edib ki, 2024-cü ildə Azərbaycanda iqtisadi artım daha böyük olacaq: “2,4-2,5 faizlik ümumi iqtisadi artımla və 5 faizlik qeyri-neft sektorun artımı ilə bağlı proqnoz var. Ən əsası odur ki, artım müsbətdir. Əgər biz ölkəmizin makroiqtisadi göstəricilərini onlarla ölkələrin göstəriciləri ilə müqayisə etsək, görərik ki, bizdə mənzərə daha yaxşıdır”.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərə nəhəng investisiyalar yatırılır: “Onlar öz effektini 2-3 ilə göstərəcək. Orada iqtisadi artım templəri Azərbaycanın digər rayondakılarını üstüləyəcək. Bundan əlavə bizim qızıl-valyuta ehtiyatımız 70 milyard dollara çatıb, biz yaşıl energetikanı inkişaf etdiririk. Bütün bunları nəzərə alaraq ölkələrin çoxu razılaşıblar ki, Azərbaycan postsovet məkanında iqtisadi inkişaf mərkəzinə çevrilir”.

“Beynəlxalq statistikalarda da ÜDM məhz dollarla ölçülür”

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın ÜDM-nin dollarda ifadədə indiki ümumi həcmi devalvasiyadan əvvəlki həcmi ilə müqayisə olunmazdır: “Çünki manatın iki dəfədən çox dəyərdən düşməsi dollar ifadəsində ümumi daxili məhsula təsir göstərir. Beynəlxalq statistikalarda da ÜDM məhz dollarla ölçülür və müqayisə olunur. Görünən də odur ki, biz dollar ifadəsində devalvasiyadan öncəki səviyyəyə belə gəlib çata bilməmişik”.

Onun sözlərinə görə, 2023-cü ildə MDB məkanında ən aşağı ümumi daxili məhsulun artım tempi Azərbaycanda qeydə alındı: “Bunun ənənəvi səbəbi neft-qaz məsələsidir. Nefti qiyməti 2023-cü ildə gözləntilərdən daha aşağı oldu və ən vacibi Azərbaycanda hasilatın kəskin azalması müşahidə olundu. Biz hasilatın pik nöqtəsini çoxdan keçmişik və indi hər il neft hasilatı azalır”.

O, qeyd edib ki, hasilat azaldıqca bu bütün makroiqtisadi göstəricilərə, o cümlədən ÜDM-ə təsir göstərir: “Amma ənənəvi xroniki xəstəlikləri də Azərbaycanın ÜDM-nin artım tempinin aşağı olmasına təsir göstərir. Bunlar doğru olmayan vergi- gömrük siyasəti, təşviq sisteminin az olması, kiçik və orta sahibkarlığa dəstəyin, iqtisadi aktivliyin aşağı, quru sərhədlərin bağlı olmasıdır”.

2020-ci ilin əvvəlindən koronavirus pandemiyası səbəbi ilə Azərbaycanın qonşu ölkələrlə quru sərhəddə gediş-gəlişi məhdudlaşdırılıb. Dünya Səhiyyə Təşkilatı pandemiyanın artıq başa çatdığını açıqlasa da, hökumət bu məhdudiyyəti aradan qaldırmır. Rəsmilər indi bunu əsasən təhlükəsizlik amili ilə izah edirlər.

Üstəlik, Natiq Cəfərlinin əlavə etməsinə görə, Azərbaycanda qeyri-neft sektorunun ÜDM-dəki payı elə aşağı səviyyədədir ki, orada hətta 10 faizlik artım belə makroiqtisadi göstəricilərə ciddi təsir göstərməyəcək: “Azərbaycanda qeyri-neft sektoruna resurs iqtisadiyyatının bəzi qolları aid edilir. Məsələn, elektrik enerjisinin, qızılın istehsalı və ixracatı bizim hökumətin təsnifatında qeyri-neft sektoru sayılır. Halbuki, bu da resurs iqtisadiyyatıdır. Məhz ona görə də qeyri-neft sektorunda artım qeydə alınır”.

XS
SM
MD
LG