Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Ukrayna məmur və hərbçilərinə Telegram-dan istifadə qadağan olundu


Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası ölkə məmurlarına, hərbçilərə və, təhlükəsizlik və müdafiə sahəsi əməkdaşlarına, habelə həyatı əhəmiyyətli infrastruktur işçilərinə xidməti cihazlarda Telegram messencerindən istifadəni qadağan edib.

Şuranın məlumatında deyilir ki, qadağandan məqsəd təhlükələrin minimuma endirilməsidir.

Bu da qeyd olunur ki, qadağandan istisna yalnız işi bu messencerlə bağlı qulluqçulara ediləcək.

Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin iclasında Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Rusiya xüsusi xidmətlərinin Telegram messencerindən istifadə edənlərin şəxsi məlumatlarına girişi ola bilər.

Ukrayna Təhlükəsizlik Xidməti – SBU və Ukrayna ordusu baş qərargahının nümayəndələri deyiblər ki, Rusiya Telegram messencerindən kiberhücumlar, habelə istifadəçilərinin geolokasiyasının müəyyənləşdirilməsi və raket zərbələrinin korrektə edilməsi üçün istifadə edir.

Telegram Ukraynanın bu qərarı ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Dövlət və xüsusi xidmətlərin təzyiqləri

Telegram 2013-cü ildə Rusiyada Pavel Nikolay Durov qardaşları tərəfindən istismara verilib. Hazırda şirkətin ofisi Dubayda yerləşir. Pavel Durov dəfələrlə gileylənib ki, istifadəçilərin məlumatlarına giriş tələb edən dövlət və xüsusi xidmətlərin təzyiqləri ilə üzləşir.

Rusiya vətəndaşlığından başqa Fransa, BƏƏ və Sent-Kits və Nevis Federasiyasının pasportlarına malik Pavel Durov hazırda Fransada istintaq altındadır.

Ona ölkədən çıxmaq qadağan olunub. Fransa hakimiyyəti Durovu polis və xüsusi xidmətlərin tələblərini rədd etməsi ilə bağlı bir sıra cinayətlərdə ittiham edir.

Durov ötən avqustda Parisdə saxlandıqdan sonra Rusiyanın Baza resursu mənbələrə istinadla yazırdı ki, Rusiyada güc nazirliklərinin işçilərinə, prezident administrasiyasının əməkdaşlarına Telegram-dakı xidməti yazışmaları silmək tapşırılıb.

Lakin Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı təsdiq etməmişdi. O bildirmişdi ki, dövlət məmurları işdə ümumiyyətlə heç bir messencerdən istifadə etməməlidirlər.

XS
SM
MD
LG